Avropa Parlamenti qərəzlidir -ŞƏRH

"Qəbul olunan sənəd Azərbaycan dövlətinə, xalqına diktə cəhdinin uğursuz nəticələrinin psixoloji bəhrəsidir"

  Avropa Parlamenti “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı növbəti qətnaməsini qəbul edib. Həmin sözügedən sənəd Azərbaycana qarşı qərəz və nifrət dolu qeyddən ibarət Qətnamə kimi qəbul olunsa da, mahiyyət etibarilə ittihamedici hökm xarakterlidir.

  Siyasi şərhçi Vüqar Dadaşovun “Sherg.az"a açıqlamasına görə, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi bu növbəti Qətnamə heç bir hüquqi qüvvəyə və nəticələrə malik deyil: 

“Qəbul olunan sənəd ancaq siyasi təzyiq və təsir vasitəsi kimi Azərbaycan dövlətinə, xalqına diktə cəhdinin uğursuz nəticələrinin psixoloji bəhrəsidir. Onsuz da, Avropa Parlamenti də daxil olmaqla əksər Qərb təsisatları  türk, islam aləminə ikili yanaşma və qəbul olunan normalardan fərqli münasibət göstərdikləri mübahisə mövzusu deyil.
  Ancaq, xatırlatmaq yerinə düşər ki, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün edən, azərbaycanlıların etnik təmizləmə və soyqırımını törədən, Ermənistanın işğal etdiyi Azərbaycan şəhər və kəndlərini yerlə yeksan edən və 800 milyarddan çox Azərbaycana ziyan vuran Ermənistana qarşı heç bir əməli tədbir görməyən Qərb təsisatları, öz ərazisini işğaldan azad edən, öz suverenliyi və ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı qərəz, nifrət nümayş etdirməsi ancaq və ancaq Azərbaycan xalqına, islam dünyasına düşmənçilik siyasətinin təkzibedilməz sübutudur”.