Az qalıb, qazdıqları səngərdə boğulacaqlar

Azərbaycanın Qarabağa tam nəzarət etməsi sadəcə zaman məsələsidir

Qarabağdakı separatçılar “kənd təsərrüfatı işləri” adı altında torpaqlarımızda səngər qazmağa cəhd ediblər. Qanunsuz qazıntılar müşahidə edildikdən sonra bölmələrimiz tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Nəticədə səngər qazıntılarının qarşısı alınıb. Xatırladaq ki, torpaqlarımızdakı separatçılar bütün təxribatlarını bölgəyə nəzarət edən Rusiya sülhməramlılarının gözü qarşısında həyata keçirirlər. Torpaqlarımızdakı qanunsuz silahlı dəstələrin növbəti təxribatını “Şərq”ə dəyərləndirən politoloq Turab Rzayev deyib ki, məqsəd Azərbaycan tərəfini qıcıqlandırmaq və aqressiv hərəkətlərə məcbur etməkdir. Analitik vurğulayıb ki, separatçılar tarix səhnəsindən silindiklərini qəbul etmək istəmir: “Hər vəchlə çalışırlar ki, özlərini xatırlatsınlar. Məhz ona görə mütəmadi “hərbi təlimlər” keçirir, “səfərbərlik elan edir”, yaxud səngər qazırlar. Belə təxribatlar gözləniləndir. 

Burada separatçıların “özünütəsdiqindən” başqa Rusiya amili də var. Sülhməramlılar separatçıların qanunsuz hərəkətlərinə göz yummaqla bir növ təşkilatçı rolunda çıxış edirlər. Şuşa Bəyannaməsindən sonra Azərbaycanın ərazi bütövlüyünün qarantı həm də qardaş Türkiyədir. Rəsmi Bakı Türkiyə ilə birlikdə həm xarici siyasətini, həm də təhlükəsizliyini koordinasiya edir. Bunlar Rusiya üçün narahatedici amillərdir. 

Rusiyanın postsovet ölkələri üzərindəki təzyiqi məlumdur və bu baxımdan Moskva Şuşa Bəyannaməsinə qısqanclıqla yanaşır. Ermənilərin vasitəsi ilə həyata keçirilən bütün təxribatlar Azərbaycana təzyiq göstərmək məqsədi daşıyır. Rəsmi Bakıya qarşı psixoloji müharibə aparırlar. 

Daha doğrusu, Türkiyə ilə yaxınlığa görə Azərbaycanı “cəzalandırırlar”. Amma bütün cəhdlər uğursuz olacaq. Azərbaycanın Qarabağa tam nəzarət etməsi sadəcə zaman məsələsidir”.