Sülhə növbəti zərbə: ABŞ Konqresi Ermənistanı şirnikləndirir -ŞƏRH

ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı akt müzakirəyə çıxarılıb. Müzakirə mövzusu “Artsax Gəlirlərinin Bərpası Aktı" olub. ABŞ konqresmenləri Azərbaycan vəsaitlərinin mənimsənilərək "zərərçəkən" ermənilərə verilməsini təklif ediblər. Şübhəsiz, bu addım Qərbin Ermənistandan istifadə etməklə bölgədə gərginlik senarisinin tərkib hissəsidir. Ətraflı qeyd edək ki, Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff çıxışında iddia edib ki, Azərbaycanın "Artsax" xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub. O, "ədalətin təmin olunmasının zəruriliyi"ndən dəm vurub. Şiffin tələbləri sırasında "Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması da var. Tələbə əsasən bu Fond Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsax"dan didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. Həmçinin “köçkün ermənilər”in Fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılmasına çağırış olunur. Bununla yanaşı, ABŞ-dəki şəxsi aktivləri ələ keçirmək və “Artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır. Bu dinləmələr zamanı Azərbaycan əleyhinə səsləndirilən ittihamlar, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizliyin və azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür. Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə davam etmiş işğal nəticəsində 800 minə yaxın azərbaycanlının doğma yurdlarından qovulmasına və onların geri qayıtmasına maneə törədilməsinə münasibətdə ABŞ Konqresinin göstərdiyi laqeydliyi qınayırıq. Xatırladaq ki, Ermənistanın işğal dövründə törətdiyi genişmiqyaslı dağıntılar, əraziləri minalaması və infrastrukturu məhv etməsi səbəbindən, məcburi köçkünlərin öz evlərinə sürətlə qayıtması hələ də mümkün deyil. Həmçinin Ermənistandan yüz minlərlə azərbaycanlının qovulması və onların geri qayıtmaq hüquqlarının pozulmasına ABŞ Konqresinin göz yumması azərbaycanlılara qarşı ayrı-seçkiliyin digər bariz nümunəsidir. Dinləmələr zamanı məsələlərin dini çərçivədə təqdim edilməsi də təəssüf doğurur. Bu yanaşma dini və etnik qarşıdurmaları qızışdıraraq regionda sülhə və sabitliyə zərbə vurmaq məqsədi daşıyır. ABŞ Konqresinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi və ölkəmizin suveren hüquqlarını təhrif etməsi qəbuledilməzdir. ABŞ tərəfinin sözügedən keçmiş qanunsuz rejimin nümayəndələrinə viza verməsi və onların tədbirdə iştirakına şərait yaratması bu ölkənin separatçılığa dəstəyinin göstəricisidir. Bundan əlavə, bu kimi dinləmələrin keçirildiyi qanunvericilik orqanının guya müstəqil olması və onların hökumətin siyasətini əks etdirməməsi barədə bəhanələrlə bağlı bildiririk ki, Konqresin sözügedən addımlarının məhz ABŞ administrasiyasının sifarişi ilə həyata keçirildiyi heç kimdə şübhə doğurmur.

Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, məqsəd Ermənistanla Azərbaycan arasında sülh prosesini uzatmaq, ermənilərin Qarabağa qayıtmaq məsələsini gündəmə gətirməklə Bakıya daha çox təsir imkanları əldə etməkdir: 

"ABŞ Konqresi Ermənistanı şirnikləndirir. Azərbaycanın vəsaitlərini İrəvan hökumətinə "təklif" etməklə ermənilərin yanında olduqlarını göstərmək istəyirlər. Ermənistan isə düşünür ki, ona verilən milyardlarla vəsaitlə hərbi texnika alaraq, silahlanaraq güclənə bilər. Qərbin, ələlxüsus ABŞ-nin Azərbaycana düşmən mövqedə olduğunu əsas gətirərək bundan öz mənafeləri naminə istifadə etməyə çalışır. Həm də bu hərəkətlə separatçı tör-töküntülərə ümid verir, onlara dəstək olacaqlarını vəd edirlər".

Analitik vurğulayıb ki, bütün bunlar Ermənistanı sülhdən uzaqlaşdırır: 
"Bu cür addımlar Qərbin tərəflər arasında sülh istəyində nə qədər səmimi olub-olmadığını da göstərir. Tərəflərin birini silahlandırıb, maliyyə dəstəyi verib, birgə təlimlər keçirib, onu sülhə yönləndirmək olarmı? ABŞ Konqresinin absurd təklifi qəbul edəcəyini düşünmürəm. AĞ Evdə, Pentaqonda, Konqresdə ağıllı adamlar da var. Onlar belə absurd qərara imza atmayacaqlar. Amma bu cür təklifin səsləndirilməsi belə ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərməklə yanaşı, sülh prosesini də baltalayır".