Artıq Türkiyə-İsrail-Azərbaycan üçtərəfli strateji ittifaqı formalaşıb
Misir də bu ittifaqın bir hissəsi olmağa, ən azından bu strateji ittifaq ilə müsbət münasibət qurmağa çalışacaq
Yanvarın 16-18 Bakıda İsrailin Avrasiya regionunda olan səfirlərinin və İsrail XİN mərkəzi aparatının məmurlarının böyük işgüzar iclası keçirilir. Tədbirdə Rusiya, Ukrayna, Belarus, Moldova, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Serbiya, Albaniya, Şimali Makedoniya və Kosova səfirləri iştirak edəcək. İsraildən isə XİN-in siyasi məsələlər üzrə direktoru Aliza Bin-Nun iclasa qatılacaq. Toplam 30 nəfərdən çox diplomat "konfrans"da iştirak edəcək.
Politoloq Turab Rzayevin fikrincə, bu görüşü qısaca "Avrasiya ölkələri səfirlərinin regional konfransı" da adlandırmaq olar. Ekspert xatırladıb ki, keçmişdə uyğun təcrübə Moskva şəhərində baş tutub: "İndiki Rusiya-Ukrayna müharibəsi şəraitində postsovet və Balkan ölkələrindəki səfirlərin iclasının keçirilməsi üçün alternativ məkan kimi Bakı seçilib. İsrail XİN Moskvanı Bakı ilə əvəzləyib. Daha bir maraqlı məqam da Misirin Azərbaycana artan marağıdır. 26 yanvarda Misir prezidentinin Bakıya rəsmi səfəri gözlənilir. Azərbaycana ilk dəfə səfər edəcək Misir Prezidenti Sisini nazirlər və digər dövlət qurumları rəhbərlərindən ibarət yüksək rütbəli dövlət rəsmiləri müşayiət edəcək.
Yüz milyonluq ərəb ölkəsinin Azərbaycana ilk səfəri tarixi hadisədir. Bundan əvvəl 2020-ci ildə belə bir səfər planlansa da, pandemiya ilə əlaqədar təxirə salınmışdı. Misir Prezidentinin bu səfərinin Qafqazda ancaq Azərbaycan ilə yekunlaşması, Azərbaycanın artan siyasi çəkisinin daha bir sübutudur. Böyük ehtimalla Prezident Sisi Bakı şəhərində gecələyəcək. Buna qədər Azərbaycana Misirdən rəsmi ziyarətə gəlmiş ən yüksək rütbəli dövlət rəsmisi 2019-cu ilin oktyabrında Bakını ziyarət etmiş XİN naziri Sameh Şükri olub".
Analitik hesab edir ki, Azərbaycana Ərəb Şərqində artan marağın bir neçə səbəbi var:
"Bunlardan biri Ukrayna müharibəsindən sonra Orta Dəhlizin əhəmiyyətinin artması və bu dəhlizdə Azərbaycanın oynadığı mərkəzi roldur. Şərqi Asiya ilə Avropa arasında Azərbaycanın körpü mövqeyi indi daha çox əhəmiyyət kəsb edir. Digər tərəfdən, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır və Avropa qaz bazarına hər gün daha da çox can atan Misir üçün Azərbaycan ilə təcrübə mübadiləsi çox vacibdir. Misir Şərqi Aralıq qaz yataqları ilə Avropa enerji təhlükəsizliyi strukturunda yer tutmağa çalışır. Daha bir maraqlı məqam da Azərbaycanın bütün bu prosesi həm də Türkiyənin artan regional təsiri ilə balanslaşdırılmış şəkildə aparmasıdır. 2021-ci ilin sonundan etibarən istiləşməyə başlayan Türkiyə-İsrail münasibətlərinin bərpasına açıq şəkildə deyilməsə də, rəsmi Bakı da aktiv dəstək vermişdi".
T.Rzayevə görə, artıq Türkiyə-İsrail-Azərbaycan üçtərəfli strateji ittifaqının formalaşdığını demək mümkündür:
"Son dönəmlərdə Misir də Türkiyə ilə münasibətlərini istiləşdirməyə həvəsli görünür. Azərbaycan Türkiyə və Misir arasında münasibətlərin normallaşması və inkişafında da əhəmiyyətli vasitəçi ola bilər. Eyni zamanda Azərbaycan Misir qazının Avropaya çıxmasında ən böyük maneə - Türkiyə ilə münasibətlərin nizama salınması və Misir TANAP-ının inşasına töhfə verə bilər. Misir ənənəvi olaraq İsrail ilə təhlükəsizlik məsələlərində sıx münasibətləri qoruyub saxlayır.
Misir Prezidenti Türkiyə-İsrail-Azərbaycan strateji ittifaqının getdikcə möhkəmlənməsini və bölgənin gələcək təhlükəsizlik arxitekturasının inşasında artan rolunu nəzərə almaya bilməz. Böyük ehtimalla Misir özü də bu ittifaqın bir hissəsi olmağa, ən azından bu strateji ittifaq ilə müsbət münasibət qurmağa çalışacaq".