Millət vəkili: "Prezidentimizin söylədikləri ən mötəbər tarixi mənbələrə əsaslanır"

"Ermənilər nəinki Qarabağa, eyni zamanda bütün Cənubi Qafqaza gəlmədirlər, çarizm tərəfindən süni şəkildə gətirilib azərbaycanlılara məxsus torpaqlara yerləşdiriliblər və aborigen deyillər"

 "Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi". Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib. Dövlət başçısı diqqət çəkib ki, XIX əsrin əvvəllərində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməyə başlanıldı. Bu həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar”. 

Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı "Sherg.az"a açıqlamasında deyib ki, cənab Prezidentimiz İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin professor-müəllim və tələbə heyəti ilə görüşündəki nitqi böyük tarixi məna və əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, dövlət başçısının nitqi mahiyyətinə görə dərin, məzmunca çox genişdir: 
"Ərazinin mənsubiyyəti ilə bağlı cənab Prezidentimizin söylədikləri ən mötəbər tarixi mənbələrə əsaslanır. Ermənilər nəinki Qarabağa, eyni zamanda bütün Cənubi Qafqaza gəlmədirlər, çarizm tərəfindən süni şəkildə gətirilib azərbaycanlılara məxsus torpaqlara yerləşdiriliblər və aborigen deyillər. Bununla bağlı çarizmin çoxlu rəsmi sənədləri var. Qarabağın mənsubiyyətini göstərən sənədlərdən biri Kürəkçay müqaviləsidir. O sənədin sonunda heç bir erməni imzası yoxdur. Ermənilərin bu regiona gəlməsi Gülüstan və Türkmənçay sülh müqavilələri ilə başlayır. Nə qədər erməni köçürülüb? Gətirilən ermənilər hansı ərazilərə yerləşdirilib? Hansı ölkələrdən ermənilər Azərbaycan torpaqlarına gətirilib? Bunlara dair yüzlərlə rəsmi sənəd var. Onu bilməkdən ötrü çar hökumətinin arxivlərdə saxlanılan rəsmi sənədlərini ermənilər oxumalıdırlar və güman edirəm ki, yaxşı bilirlər".

Tarixçi-alim vurğulayıb ki, bu gün Ermənistanda olan ermənilərin özləri belə həm çarizm dövründə, həm də sovet dövründə köçürülən ermənilərin törəmələridir: 
"Ümumiyyətlə, ermənilər bu regionda heç vaxt birləşdirici olmayıblar. Cənab Prezidentimizin də söylədiyi kimi, Ermənistan və erməni alimləri tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışıblar. İndi də öz fəaliyyətlərini davam etdirirlər. Amma onların iddialarını rəsmi, ən mötəbər mənbələr alt-üst edir. Erməni tarixçilərinin söylədiklərinin heç bir əsası yoxdur, başdan-başa uydurmadır, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında yazıldığı kimi erməni tarixi miflərdən, rəvayətlərdən və nağıllardan ibarətdir".