Parlamentari: Prezidentin müsahibəsi siyasi iradə və xalqımıza sədaqət nümunəsidir

 Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı təyyarəsinin Aktau şəhəri yaxınlığında q*za enişi etməsi Azərbaycan cəmiyyətində və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.
 Dövlət başçısının AzTV-yə  müsahibəsi bir çox qaranlıq məqamların aydınlığa qovuşmasında müstəsna rol oynayıb. İlham Əliyev hələ də cavabı tapılmayan sualları səsləndirib.
Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli olub?  Şübhəsiz ki, sualların hamısı təyyarənin “qara qutu”larının şifrələrinin çözülməsindən sonra ortaya çıxacaq.

Ölkə başçısının rəsmi televiziyaya  müsahibəsi AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra baş verən hadisələrə aydınlıq gətirən və dövlətin məsuliyyətli mövqeyini ifadə edən vacib bir çıxış idi. Müsahibədə Prezident qəzanın təsirlərini dərhal nəzarətə götürdüyünü, dövlət səviyyəsində operativ tədbirlər görüldüyünü və hadisənin hərtərəfli araşdırılacağını qeyd etdi.

 İlham Əliyevin həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verdikdən sonra AZAL-ın təyyarəsinin fonunda verdiyi müsahibə yalnız Rusiyanın, onun çirkli əməllər törədən dairələrinin hadisəni ört-basdır etmə planlarını puç etmədi, həmçinin sərhədlərimizin daxilində və xaricində yaşayan “sapı özümüzdən olan balta”ların da iddiaları alt-üst etdi.
İlham Əliyev göstərdi ki, o, əsl lider və müstəqil ölkənin başçısı olaraq öz xalqının və dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir.
Prezidentin hadisə ilə bağlı verdiyi müsahibədə Rusiya tərəfinin məsuliyyətini etiraf etməsi, üzr istəməsi və təzminat ödəməsi kimi konkret tələblər irəli sürüldü. 
 
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Sherg.az”a açıqlamasında deyib ki, təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edən cənab Prezident İlham Əliyevin hadisə ilə bağlı AZTV- yə verdiyi müsahibə rəsmi Bakının mövqeyini  bir daha nümayiş etdirib: 
"Ölkə başçısı baş vermiş qəza ilə əlaqədar sərt, prinsipial və qərarlı yanaşma sərgilədi. Azərbaycanın Rusiyadan tələbləri sadəcə beynəlxalq hüquq və insani dəyərlər çərçivəsindədir və rəsmi Moskva irəli sürdüyümüz bütün şərtləri qəbul etməlidir.
Prezidentin fikirləri sadəcə emosional reaksiya deyil, bu, Azərbaycan dövlətinin qətiyyətli və prinsipial mövqeyinin ifadəsi idi. Prezident İlham Əliyev vurğuladı ki, Rusiya tərəfi ilk üç gün ərzində məsələni ört-basdır etməyə çalışaraq cəfəng versiyalar irəli sürüb. 
 Lakin Azərbaycan lideri bu cür cəhdlərin qarşısını qətiyyətlə aldı və məsələnin həqiqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırdı.
 Rusiya Azərbaycanın qonşu ölkələrindən biridir, ancaq münasibətlərin yaxşı olması səhvlərin ört-basdır edilməsinə dəlalət etmir. Bu cür hadisələrdə məsuliyyətin etiraf olunması və lazımi addımların atılması münasibətlərin daha sağlam əsasda davam etməsi üçün vacibdir.
Bu müsahibə, təkcə konkret bir hadisəyə cavab olaraq deyil, həm də aviasiya təhlükəsizliyinə olan diqqətin artırılması və bu sahədəki standartların təkmilləşdirilməsinə bir çağırış kimi böyük əhəmiyyət daşıyır. Prezidentin verdiyi mesajlar Azərbaycanın beynəlxalq səviyyədə məsuliyyətli tərəfdaş olduğunu, hadisələrə operativ reaksiya vermək və şəffaf araşdırmalar aparmaq öhdəliyini nümayiş etdirdi. Təyyarə qəzası ilə bağlı görülən tədbirlər, həm dövlətin öz vətəndaşlarına olan qayğısını, həm də qlobal əməkdaşlığa olan sədaqətini bir daha təsdiqləyir.
Müsahibə həmçinin, gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı strategiyanın vacibliyini vurğulayır. Bu, həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanın məsuliyyətli və etibarlı tərəfdaş olaraq mövqeyini gücləndirən bir çıxış oldu".

Xanım millət vəkili əlavə edib ki,  təyyarəmiz Rusiya HHM qüvvələri tərəfindən kənar müdaxiləyə məruz qalaraq qəza edib. Təbii ki, bu qəsdən törədilməyən bədbəxt hadisədir və motivlər artıq bəllidir:
 "Lakin, Kreml rəsmiləri təkzib olunmaz faktların olmasına rəğmən dövlət ədəbinə, dövlətçilik ənənələrinə yaraşmayacaq tərzdə ritorika sərgiləməklə öz nüfuzlarına xələl gətirdilər. 
Belə olduğu təqdirdə cənab pezidentin fikirləri dövlətimizin suverenliyi və vətəndaşlarımızın təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətlidir. Ölkə  başçısının hadisə baş verdiyi gün MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakdan geri qayıtması siyasi iradə və xalqımıza sədaqət nümunəsi idi.
Ölkə Prezidentinin nümayiş etdirdiyi qətiyyət və siyasi iradə dövlətimizin gücünün və prinsipial mövqeyinin ifadəsi kimi bütün dünyaya nümayiş etdirildi. Və bir daha Azərbaycan dövlətinin məsuliyyətli və xalqına çox sədaqətli olduğu ifadə olundu".