Ədalət istəyirik! -NATO Azərbaycanla əməkdaşlığa məhkumdur

Buna görə ilk növbədə alyansın aparıcı dövlətləri Azərbaycana qarşı qərəzli mövqeyini dəyişməlidir
 
 
 COP BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq prosesi davam edir. COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir.
 Azərbaycanın əldə etdiyi bu uğurlar, onun regionda aparıcı dövlətə, əsas söz sahibinə çevrilməsi, iqtisadi qüdrətinin artması, siyasi mövqelərinin güclənməsi  bir müddətdir ki, Avropanın bir sıra dövlətlərini narahat etməyə  başlayıb.
 44 günlük Vətən müharibəsində onların məğlubiyyətini həzm edə bilməyən, Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Fransa və Almaniyanın  aparıcı rolda çıxış etdiyi Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) kimi təşkilatlar hər fürsətdə ölkəmizə qarşı qarayaxma kampaniyalarında iştirak edir, qərəzli münasibət nümayiş etdirir, ikili standartlarla yanaşırlar. Qərbdəki ənənəvi anti-Azərbaycan dairələrin
məqsədləri isə beynəlxalq ictimaiyyətdə bu mühüm iqlim dəyişmələri tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmaqdır. Amma bütün bu iddiaların heç bir əsası  olmadığını artıq  Azərbaycan ictimaiyyəti də, Azərbaycanın yeritdiyi xarici siyasət kursunu uğurlu hesab edən beynəlxalq ictimaiyyət də çox yaxşı bilir.  
Necə olsa,  xaricdəki anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olublar.
 Mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində Azərbaycan qarayaxma kampaniyasının hədəfi olub və bu kampaniyalar iflasa uğrayıb. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi bütün dünyaya məlumdur.
Bir daha qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya miqyasında artan rolunun, BMT-nin ölkəmizə  verdiyi böyük önəmin ifadəsidir.
 Bəzi qərb dairələrinn ölkəmizə qarşı olan total hücumlara rəğmən Azərbaycan  BMT-dən əlavə dünyanın yüksək nüfuzlu siyasi hərbi təşkilatı olan NATO ilə də  fəal əməkdaşlıq edir. Tarixi uzun illərə gedib çıxan Azərbaycan-NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub. Azərbaycan hərbi bloklara qoşulmasa da, NATO ilə əməkdaşlığın davamında maraqlıdır. Çünki Azərbaycan ordusu Türkiyə və deməli, NATO standartlarını mənimsəməyi qarşısına məqsəd qoyub. Azərbaycanla NATO arasında əməkdaşlığın əsasını təşkil edən məsələlərdən biri də enerji təhlükəsizliyidir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir və həmin ölkələrdən 6-sı NATO-ya üzv, 2-si isə Alyansın tərəfdaş ölkəsidir. Şübhəsiz ki, tərəflər arasında nəqliyyat əlaqələri də mühüm əhəmiyyət daşıyır.
 Azərbaycan Müdafiə Nazirliyi rəhbərləri ilə NATO komandanlığı arasında keçirilən müntəzəm görüşlər də əməkdaşlığın inkişafında hər iki tərəfin maraqlı olduğunu göstərir. Qarşılıqlı səfərlər NATO-nun Azərbaycan Respublikasının regionda yaratdığı yeni reallıqları qəbul etdiyinin təzahürüdür.
Şübhəsiz ki, qərb təhlükəsizlik və hərbi sisteminin qarantı olan NATO-nun Azərbaycanla əlaqələri onun Cənubi Qafqazdakı proseslərdəki iştirakçılıq dairəsini cızmaqda mühüm rol oynayır.

 Politoloq Abutalıb Səmədov “Sherg.az”a açıqlmasında deyib ki,  Azərbaycan-NATO münasibətlərinin qurulması istiqamətində ilk addım  böyük Heydər Əliyevin rəhbərliyi dövründə atılıb:

 “1994-cü ilin mayında Azərbaycan prezidenti NATO-nun qərargahına gəlib orada mühüm görüşlər keçirdi. Və həmin vaxtdan başlayaraq, Azərbaycanla NATO arasında münasibət inkişaf  etməyə başladı. Həmin dövr Azərbaycan üçün son dərəcə ağır dövr idi. Ermənilər rusların köməyi ilə Azərbaycan torpaqlarının 20 faiz  ərazisini işğal etmişdilər. Belə bir dövrdə Azərbaycan prezidentinin NATO qərargahında görüşlər keçirməsi  çox cəsarətli və riskli addım idi. Çox təəssüf ki, son vaxtlar NATO-Azərbaycan münasibətləri  arzuladığımız sürətlə inkişaf etmir. Bunun da əsas səbəbi NATO-nun aparıcı dövlətlərinin, ilk növbədə də ABŞ-nin Azərbaycana qarşı ədalətsiz mövqe tutması ilə bağlıdır. Digər tərəfdən də şimal qonşumuz  Rusiya ilə NATO münasibətləri  çox kəskinləşib. Halbuki bir zamanlar normal  münasibətləri vardı,  Rusiya NATO Şurası fəaliyyət göstərirdi. Rusiyanın NATO-ya üzv olması ilə bağlı müəyyən iddialar da yayılmışdı”.
 
Politoloqun sözlərinə görə, həmin dövrdə NATO ilə əlaqələri genişləndirmək Azərbaycan üçün də daha asan idi. Bu gün isə Rusiya NATO-nu, NATO isə Rusiyanı özünə düşmən sayır:
 “Azərbaycanın NATO-ya yaxınlaşmaq istiqamətində atdığı addımlar Rusiya tərəfindən çox ciddi etirazla qarşılanır. Bu səbəbdən də Azərbaycan addımlarını ehtiyatlı və diqqətli atmaq məcburiyyətindədir. Səbəb tək bu da deyil. NATO-nun aparıcı dövlətlərinin Azərbaycana münasibətdə qərəzli  mövqe tutması da ciddi maneədir. Belə bir şəraitdə NATO ilə Azərbaycan münasibətlərinin arzuolunan səviyyədə irəliləməsi çox çətindir. Hesab edirəm ki, ABŞ Cənubi Qafqaz  siyasətinə yenidən baxmalı, ermənipərəst mövqeyindən imtina edərək obyektiv yanaşma sərgiləməlidir. Sülh sazişinin imzalanması üçün Ermənistana  qarşı lazımi təzyiqləri  göstərməlidir. Yalnız bundan sonra Rusiyanın müqavimətinə rəğmən Azərbaycan-NATO münasibətlərinin inkişafı sürətlənə bilər”.