Arzu Nağıyev: Azərbaycan xalqı və ordusu düşmənə layiqli yerini göstərdi

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. 


Millət vəkili Arzu Nağıyev “Sherg.az”a vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr təxribatına cavab olaraq əks-hücuma keçdi və 30 ilə yaxın işğalda qalan torpaqlarımızı azad etdi:

“Eyni zamanda suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olundu. Allah şəhidlərimizə rəhmət etsin və qazilərimiz tezliklə dinc həyata qayıtsın. 27 sentyabrda Azərbaycan bütün dünyaya göstərdi ki, torpaqlarımızı öz gücümüzə azad edə bilərik. Həmçinin Azərbaycan seçdiyi döyüş taktikası etik və hibrid döyüş metodu idi. Yəni Azərbaycan heç bir mülki erməni əhalinin burnunu qanatmadan torpaqlarımız uğrunda mübarizə apardı və Zəfər qazandı. Ümumiyyətlə Azərbaycanın torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etməsi çox mühim məsələ idi. Çünki Birləşmiş Millətlər Təşkilatının icra edilməyən 4 qətnaməsi qalmışdı. Azərbaycan həmin qətnamələri öz hərbi gücünə yerinə yetirdi. Həmçinin ATƏT-in Minsk qrupu olan və deklarativ bəyanatlardan başqa heç nə bacarmayan təşkilata göstərdik ki, sülhü bərqərar etmək üçün Ali Baş Komandanın  iradəsi, ordunun və xalqın gücü yetərlidir. Azərbaycan xalqı və ordusu düşmənə layiqli yerini göstərdi. Lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndidə Azərbaycan bayrağı dalğalandı. Birmənalı şəkildə bütün sərhədlərimiz boyunca üçrəngli bayrağımız göylərə ucaldı. Düşünürəm ki, 2020-ci il 27 sentyabr Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi qızıl tarixdir. Heç kəs Azərbaycanla diktə diliylə danışa bilməz”.