Atəşkəs qan tökülməsinin qarşısını alacaq

Ancaq sülh razılaşmasının imzalanması uzun çəkəcək

"Ciddi saziş imzalanmasa, Prezident Putin və onun varisləri hər an yenidən Ukraynaya hücum edə bilərlər"

Ukraynada əsas döyüşlər Xerson və Mariupolda gedir. Müharibə tərəfləri tez-tez biri digərinə nisbətdə üstünlük qazanır və nəzarəti ələ alır. Martın 15-də Xersonun və Mariupolun çox hissəsinə Ukrayna ordusu nəzarəti təmin etsə də, martın 16-da vəziyyət cüzi olaraq Rusiyanın xeyrinə dəyişib. Ukrayna ordusu Luqansk istiqamətində də bir sıra uğurlu əməliyyat aparsa da, hazırda işğalçı Rusiya ordusu ukraynalı hərbçiləri ərazidən sıxışdırıb və Ukraynada olduqca dar bir ərazi qalıb. Donetskdə də analoji vəziyyət hökm sürür. Kiyevin mühasirəyə alınması əməliyyatlarında isə yeni istiqamətlər açılıb. Rusiya Sumı tərəfdən də öz hərbi karvanı üçün koridor aça bilib. Hazırda Ukrayna ordusu Xarkov istiqamətində əks-hücum əməliyyatları həyata keçirir. 

"Lavrovla görüşə hazır olduğumu bildirdim"

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla martın 10-da Türkiyədə keçirilən pərdəarxası görüşün təfərrüatını açıqlayıb: “Bu görüşdən böyük gözləntilərimiz yox idi. Türk həmkarlarımdan öncədən xahiş etdim elə protokol təşkil edilsin ki, onunla əl sıxışma, salamlaşma və bütün bu hekayələr olmasın”. Kuleba görüş zamanı Lavrova Mariupol və humanitar dəhlizlərlə bağlı məsələləri həll etməyi təklif edib: “Dedi yox, biz bunu etməyəcəyik. Mən başa düşdüm ki, biz heç nəyə nail ola bilməyəcəyik, Lavrov bu görüşdə heç bir qərar verməyə hazır deyil. Çavuşoğlu ilə görüşüm oldu. O, bir gün əvvəl Moskvada idi və dedi ki, bu görüşləri davam etdirmək üçün potensial imkan görür. Lavrovla görüşə hazır olduğumu bildirdim. Əsas odur ki, o, bu görüşlərə həll yolları axtarmaq üçün gəlsin, rus təbliğatının klassik povestlərini təkrarlamaq üçün yox”.

Zelenski ilə Putini görüşdürmək üçün yarış gedir

Dmitri Kuleba deyib ki, Rusiya Prezidenti Vladimir Putin hazır olsa, Vladimir Zelenski onunla günü sabah görüşə bilər: “Əgər Putin hazır olduğunu göstərsə, o zaman görüş sözün əsl mənasında sabah, hətta o biri gün də baş tuta bilər. Prezident Zelenski bu görüşə hazırdır. Onun mövqeyi aydındır”. Nazirin sözlərinə görə, bu görüşə ev sahibliyi etmək üçün bəzi ölkələr arasında rəqabət var: “Deyə bilərəm ki, Zelenski ilə Putin arasında görüş keçirmək hüququ uğrunda yarış Olimpiya Oyunları uğrunda mübarizədən daha sərtdir”.

“Kiyev danışıqların sürətlənməsinə maraq göstərmir”

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanı danışıqlar prosesini uzatmaqda da ittiham edib. Peskov Kiyevin sürətlənməsinə maraq göstərmədiyini də əlavə edib. O həmçinin, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə Putin-Zelenski görüşünün keçirilməsinə ehtiyac yarana biləcəyini istisna etməyib: “Rusiya Federasiyasına qarşı sanksiyalar təzyiqi bundan sonra da davam edəcək. Lakin buna artıq öyrəşmişik".

“Bu sanksiyalar Qərbin strateji kursunun kvintessensiyasıdır”

Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya artıq Qərblə yeni münasibətlər qurur: “Qərbdəki tərəfdaşlarımıza bel bağlaya biləcəyimizlə bağlı illüziyalar indi puç olub. Hazırda yalnız özümüzə və yanımızda duracaq müttəfiqlərimizə bel bağlaya bilərik. Bu da geosiyasətdə Rusiyanın çıxardığı əsas nəticədir”. Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi stratejidir: "Bu sanksiyalar Qərbin strateji kursunun kvintessensiyasıdır.
Daha doğrusu, məqsəd Rusiyanı marginallaşdırmaq, onu yerində saymağa vadar etmək, Rusiyanın inkişafına son qoymaq, habelə dünya siyasətində, iqtisadiyyatında, idmanda, incəsənətdə, ticarətdə, elmdə, təhsildə Rusiyanın rolunu sıfıra endirməkdir".

“Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün o qədər çətin deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün o qədər çətin deyil: “Məsələn, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya üzv olmayacağını artıq bəyan edib. Amma Ukraynanın tərksilah edilməsi, rus dilindən istifadənin qüvvədə qalması və de-nazifikasiya çətindir. Bu, əslən yəhudi olan və bəzi qohumları Holokostda ölən cənab Zelenski üçün təhqirdir. Cənab Zelenski artıq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və onunla təkbətək danışıqlara hazır olduğunu bildirib. Rusiya Ukrayna hökumətindən Ukraynanın şərqindəki ərazilərdən imtina etməyi tələb edəcək. Bu, dərin mübahisələrə səbəb olacaq. Digər ehtimal isə ondan ibarətdir ki, Moskva Kiyevdən 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımın işğalını tanımasını tələb edəcək. Bu, Ukrayna üçün çətin olacaq”. İ.Kalın bildirib ki, Rusiyanın Krıma sahib olmaq hüququ yoxdur: “Buna baxmayaraq, Putinin tələbləri deyildiyi qədər sərt deyil. Qan tökülməsi, dağıntılar tələbləri daha ağırdır. Ciddi saziş imzalanmasa, Prezident Putin və onun varisləri hər an yenidən Ukraynaya hücum edə bilərlər. Atəşkəs qan tökülməsinin qarşısını alsa da, sülh razılaşmasının imzalanması uzun çəkə bilər. Ukrayna şəhərlərinin bərpası çox vaxt alacaq. Müharibəni bitirmək üçün bizim səylərimiz davam edir və görünür, neytral mövqedə olmağımız nəticə verir”.

Daha 3 ölkə rus diplomatları qovur

Litva, Latviya və Estoniya ölkələrindəki Rusiya səfirliklərinin əməkdaşlarını çıxarmaq qərarına gəliblər. Məlumata görə, Latviya Xarici İşlər Nazirliyi rus diplomatları diplomatik statusa zidd fəaliyyət göstərməkdə, Estoniya isə onları ölkənin təhlükəsizliyinə xələl gətirməkdə və propaqandada ittiham edir. Bildirilib ki, rus diplomatların qovulması 3 ölkə arasında razılaşdırılıb. Qeyd edək ki, bu gün Bolqarıstan da Rusiyanın ölkədəki səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edib. 


Rus diplomatlara AB binalarına giriş qadağan edildi

Rusiya və Belarus diplomatlarına Brüssel və Strasburqda AB-nin binalarına giriş qadağan edilib. Bu barədə Avropa Parlamentinin sədri Robert Metsola Tvitter səhifəsində yazıb: “Bu gündən Rusiya və Belarusun diplomatik və dövlət qulluqçularının Avropa Parlamentinin binalarına girişi qadağan edilib. Demokratiya Evində demokratik nizamı məhv etmək istəyənlərə yer yoxdur”.

“Rusiya ordusunun logistik problemləri yaranıb”

Politoloq Elxan Şahinoğlu bildirib ki, Ukraynada davam edən müharibə dəhşətli və faciəvi olduğu qədər müxtəlif silah növlərinin testdən keçirildiyi məkana çevrilib: “Rusiya hərbi texnikasının işğalçı müharibədə hələ ki, öyünəcək tərəfi yoxdur. Rusiyalı rəsmilərin və generalların “nöqtə atışları həyata keçiririk”, nağılına kimsə inanmır. Türkiyənin “Bayraqdar”ları dördüncü məkandır ki, özünü müsbət tərəfdən göstərir. “Bayraqdar”lar İraq və Suriya ərazisində PKK terrorçularına zərbələr endirməklə yanaşı, Liviya, İkinci Qarabağ və Ukrayna müharibəsində şöhrətini artırdı. ABŞ və Böyük Britaniya da Ukraynaya ötürdüyü silahlar vasitəsilə hərbi texnikasını real döyüş şəraitində testdən keçirir. NATO-nun rəqibi Rusiyadır və Ukrayna müharibəsində ABŞ və Böyük Britaniyanın tank, hərbi təyyarə və helikopterlər əleyhinə raket sistemləri tam gücüylə işləyirlər. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarının yanlış olduğuna bu aspektdən də yanaşmaq olar. Kreml sahibi Ukrayna müharibəsində NATO ölkələrinin hərbi texnikasının üstünlüyünə şərait yaratdı. Misal üçün, ABŞ-ın “Javelin” sistemləri Ukraynada Rusiyanın tanklarını məhv etməkdədir. Bu sistemi mənimsəmək üçün xüsusi təlimə də ehtiyac yoxdur, hədəfə tərəf tuşluyursan, raket öz işini görür”. Ekspert bildirib ki, Rusiya ordusunun logistik problemləri yaranıb: “Ukrayna ordusu partizan müharibəsinə keçərək əks-hücumlarla Rusiya ordusuna hərbi texnika, ərzaq və digər yardımçı texnika daşıyan kolonları zərərsizləşdirir. Nəticədə Rusiya ordusu istifadə etdiyi mərmi və güllə sarıdan, ərzaq çatışmazlığından əziyyət çəkir. Bunlar təmin olunmadan irəliləmək çətindir.
İkinci, rusiyalı hərbçilərin motivasiyası zəifdir. Onlar başqa dövlətin ərazisində nəyin uğrunda savaşdıqlarını və ölümə getdiklərini anlamırlar, ona görə də sağ qalmaq üçün bir qismi təslim olur”.