Lokal antiterror tədbirləri: Bakı düzgün informasiya siyasəti apardı

Qlobal geostrateji rəqabətləri nəzərə alaraq əməliyyatların uyğun geosiyasi şərtləri və nəticələri əvvəlcədən hesablanmışdı


  Lokal antiterror tədbirlərin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin sentyabrın 19-da yaydığı bəyanata dair şərhində yer alıb. A.Hacızadə, həmçinin qeyd edib ki, sülhpərvər ölkə olduğunu iddia etməsinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı Qarabağın “Dağlıq Qarabağ” kimi qondarma adlarla çağırılması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizliyin bariz nümunəsidir: "Ötən il sentyabrın 19-20-də Silahlı Qüvvələrimiz tərəfindən cəmi 24 saatdan az bir müddətdə öz suveren ərazilərimizdə aparılan antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib. Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir. 2023-cü il sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 vətəndaşımızın həlak olması isə Azərbaycanın səbir kasasının daşmasına səbəb oldu və antiterror tədbirlərini qaçılmaz etdi". Vurğulanıb ki, Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəfə alınmayıb: "Mülki infrastruktura zərər vurulmayıb, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarılıb. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq olunan reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar veriblər. Bu, onların azad seçimi idi və bunu “etnik təmizləmə” kimi qələmə vermək Ermənistandan və işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıları kütləvi şəkildə qovan, soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın riyakarlığını nümayiş etdirir". 
  
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, qlobal geostrateji rəqabətləri nəzərə alaraq əməliyyatların uyğun geosiyasi şərtləri və nəticələri əvvəlcədən hesablanmışdı. Ekspertə görə, əməliyyatlardan təxminən 20 gün sonra HƏMAS-İsrail görünməmiş genişmiqyaslı müharibəsinin başlamasının Qafqaza da mənfi təsirləri qaçılmaz idi:

"Deməli, Azərbaycan İranın Cənubi Qafqazda aktiv fazalı hərəkətinə səbəb olacaq Yaxın Şərq regionundakı hadisələr barədə əvvəlcədən kəşfiyyat məlumatlarına sahib idi. Buna görə də Azərbaycan-İran təmasları Tehranı regional nəticələrə hazırlamaq baxımından önəm daşıyırdı. Ən vacib nöqtə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaza təsirlərini ölçmək idi. Əslində, proses 2022-ci ilin dekabrında Laçın yolunda ekoaktivistlərin aksiyası ilə bu mərhələdə ilkin praktik addımlar idi. Avropa İttifaqı formatında isə Bərdə-Xankəndi yolu ilə daşımalar barədə razılıq əldə edildi. Ancaq Ermənistan bunu sabotaj etməyə qərar verdi. Rusiya-Azərbaycan gərginlikləri də başlamışdı. Buna görə də Bakı düzgün informasiya əməliyyatları apardı. Bu həm Moskva ilə əlaqələrin xatırladılması, həm də gərginliklərin Kreml üçün mənfi nəticələrini yada salmaq üçün aparılan informasiya əməliyyatlarını özündə ehtiva edirdi. Qərbdən Azərbaycana qarşı başlanan təzyiqlər (humanitar karvan şousu) Bakını antiterror əməliyyatlarının geosiyasi vektorlarını tənzimləməyə imkan yaratdı. Yəni Bakı provakasiyaları fürsətə çevirdi və nəticədə Qərb özü də bilmədən Azərbaycanın əlinə oynadı. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Azərbaycan dövlətinin qərarları ilə belə demək mümkünsə, separatizmin məhvi üçün mühasirə tuneli yaradılırdı. Bu, Azərbaycanın elit qüvvələrinin bilinən və bilinməyən əməliyyatları, yeni hərbi hissələrin yaradılması ilə müşayiət olunurdu. Bura hələ əvvəldən aparılmış bir neçə silahlı tədbir də daxil idi. Təbii ki, bütün bunlar döyüş meydanı üçün koridor açırdı və qəhrəman hərbiçilərimiz öz sözlərini hərb meydanında dedilər".