400 itin taleyi necə olacaq, bilmirəm - Nizami Ramanazanov

"Rayon ərazisində sığınacaq üçün uyğun bir yer, ərazi təklif edilmir"

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının 4 dekabr 2025-ci il tarixli 64 nömrəli Qərarı ilə “Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilib. Qərarda bildirilir ki, qeyd olunan norma v qaydalar 2026-cı il 4 may tarixindən etibarən qüvvəyə minir. Təsdiq olunmuş qaydalara əsasən sığınacaq fasiləsiz elektrik, isti və soyuq su təchizatı, istilik, kanalizasiya, təbii və ya mexaniki havalandırma sistemləri ilə, həmçinin yanğın təhlükəsizlik siqnalı ilə təmin edilməlidir. Qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmış baytarlıq preparatlarının saxlanıldığı otaq və ya bölmədə narkоtik vasitələr, psiхоtrоp maddələr və onların prekursorları, güclü təsiredici baytarlıq preparatlarının saxlanılması üçün xüsusi ayrılmış yer, seyf və ya dəmir qıfıllı dolablar olmalıdır. İtlər və pişiklər eyni otaq və ya bölmədə yerləşdirilərsə, həmin heyvanların bir-birini görməsinin qarşısını almaq məqsədilə arakəsmə dizayn edilməlidir. Heyvanların saxlanıldığı otaq və bölmələrin qapıları həm xaricdən, həm də daxildən açılıb-bağlana bilən kilid sistemi ilə təchiz edilməlidir. Heyvanların sığınacağı tərk etməsinin qarşısını almaq və etoloji ehtiyaclarını qarşılamaq üçün tədbirlər görülməlidir. Otaq və bölmələrdə saxlanılan heyvanların rifahı gözlənilməlidir.

Xatırladaq ki, Zaqatalada sahibsiz itlərin saxlandığı “Naynuxana” adlı sığınacağın taleyi hələ də sual altındadır. Sığınacağın sahibi Nizami Ramanazanov ötən ay sosial şəbəkədə paylaşım edərək vəziyyətin getdikcə mürəkkəbləşdiyini bildirmişdi. Qeyd etmişdi ki, sığınacağın yerlışdiyi ərazinin sahibi onlara buranı tərk etmək üçün vaxt qoyub. Sığınacaqda sahibsiz 400 it bəslənir. Onların arasında yaralı, xəstə olanlar, müalicəyə ehtiyacı olanlar var. 400 itin başqa bir əraziyə köçürülməsi çox çətin məsələdir, belə geniş ərazi tapmaq da qısa müddətdə mümkün deyil. Əgər yaxın günlərdə uyğun ərazi tapılmasa, ərazi sahibi də sığınacağın ərazisən çıxarılmasında israr etsə, 400 iti təkrar küçələrə, təbiətə buraxmalı olacaqlar. Bu isə fəlakət ola bilər.

AQTA Kollegiyasının qəbul etdiyi qərarın qüvvəyə minməsinə “Naynuxana” sahibi nə deyir? 

"Sherg.az”-a danışan N.Ramazanov bildirdi ki, qəbul edilmiş qərarın qüvvəyə minməsi də müsbət haldır, qərarda qeyd olunan sanitar normaları, qaydalar da. Lakin:

- Bu, çox yaxşı qərardır. Bəs bütün bunları kim təşkil etməlidir? Qərarın icrasına kim nəzarət edəcək? Bu sadalanan halları həyata keçirmək üçün sığınacaq sahiblərinə kim dəstək olacaq?

N.Ramazanov bildirdi ki, sahibi olduğu heyvan sığınacağı ilə bağlı vəziyyət kritik olaraq qalır: 

- Bizə buranı tərk edin, deyirlər. Rayon İcra Hakimiyyəti isə təhlükəli çay yatağında 5 il öncə bizə yer təklif edib. Yenə də oranı təklif edirlər. Biz isə təhlükəni nəzərə alaraq təklifdən imtina etmişik. Rayon ərazisində sığınacaq üçün uyğun bir yer, ərazi təklif edilmir. Amma qaydalar hazırlanır, onlara əməl edilməsi tələbi qoyulur. Necə, hansı imkanlarla? 400 itin taleyi necə olacaq, bilmirəm.