BRICS dünyanın yeni alternativ iqtisadi platformalarından biridir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 


Azərbaycanın bu təşkilatda iştirakı milli maraqlarımızın realizə olunması baxımından olduqca mühümdür

“BRICS-in onurğa sütununu təşkil edən Çin, Rusiya kimi ölkələr həm də çox fərqli platformalarda Azərbaycanla tərəfdaşdırlar”


  Azərbaycanın beynəlxalq arenada rolu getdikcə güclənir və bu, onun multilateralizm prinsipini əsas tutaraq çoxtərəfli diplomatiya yürütməsi ilə sıx bağlıdır. Ölkəmizin xarici siyasəti təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də müxtəlif beynəlxalq təşkilatlar və platformalar vasitəsilə daha geniş diplomatik əlaqələr qurulur. Bu yanaşma Azərbaycanı qlobal siyasətdə mühüm dövlət kimi tanıdır, ölkənin beynəlxalq proseslərdə aktiv iştirakını təmin edir. Kazan şəhərində XVI BRICS Sammitində Azərbaycanın iştirakı da bu siyasətin tərkib hissəsidir və ölkənin multilateralizmə verdiyi önəmi göstərir. Azərbaycanın 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına sədrliyi, ölkənin çoxtərəfli diplomatiyada əldə etdiyi uğurların zirvəsi kimi qiymətləndirilir. Bu müddət ərzində Azərbaycan koronavirus pandemiyası kimi qlobal problemlərə cavab olaraq, əməkdaşlıq və humanitar yardım prinsiplərini ön plana çəkdi. Ölkənin Qoşulmama Hərəkatına sədrliyinin davam etdirilməsi ilə Azərbaycan hələ də bu platformada fəal və səmərəli fəaliyyət göstərir. Azərbaycanın Qoşulmama Hərəkatında əldə etdiyi təcrübə və təsir, onun BRICS sammitlərindəki rolunu gücləndirir. BRICS təşkilatına üzv olanlar, - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika, - dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkələrdir. Azərbaycan bu ölkələrlə həm siyasi, həm iqtisadi əməkdaşlıqda yeni perspektivlər yaradır. BRICS+ formatında Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin iştirakı, həm də Qlobal Cənub və Qlobal Şimal arasındakı dialoqu gücləndirir. Azərbaycanın BRICS ölkələri ilə əməkdaşlığı Qoşulmama Hərəkatındakı uğurlu diplomatiya təcrübəsi üzərində inşa edilir. Onu da qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatında 120 ölkə təmsil olunur, bu da onu BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat edir. Azərbaycanın sədrliyi dövründə 3 virtual sammit təşkil olunub, onlardan biri pandemiyaya qarşı beynəlxalq cavab tədbirlərinə həsr olunub. Azərbaycanın beynəlxalq platformalardakı mövqeyi təkcə siyasi və iqtisadi deyil, eyni zamanda ekoloji məsələlərdə də böyük əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən, Azərbaycan 2023-cü ildə təxminən 35 milyon ton neft və 48 milyard kubmetr qaz ixrac edib. Ölkə Avropa İttifaqının qaz təchizatında mühüm rol oynayır və bu, xüsusilə BRICS ölkələri ilə enerji təhlükəsizliyi məsələlərində əməkdaşlıq perspektivlərini genişləndirir. Azərbaycanın cari ilin noyabr ayında keçiriləcək COP29 kimi mötəbər beynəlxalq konfransa sədrliyi, ölkənin qlobal iqlim diplomatiyasında liderliyini təsdiqləyir. Bu sədrliyi vasitəsilə Azərbaycan Qlobal Cənub ölkələri ilə Qlobal Şimal arasında dialoq yaradaraq, iqlim dəyişikliklərinə qarşı birgə mübarizə imkanlarını genişləndirir. Ölkəmizin iqlim diplomatiyasındakı bu fəallığı, onu qlobal ekoloji problemlərin həllində mühüm aktor kimi tanıdır. COP29 ilə bağlı statistikaya əsasən, Azərbaycanın sədrliyi ilə keçiriləcək beynəlxalq tədbirə 190-dan çox ölkənin və 20 mindən çox nümayəndənin qatılması gözlənilir. Azərbaycanın iqlim diplomatiyasına yönələn səyləri çərçivəsində 2030-cu ilə qədər ölkənin istixana qazı emissiyalarını 35 faizə qədər azaltmaq öhdəliyi var. BRICS ölkələri də iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı mübarizədə mühüm ölkələrdir. Çin və Hindistan kimi ölkələr qlobal iqtisadiyyatın böyük payını təşkil edir və bu səbəbdən onların ekoloji strategiyaları beynəlxalq səviyyədə böyük təsir göstərir. Azərbaycan, COP29 çərçivəsində BRICS ölkələri ilə də iqlim siyasəti sahəsində əməkdaşlıq üçün yeni yollar axtarır. Bu kontekstdə Azərbaycanın iqlim və ekoloji sahələrdə qazandığı təcrübə BRICS ilə olan əlaqələrdə də yeni imkanlar yaradır.
