Asəf Quliyev Ağdamdakı görüşlərdən danışdı: “Sakinlərin istəklərini qeydə aldıq”

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Qarabağın yenidən qurulmasında vətəndaş cəmiyyəti və medianın rolu” layihəsinin icrasını davam etdirir. 

Bu barədə məlumat verən birlik sədri Asəf Quliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə vətəndaş cəmiyyəti strukturlarının formalaşması və medianın daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı yerlərdə mövcud durumu araşdırmaq üçün fokus qruplarda görüşlər keçirilib. 

“Hazırda Ağdamda yaşayan sakinlər arasında olan Qarabağ qaziləri, gənclər, yeniyetmələr, din xadimləri və azad olunmuş ərazilərdə fəaliyyət göstərən media mənsubları, sosial şəbəkə fəalları ilə çox səmərəli görüşlərimiz oldu. Bu görüşlərdə məqsəd mövcud durumu təhlil etmək üçün müəyyən informasiyalar əldə etmək, göstərilən təşəbbüsləri və azad olunmuş Ağdamda məskunlaşmış sakinlərin istəklərini qeydə almaq idi. Bu görüşlərdə qarşımıza qoyduğumuz məqsədlərə çatdığımızı demək olar”.

Birlik sədri mövcud çağırışlara cavab vermək üçün bu cür araşdırmaların aparılmasını çox vacib hesab edir:

“Böyük Qayıdış zamanı qarşıya çıxa biləcək problemləri öncədən araşdırmaq və gələcəkdə bu problemlərin olmaması üçün birgə fəaliyyət çox önəmlidir. Bu məsələdə həm medianın, həm də vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi ümumi işə çox faydalı ola bilər”.

Sonda Asəf Quliyev maraqlı bir faktı da bildirdi. 

“Ağdam Cümə Məscidində olarkən Axund Hacı Mehmandan Ağdama köçən sakinlər arasında kəbin üçün müraciət edənin olub-olmamasını soruşdum. Cavab bizi çox sevindirdi: Sizdən yarım saat əvvəl bir cütlük gəlmişdi, kəbin kəsdirməyə. Kəbinlərini kəsdirdilər, sonra da məscidin qarşısında şəkil çəkdirib getdilər. Bu Ağdama köçənlər arasında ilk kəbin deyil”.