Rast gəlinən minaların böyük əksəriyyəti Ermənistanın öz istehsalıdır
İşğaldan azad edilmiş ərazilərimiz minalar və ölüm saçan partlamamış hərbi sursatlarla ciddi şəkildə çirkləndirilib. Faktlar məsələnin nə qədər aktual olduğunu göstərir. Təxmini hesablamalara görə, ermənilər 30 il ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazisində 1,5 milyona yaxın mina basdırıblar. Ermənistanın təhvil verdiyi mina xəritələrinin dəqiq olmaması ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsini ləngitməklə yanaşı, insan faktoru baxımından da ciddi təhlükə kimi qalır. 2020-ci ilin noyabr ayından bugünədək Azərbaycanda 379 nəfər partlayıcı sursatların qurbanına çevrilib. Onlardan 69 nəfəri həlak olub, yüzlərlə şəxs müxtəlif bədən xəsarətləri alıb, onlarla şəxs bədənin müəyyən hissələrini itirib. Ümumilikdə 1991-ci ildən bu yana minaların partlamasından zərər çəkən azərbaycanlıların sayı 3400 nəfərdən artıqdır. Ən acınacaqlısı odur ki, mina qurbanları arasında mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar da az deyil. Hər şeyə rəğmən, çirklənmiş ərazilərin minalardan təmizlənməsi üçün gecə-gündüz iş aparılır. Ərazilərin minalardan təmizlənməsi Azərbaycan dövlətinin xüsusi diqqət ayırdığı prioritet fəaliyyət istiqamətlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), bir sıra müvafiq dövlət qurumları, eləcə də yerli şirkətlər və qeyri-hökumət təşkilatı humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri, ANAMA yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu "Sherg.az"a deyib ki, təxminən 11 min kv.km ərazimiz minalarla çirklənmiş durumdadır. Ekspertin sözlərinə görə, Azərbaycanda çirklənmiş ərazilər öz miqyasına görə dünyanın ən çox çirkləndirilmiş torpaqlarından biri sayılır:
"İşğaldan azad edilmiş ərazilərimizdə 1.5 milyondan çox minanın olduğu ehtimal edilir. Elə minalı ərazilər var ki, bəzən 1 kv.m. ərazidə bir neçə minaya rast gəlinir. İstər piyadalar əleyhinə olsun, istərsə də tank əleyhinə. Qarabağda minaların ən müxtəlif növləri basdırılıb. Rast gəlinən minaların da böyük əksəriyyəti Ermənistanın öz istehsalıdır. Qarabağ müharibəsi bitdikdən və üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etmək idi. Çox təəssüf ki, bu proses ilk gündən həllini tapmadı. Ermənistan heç bir vəchlə minalanmış ərazilərin xəritəsini vermək niyyətinin olmadığını büruzə verdi. Hətta 2021-ci ilin aprel ayında petisiya başlatdıq. Ermənistan hökumətinin mina xəritələrini verməsi üçün kampaniyaya start verdik. Əfsuslar ki, çoxsaylı müraciətlərə və iştirakçılara baxmayaraq, Ermənistan hökuməti xəritələri verməkdən imtina etdi. Onların bizə verdikləri xəritələrin demək olar ki, böyük hissəsi həqiqəti əks etdirmir, çaşdırıcı məqsəd daşıyır. Nəinki minaların təmizlənməsində köməyi dəyir, əksinə, bizə daha çox problem yaradır. O səbəbdən düşünmək olar ki, Ermənistan ümumiyyətlə mina xəritələrini təqdim etməyəcək".
Müsahibimiz vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra 400-ə yaxın mina qurbanı olub:
"Onların əksəriyyəti mülki şəxslərdir ki, aralarında qadınlar, qocalar, uşaqlar da var. Bu, əlbəttə təəssüf doğuran haldır. Ermənistanın mina terroru davam etməkdədir. Dünya gücləri buna göz yumur. Daha çox Ermənistanın mənafeyindən çıxış edirlər, ermənilərin Qarabağa dönüşü məsələsini qabardırlar. Revanşist qüvvələri aktivləşdirir, silahlanmağa səsləyirlər. Özünü haqq-ədalət keşikçisi sayan beynəlxalq təşkilatların regionda neqativ fəaliyyətlər icra etməsi İrəvan hökumətini şirnikləndirir. Beynəlxalq güclər daha çox öz regional və iqtisadi maraqlarını güdürlər. Minaların təmizlənməsi ilə bağlı konkret zaman söyləmək çətindir. Azərbaycanın mina axtaranları gecə-gündüz, fasiləsiz fəaliyyətdədirlər. ANAMA əməkdaşları özəl şirkətlərlə bərabər çirklənmiş əraziləri minalardan təmizləyirlər. Lakin problemin xeyli zaman aparacağını söyləmək olar".