Ermənistan tələsir, Azərbaycan səbirlə davranır
İrəvan tələsik imzalamaq istədiyi sülh sazişinin önündəki maneələrdən birini qaldırmaq istəyir
Ermənistan parlamenti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı ratifikasiya edib. Parlamentin spikeri Alen Simonyan deyib ki, 67 deputat layihənin lehinə səs verib. Səsvermədə yalnız Mülki Müqavilə Partiyasının deputatları iştirak edib. “Ermənistan” və “Şərəfim var” müxalif fraksiyaların deputatları səsverməyə qatılmayıb. Paşinyanın müavini Mger Qriqoryan eyni addımın Azərbaycanın da atmasını gözlədiklərini deyib. Erməni müxalifəti isə “Azərbaycan niyə əsasnamənin ratifikasiyası ilə bağlı heç bir addım atmır” sualını müzakirəyə çıxarıb.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bildirib ki, bu prosesdə iki məqam diqqət çəkir və iki sual ortaya çıxır - Ermənistan niyə tələsir və Azərbaycan niyə səbrlə davranır? Ekspertin sözlərinə görə, Ermənistanın ratifikasiya etdiyi əsasnamə layihəsi 19 aprel razılaşmasında qeyd olunduğu kimi “sərhədin delimitasiyası prosesində 1991-ci il Almatı bəyannaməsinə” əsaslanır:
"Bu, delimitasiyanın Ermənistanın maraqlarına uyğun aparılmasını şərtləndirən amildir. İrəvan əsasnamənin hüquqi təsdiqinin bütün prosesdurunu icra etməklə, SSRİ dağılanda mövcud olan xətlərin əsas götürülməsi, sovetlər dövründə ermənilərə verilən ərazilərimiz üzərində legitimlik əldə etmək üçün hüquqi baza yaradır. Tələsik imzalamaq istədiyi sülh sazişinin önündəki maneələrdən birini qaldırmaq istəyir. Razılaşdırılmayan maddələrdən birinin sərhədin delimitasiyasında baza prinsipi olduğu istisna deyil. Delimitasiyada baza prinsipinin sülh sazişində dəyişdirilməsi perspektivinə qarşı hüquqi istinad əldə edə biləcəyini düşünür. Azərbaycan isə tələsmir, çünki 19 aprel razılaşmasında müəyyən edilən baza prinsipinin sülh sazişində dəyişdirilə biləcəyi qeydi var. Saziş imzalanmadan əsasnamənin ratifikasiya edilməsi həm onun dəyişdirilməsi imkanlarını azaldır, həm də delimitasiyada İrəvanın maraqlarına uyğun hüquqi bazanı yaradır".