"Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası Rusiyanı narahat edir”
Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan və Ermənistan arasında sülh Rusiyanın maraqlarına uyğun deyil” açıqlaması Cənubi Qafqazda geosiyasi rəqabətin mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu bəyanat təkcə Moskvanın regiondakı ənənəvi təsir mexanizmlərinə yönəlmiş siyasi mesaj deyil, həm də İrəvanın son dövrdə dəyişən xarici siyasət kursunun növbəti nümayişi kimi qiymətləndirilir. Simonyan faktiki olaraq etiraf edir ki, Azərbaycan-Ermənistan normallaşması baş tutarsa, Moskvanın region üzərində illərlə formalaşdırdığı təsir alətləri zəifləyəcək və Cənubi Qafqazda yeni siyasi reallıq yaranacaq. Bu açıqlama həm də onu göstərir ki, Ermənistan daxilində Rusiyanın roluna münasibət əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə dəyişib. İrəvan artıq açıq şəkildə Moskvanı təhlükəsizlik təminatçısı deyil, regional təsirini münaqişə və gərginlik üzərindən qorumağa çalışan güc kimi təqdim edir. Simonyanın mesajı Ermənistan hakimiyyətinin son illər formalaşdırdığı siyasi xəttə uyğundur: yəni regionda dayanıqlı sülh əldə olunarsa, Rusiya həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarının mühüm hissəsini itirəcək.
Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, Rusiya militarist dövlətdir və hər zaman gücə üstünlük verib:
“Bu baxımdan işğalçı və dağıdıcı olması onun mahiyyətinə uyğundur və siyasəti də bu istiqamətdə qurulub. Təsəvvür edin ki, bu gün Rusiya hər vəchlə Zəngəzur dəhlizinin açılması kontekstində bu prosesdə iştirakçı və nəzarət imkanı əldə etmək istəyir. Bunu da hər zaman dilə gətirir və Ermənistan üzərində təzyiq göstərir. Bu isə onu göstərir ki, Rusiyanın artıq Azərbaycana və Ermənistana təsir imkanları azalıb. Qarşılıqlı ərazi bütövlüyünü bu dövlətlər münaqişə tərəfi kimi tanıyandan, sülh sənədini ABŞ-də, Vaşinqtonda avqustun 8-də paraflayandan və digər razılaşmalar əldə olunandan sonra artıq Rusiyanın vasitəçi kimi, eyni zamanda proseslərə həlledici geosiyasi amil kimi təsir imkanları sıfıra enib. Ancaq bu münaqişə davam etmiş olsaydı və Rusiya qoşunları da Qarabağda varlığını sürdürsəydi, Moskva istəklərini Azərbaycana və Ermənistana təsir imkanlarından istifadə edərək həyata keçirə bilərdi. İndi bunu ona görə edə bilmir ki, münaqişə artıq mövcud deyil və Rusiyanın iştirakı olmadan müəyyən mənada çözülüb”.
Analitik qeyd edib ki, sülhün mövcudluğu kontekstində Rusiyanın geosiyasi iddiaları işləmir:
“ Bunun işləməsi üçün Rusiyanın mütləq mənada ciddi təsir və təzyiq imkanları olmalıdır. Bu da işğaldan, əzməkdən, imperiya siyasətindən irəli gəlir. Bu gün Cənubi Qafqaz uğrunda çox ciddi rəqabət gedir və bu məsələdə artıq Rusiya həlledici geosiyasi amil, güclü tərəf sayılmır, regionda sabitlik amili isə heç deyil. Çünki regionda Rusiyadan başqa qardaş Türkiyə var, Azərbaycan-Türkiyə arasında müttəfiqlik Şuşa Bəyannaməsi ilə təsbit olunub. O cümlədən Avropa Birliyi müəyyən mənada konkret missiyalarla Ermənistanda mövcuddur. Ən nəhayət, regionda Orta Dəhlizin əlavəsi olaraq dünyaya açılan yeni nəqliyyat-kommunikasiya xətti, yəni Tramp marşrutu mövcuddur ki, bu da ABŞ-nin regionda ciddi varlığına söykənir”.
Politoloq əlavə edib ki, Rusiya zəifləyən, ABŞ isə regionda güclənən tərəf kimi görünür:
“ Ona görə Rusiyaya bu cür kataklizmlər, toqquşmalar, müharibələr lazımdır ki, prosesdə aktiv rol oynasın, münaqişəni guya həll edən tərəf görüntüsü yaratsın. Bu da əlbəttə Rusiyanın regionda dominantlığına xidmət edir.Ancaq göründüyü kimi status-kvo dəyişib və köhnə status-kvonun yenidən bərpasını nə Ermənistan, nə də Azərbaycan istəyir. Rusiyanı qıcıqlandıran məqam da məhz bundan ibarətdir. Yəni daha çox müstəqil, suveren dövlət və siyasət yürütməyə çalışan Azərbaycan və Ermənistan görünür. Bu kontekstdə Cənubi Qafqazın daha müstəqil olması üçün yeni münasibətlər sistemi və təhlükəsizlik arxitekturasının qurulmasına ehtiyac var. Bu istiqamətdə də işlər gedir, konkret fəaliyyətlər mövcuddur. Doğrudur, bu proses sürətli deyil, ancaq gedir. Bu da perspektivdə Rusiyanın regiondan sıxışdırılması anlamına gəlir. Rusiyabunu iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində kompensasiya etmək istəyir. Yəni Rusiyayönlü kukla rejimi yenidən Ermənistanda hakimiyyətə gətirməklə Cənubi Qafqazda nəzarəti bərpa etməyə çalışır. Ona görə Avropa Birliyi Rusiyanın bu dağıdıcı və hibrid müdaxiləsinin qarşısını almaq üçün iki illik yeni missiyanı Ermənistana göndərib. Yəni Avropa Birliyi Moldovada Rusiyaya yaşatdığı məğlubiyyəti eynilə Ermənistanda da təkrarlamaq niyyətindədir”.