ABŞ Konqresinin erməni dərdi: Bu, çox gülünc, haqsız, ədalətsiz, qərəzli düşmən münasibətidir -RƏY

ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılması (“Artsax Gəlirlərinin Bərpası Aktı" - red.) Qərbin Ermənistandan istifadə etməklə bölgədə gərginlik ssenarisinin tərkib hissəsidir. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff çıxışında iddia edib ki, Azərbaycanın "Artsax" xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub. O, "ədalətin təmin olunmasının zəruriliyi"ndən dəm vurub. Şiffin tələbləri sırasında "Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması da var. Tələbə əsasən bu Fond Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsax"dan didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. Həmçinin “köçkün ermənilər”in Fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılmasına çağırış olunur. Bununla yanaşı, ABŞ-dəki şəxsi aktivləri ələ keçirmək və “Artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır. Bu dinləmələr zamanı Azərbaycan əleyhinə səsləndirilən ittihamlar, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizliyin və azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür. Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə davam etmiş işğal nəticəsində 800 minə yaxın azərbaycanlının doğma yurdlarından qovulmasına və onların geri qayıtmasına maneə törədilməsinə münasibətdə ABŞ Konqresinin göstərdiyi laqeydliyi qınayırıq. Xatırladaq ki, Ermənistanın işğal dövründə törətdiyi genişmiqyaslı dağıntılar, əraziləri minalaması və infrastrukturu məhv etməsi səbəbindən, məcburi köçkünlərin öz evlərinə sürətlə qayıtması hələ də mümkün deyil. Həmçinin Ermənistandan yüz minlərlə azərbaycanlının qovulması və onların geri qayıtmaq hüquqlarının pozulmasına ABŞ Konqresinin göz yumması azərbaycanlılara qarşı ayrı-seçkiliyin digər bariz nümunəsidir. Dinləmələr zamanı məsələlərin dini çərçivədə təqdim edilməsi də təəssüf doğurur. Bu yanaşma dini və etnik qarşıdurmaları qızışdıraraq regionda sülhə və sabitliyə zərbə vurmaq məqsədi daşıyır. ABŞ Konqresinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi və ölkəmizin suveren hüquqlarını təhrif etməsi qəbuledilməzdir. ABŞ tərəfinin sözügedən keçmiş qanunsuz rejimin nümayəndələrinə viza verməsi və onların tədbirdə iştirakına şərait yaratması bu ölkənin separatçılığa dəstəyinin göstəricisidir. Bundan əlavə, bu kimi dinləmələrin keçirildiyi qanunvericilik orqanının guya müstəqil olması və onların hökumətin siyasətini əks etdirməməsi barədə bəhanələrlə bağlı bildiririk ki, Konqresin sözügedən addımlarının məhz ABŞ administrasiyasının sifarişi ilə həyata keçirildiyi heç kimdə şübhə doğurmur.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, başda ABŞ olmaqla ATƏT-in Minsk qrupu keçmiş Qarabağ məsələsinin həllində heç bir nailiyyət əldə etmədi və bunda da maraqlı olmadı. Ekspertə görə, əksinə Ermənistana dəstək verdi, qərəz nümayiş etdirdi: 

"İndi də Fransa və ABŞ Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Amma əslində indiki halda Ermənistan 30 il ərzində Azərbaycana vurduğu maddi, mənəvi zərər-ziyana görə təzminat ödəməlidir. Dünyanın müxtəlif yerlərindən süni şəkildə köçürülüb yerləşdirilmiş  ermənilər Qarabağdan qısa müddət əvvəl gediblər, özü də öz istəkləri ilə. Amma Qarabağın azərbaycanlı əhalisini ermənilər soyqırım edərək sürgün ediblər öz yerlərindən. Bu necə olur ki, 1 milyon əhalinin 30 illik zülmünə görə təzminatdan söhbət getmir, amma bir ovuc erməninin bir il əvvəl könüllü getməsinə görə Azərbaycan onlara pul ödəməlidir?! Bu, çox gülünc, haqsız, ədalətsiz, qərəzli düşmən münasibətidir".

Analitik diqqətə çatdırıb ki, erməni lobbisi ABŞ-də əvvəldən aktiv olub: 
"Şübhəsiz ki, ABŞ və Fransa kimi xristian ölkələrində din təəssübkeşkiyi də özünü büruzə verir. Müsəlman ölkələrinə qarşı Qərbin təzyiqi və İslama qarşı yön alması danılmaz həqiqətdir. Ələxsus da Azərbaycanın həm regionda, həm də dünyada güc sahibi olmasından narahatdırlar. Artıq Azərbaycan özü öz problemlərini həll etməyə qadir ölkədir. Ancaq hesab edirəm ki, yaranmaqda olan Türk birliyinin və Türkiyənin də dünyada söz sahibi olmasının fonunda bu kimi əbəs və əsassız iddialar heç bir effekt verməyəcək. Ola bilsin, Rusiya ilə Azərbaycanın münasibətləri də ABŞ-ni müəyyən mənada narahat etsin. Amma bu da əsassızdır, çünki Rusiya ilə Azərbaycan qonşudur və uzun illik tarixi, mədəni əlaqələrimiz var".