  Ötən gün Kazan şəhərində keçirilən XVI BRICS Sammiti Azərbaycan üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın BRICS+ formatında fəal rol oynadığını göstərir. BRICS+ formatı BRICS ölkələri ilə digər inkişaf etməkdə olan ölkələr arasında iqtisadi və siyasi əlaqələri genişləndirmək üçün mühüm bir platformadır. Bu format Azərbaycanın beynəlxalq siyasətdə və iqtisadiyyat arenasında daha geniş əlaqələr qurmaq üçün bir vasitə kimi çıxış edir. Azərbaycanın BRICS Sammitində iştirakı, həm də ölkənin enerji sektorundakı təcrübəsi və resursları ilə əlaqədardır. Enerji təhlükəsizliyi məsələləri BRICS ölkələri üçün mühüm prioritetdir və Azərbaycanın bu sahədəki rolu əhəmiyyətlidir. Azərbaycan enerji ixracı və nəqli sahəsində strateji mövqeyə malikdir və bu, BRICS ölkələri ilə yeni əməkdaşlıq perspektivləri açır. Azərbaycanın XVI BRICS Sammitində iştirakı ölkənin beynəlxalq arenada artan təsirini və çoxtərəfli diplomatiya strategiyasını əks etdirir. Qoşulmama Hərəkatında uğurlu sədrliyindən sonra Azərbaycan iqlim diplomatiyasında lider mövqeyini də gücləndirir. Azərbaycanın həm Qlobal Cənub, həm də Qlobal Şimal ölkələri ilə dialoq qurmaq cəhdləri, onun beynəlxalq proseslərdə oynadığı rolu daha da möhkəmləndirir. Bu əməkdaşlıq Azərbaycanın strateji maraqlarını qoruyaraq, ölkənin iqtisadi və siyasi perspektivlərini genişləndirmək üçün yeni imkanlar yaradır. BRICS ölkələri dünya əhalisinin 40 faizini, qlobal ÜDM-in isə təxminən 25 faizini təşkil edir. 2023-cü ildə Azərbaycan BRICS ölkələrinə 1,2 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, əsasən enerji və qeyri-neft məhsulları sektorlarını əhatə edir. BRICS+ formatında keçirilən tədbirlərdə Azərbaycanın iştirakı genişləndirilib. 2024-cü ilə qədər Azərbaycan BRICS ölkələri ilə 500 milyon ABŞ dolları məbləğində yeni iqtisadi layihələr üzərində danışıqlar aparır. Bu statistik məlumatlar Azərbaycanın həm Qoşulmama Hərəkatında, həm də BRICS+ formatında fəallığını, iqtisadi əməkdaşlıq sahəsindəki güclü potensialını və beynəlxalq arenada liderliyini göstərir.
  Prezident İlham Əliyev BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib: "Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq". Dövlət başçısı qeyd edib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq: "Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik". 
  Rusiyalı politoloq İqor Korotçenko deyib ki, Azərbaycan beynəlxalq münasibətlərdə məsuliyyətli iştirakçı kimi mövqe tutur. Bu, ilk növbədə Cənubi Qafqazda baş verən son hadisələr fonunda geosiyasi çəkisini kəskin şəkildə artırmış ölkədir: "Azərbaycanda irimiqyaslı enerji və infrastruktur layihələri həyata keçirilir. Üstəlik, müasir nəqliyyat logistikası sisteminə əsaslanan Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiyada ən mühüm geoiqtisadi oyunçudur. Bu səbəb və şərait nəticəsində Azərbaycanın siyasi, iqtisadi, hərbi statusu və çəkisi xeyli artıb. Bunu bu gün hamı tanıyır. Ən əsası isə Azərbaycan milli maraqların müdafiəsinə yönəlmiş suveren siyasət yürüdür. Həmin ABŞ Azərbaycana təzyiq göstərməyə, şantaj etməyə çalışdı, amma heç nə alınmadı. Bu, Baydenin Prezident İlham Əliyevə xüsusi müraciət yazması və onu Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanmasına inandırması ilə başa çatıb. Təbii ki, Azərbaycan belə bir sazişi o zaman bağlayacaq ki, o, tam hazır olsun, sülh və sabitlik maraqlarına cavab versin, nəinki Amerikanın istədiyinə”. Korotçenkonun sözlərinə görə, BRICS sammitindəki çıxışı ilə İlham Əliyev müasir dünyanın aparıcı siyasi liderlərindən biri olduğunu göstərdi: “Güclü, özünə güvənən, strateji məqsəd qoyan, böyük intellektual! O, bu gün çoxlarının öz dövlətinin başında olmasını arzuladığı liderdir. O cümlədən Avropa Birliyinin bir çox ölkələri bunu arzulayır. Azərbaycan bu gün Cənubi Qafqazda açıq-aşkar dominantlıq edir. Əliyev təkcə dövrün tendensiyalarını hiss etmir, həm də öz regionunda və onun hüdudlarından kənarda daha çox müasir siyasəti formalaşdırır. Azərbaycan bu gün obyektiv olaraq bu regionun taleyi üçün məsuliyyət daşıyır”.

  Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, hazırda dünya yeni münasibətlər sisteminə qədəm qoymaqdadır və həm siyasi, həm də iqtisadi tərəfdaşlığın yeni imkanları yaranır. Bu kontekstdə BRICS də dünyanın yeni alternativ iqtisadi platformalarından biridir. Deputat bildirib ki, BRICS üzvlərinə nəzər yetirsək görəcəyik ki, bu platforma dünya iqtisadiyyatının və demoqrafiyasının üçdə ikisini əhatə edir:
 "Hələ formalaşmaqda olan bu platforma həm iqtisadi, həm siyasi əməkdaşlıq baxımından çox böyük perspektivlərə malikdir. Coğrafi baxımdan isə genişmiqyaslı bir coğrafiyanı əhatə edir. Ona görə də Azərbaycanın bu təşkilatda iştirakı milli maraqlarımızın realizə olunması baxımından olduqca mühümdür. Çünki Latın Amerikası ölkələrindən tutmuş Şərqi Avropaya qədər Rusiyaya qədər uzanan bir coğrafiyada Azərbaycanın çox böyük maraqları var. Azərbaycan Prezidenti vurğulayıb ki, bizim xarici siyasətimiz milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasətdir. Bu mənada coğrafiya fərqi olmadan qloballaşan dünyada Azərbaycan özünün iqtisadi və siyasi maraqlarını təmin etmək üçün bütün platformalardan istifadə edir". 
 
 Parlament üzvü diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin BRICS sammitində çox arzuolunan qonaq kimi qarşılanması və ona göstərilən xüsusi diqqət təşkilata üzv ölkələrin Azərbaycana yüksək marağı kimi qiymətləndirilməlidir: 
"Nəticə etibarilə BRICS-in onurğa sütununu təşkil edən Çin, Rusiya kimi ölkələr həm də çox fərqli platformalarda Azərbaycanla tərəfdaşdırlar. Nəzərə almaq lazımdır ki, Çin və Rusiya ilə Azərbaycanın əməkdaşlığı son illərdə tamamilə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanın həyata keçirdiyi kommunikasiya layihələri həm də Çinin Avropaya keçən alternativ marşrutudur. Bunlara diqqət yetirsək, BRICS-in nə qədər əhəmiyyətli platforma olduğu aydınlaşar. Azərbaycan da öz maraqları üçün bu qurumdan çox məharətlə istifadə edir".