7 türk cümhuriyyəti öz taleyini yazır



Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzvlüyü gözləniləndir

İlkin mərhələdə Kuzey Kıbrısın quruma tam üzv olması yox, məşvərətçi statusda dəvəti mümkündür

  Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının növbəti sammiti keçiriləcək. Sammitdə Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasına qərar veriləcək. Xatırladaq ki, Türkmənistan TDT-da müşahidəçi statusunda çıxış edirdi. Türkmənistandan sonra təşkilatın tamhüquqlu üzvlərinin sayı 6-ya çatacaq. Digər 5 üzv - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Səmərqənddə keçiriləcək sammit öncəsi tez-tez gündəmə gələn məsələlərdən biri də Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin də nəhayət TDT-nin çətiri altında yer almasıdır. Ən azından ilkin mərhələdə Şimali Kıbrısa müşahidəçi satutusun verilməsi də təkliflər arasındadır. Hesab edilir ki, ABŞ-ın Cənubi Kipr Respublikasını silahlandırması, Yunanıstanın Ermənistanla daha da yaxınlaşması fonunda bu məsələ daha da aktuallaşıb. Ona görə də TDT-də 6 yox, 7 türk cümhuriyyətinin təmsil olunması təklif edilir. 

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, Türk Dövlətləri Təşkilatı yeni formalaşdığına və siyasi hücumlara məruz qaldığına görə bir müddət möhkəmlənmə dövrü keçməlidir. Professorun fikrincə, Türkmənistanın təşkilata üzv olması labüd idi:

 "İstənilən addım atılarkən onun doğura biləcəyi problemlər və mövcud siyasi reallıqlar da nəzərə alınır. Əlbəttə, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin tanınması və türk dövlətləri ilə sıx əməkdaşlığı çox önəmlidir. Azərbaycan Kuzey Kıbrısla bir sıra sahələrdə yaxın əlaqələrə malikdir. Görünür, indiki halda KKTC-nin TDT-yə üzv qəbul edilməsi yeni-yeni güclənmək yolunu tutmuş quruma problemlər yarada bilər. Kuzey Kıbrıs kimi Tatarıstan, Başqırdıstan, Kalmıkiya kimi respublikalar da TDT-ya qoşulmaq üçün müraciət edə bilərlər. O baxımdan çoxları hesab edir ki, ilkin mərhələdə Kuzey Kıbrısın quruma tam üzv olması yox, məşvərətçi statusda dəvəti mümkündür".

  C.Nuriyev qeyd edib ki, Türkiyənin özü cümhuriyyətin rəsmən tanınması ilə bağlı prosesə başlamağa tələsmir:

 "Ankara ona qarşı hücumların artacağının fərqindədir. Xüsusən, Yunanıstanla yaşanan gərginlik fonunda bu addım gərginliyi daha da artırar. Ancaq niyə də olmasın?! Kosovanı da belə tanıdılar. Bir çox ölkələr Kosovanın müstəqilliyini tanımasalar da, tanıyanlar da var. Kuzey Kıbrısın bir nömrəli qarantı və onu müstəqil dövlət kimi tanıyan yeganə ölkə Türkiyədir. Şübhə etmirəm ki, lazım olan məqamda, siyasi qərar olanda bir neçə ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacaq. Bu da yeni bir türk dövlətinin doğuşu olacaq".