Zəngəzur dəhlizi açılacaq -PROQNOZ 

Ermənistan təzyiqlərə tab gətirə bilməz

Buna maraqlı olan qüvvələr bu ölkənin dirənişini çox asan qıracaqlar


  Noyabrın 5-nə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar. Bu barədə erməni politoloq Alen Gevondyan deyib. Gevondyan iddia edib ki, dəhlizin açılması istiqamətində addımlar oktyabrın 26-dan noyabrın 5-nə qədər sürətlənəcək və 5 noyabr tarixinə qədər dəhliz açılacaq: “Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da qeyd edim ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək”. Qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan arasında hələlik heç bir anlaşma yoxdur, çünki ikitərəfli razılaşma ilə müzakirələr daha irəli tarixə təxirə salınıb. Məsələ yekun sülh sazişinin mətnindən çıxarılıb. Son günlərdə Zəngəzur dəhlizi ilə bağlı region ölkələrinin aktivliyi müşahidə olunmaqdadır. Ələlxüsus Rusiya tərəfinin fəallığı gözdən qaçmır. Digər tərəfdən, Zəngəzur dəhlizinə nəzarət uğrunda Avropa İttifaqı, ABŞ, Fransa da mübarizəyə qoşulub. Hazırda ABŞ və Qərb Rusiya ilə bu məsələ üzərində ciddi rəqabət aparır və qarşıdurma açıq hiss olunur. Hətta bütün siyasi problemlər həll olunmuş olsaydı belə, Zəngəzur dəhlizinin qısa müddətdə açılması mümkün görünmür. Çünki Zəngəzur dəhlizinin Azərbaycan hissəsi inşa olunsa da, İrəvan bu dəhlizin açılması üçün heç bir addım atmayıb. Yəni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması istiqamətində heç bir iş görülməyib. Bunları nəzərə aldıqda, Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılması qətiyyən inandırıcı deyil. Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə bəyan edib ki, Zəngəzur dəhlizində rus sərhədçilərinin monitorinq aparmasına etiraz etmirlər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu da gələn il dəhlizin 224 kilometrlik hissənin çəkilişinə başlayacaqlarını demişdi. 
 
 Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizinin açılması məsələsi Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesindən çıxarılsa da, bu məsələ ümumi prosesin tərkib hissəsidir. Alim vurğulayıb ki, sülh layihəsində kommunikasiya xətlərinin açılması ilə bağlı xüsusi bənd var: 
"Bu məsələ ona görə sonraya saxlanılır ki, 42 km. ərazidə yol-nəqliyyat, tikinti işləri bir neçə il çəkə bilər. Həm də Ermənistan "sülh kəsişməsi" deyilən provakativ bir layihə ortaya atıb ki, bu da Orta Dəhlizə "alternativ"dir. Beynəlxalq birlik onsuz da bunu qəbul etmir. Paşinyan hakimiyyəti isə bu məsələ ilə Rusiya XİN başçısı Sergey Lavrovun dediyi kimi işi sabotaj edir. Amma anlamağa başlayıblar ki, Zəngəzur dəhlizinin açılmasından başqa yol yoxdur. Rusiyanın yeganə məqsədi yola nəzarət etməkdir. Ermənistan Paşinyanın dili ilə bunu "monitorinq" kimi təklif edir, amma inanmıram ki, Rusiya bununla qane olsun. Çünki Paşinyan Qərbdən gələn sifarişləri yerinə yetirməklə məşğuldur. Plan Rusiyanı bölgədən çıxarmaq və onun təsir imkanlarını azaltmaqdır". 
 
 Professorun fikrincə, rusların bu yola nəzarəti həyata keçirməsi Azərbaycanın da maraqlarına uyğun deyil:
 "Biz 10 noyabr sazişində əsasən maneəsiz keçid üzərində dururuq. Bütün bunlar ciddi müzakirə mövzusudur. Dəhlizin açılması məsələsi İstanbulda "3+3" formatında da gündəmə gəlib. Bu formatda yer alan İran da bir qədər yumşalıb, çünki bölgə ölkələrinin problemlərini özlərinin həll etməsi variantı İrana imkan verir ki, Qərbin, ABŞ-nin buraya müdaxiləsi azalsın. Əlbəttə, Zəngəzur dəhlizi açılacaq. Ermənistan təzyiqlərə tab gətirə bilməz. Buna maraqlı olan qüvvələr bu ölkənin dirənişini çox asan qıracaqlar".