Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb -ANALİZ

ABŞ prezidenti məhz öz dövründə, hətta ABŞ-nin vasitəçiliyi ilə məsələnin həll edilməsini hədəfləyir

“Yarımçıq sülh Bakıya lazım deyil. Sülh müqaviləsinin kimin vasitəçiliyi ilə, harada imzalanmasına isə yalnız iki dövlət - Azərbaycan və Ermənistan qərar verə bilər”

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərərək, onu 2024-cü ilin sonuna qədər Azərbaycanla sülh sazişi üzərində işi başa çatdırmağa çağırıb. Bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Bayden Paşinyana ünvanladığı məktubda vurğulayıb ki, sülh sazişinin qalan maddələrinin yekunlaşdırılması əzmkarlıq, müdriklik və kompromis tələb edir: "Siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla cəsarətlə və ardıcıl olaraq sülh yolunu seçdiniz və mən sizi bu il müqaviləni başa çatdırmağa çağırıram". Bayden Paşinyanı əmin edib ki, ABŞ çoxəsrlik münaqişəyə nəhayət son qoyacaq uzunmüddətli və şərəfli sülh sazişini dəstəkləməyə hazırdır: "Ermənistanın birliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edən sülh sazişi təkcə erməni xalqına təhlükəsizlik və stabillik gətirməyəcək, həm də bütün Cənubi Qafqaz regionunu dəyişəcək". 
Xatırladaq ki, ABŞ prezidenti bənzər məzmun və çağırışla Azərbaycan dövlət başçısına məktub göndərib. Bayden tərəfləri ilin sonunadək sülh sazişini imzalamağa səsləyib. 

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, ABŞ Prezidenti Co Bayden Azərbaycan və Ermənistan rəhbərlərinə məktub göndərməklə iki ölkəyə məsafəli yanaşdığını göstərmək istəyib. Ekspert vurğulayıb ki, ABŞ prezidenti sadəcə görüntü üçün iki tərəfə də məktub göndərib. Əslində, bu ölkənin Ermənistana verdiyi hərbi, maddi, diplomatik dəstək fonunda özünü bitərəf kimi göstərməsi absurddur: 
"ABŞ-nin sülh sazişinin hazırda imzalanmasını istəməsi və xüsusilə də, Prezident İlham Əliyevə ünvanlanan məktubda COP29-la bağlı qeydin yer alması düşündürücüdür. Görünür, Vaşinqton natamam sülhün əldə edilməsində maraqlıdır. Bayden məhz öz dövründə, hətta ABŞ-nin vasitəçiliyi ilə məsələnin həll edilməsini istəyir. Ermənistan da bunu çalışır. Lakin yarımçıq sülh gələcəkdə problemlərin qaynağıdır. Azərbaycanın istəyi tam sülhün əldə edilməsidir. Yarımçıq sülh Bakıya lazım deyil. Sülh müqaviləsinin kimin vasitəçiliyi ilə, harada imzalanmasına isə yalnız iki dövlət - Azərbaycan və Ermənistan qərar verə bilər. Ancaq heç bir halda məsələnin ədalətli həlli üçün vasitəçiyə ehtiyac yoxdur. Müqaviləni imzalamaq üçün sadəcə bitərəf ölkə lazımdır. ABŞ isə bitərəf olmadığını hər fürsətdə gözümüzə soxur".