Azərbaycan-İsrail münasibətləri tarixi-mədəni köklərə əsaslanır


Hər iki xalq tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya göstərə biliblər

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 

  Hər bir dövlət təhlükəsizliyini və inkişafını təmin etmək məqsədilə daxili-xarici siyasi xəttini seçərək müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələr yaradır. Kifayət qədər mürəkkəb və strateji cəhətdən olduqca əhəmiyyətli coğrafi bölgədə yerləşən ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra digər ölkə və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması sahəsində ciddi addımlar atmağa başlayıb. Bununla yanaşı, Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olan ölkələr müstəqil dövlətimizi beynəlxalq hüququn subyekti kimi rəsmən tanıyaraq, diplomatik əlaqələrin qurulmasında önəmli səy göstəriblər. Bütün mərhələlərdə Azərbaycanla dostluq münasibətlərinə üstünlük veriblər. Belə ölkələrdən biri də dost İsrail dövlətidir. İki dost ölkə arasında mühüm hadisələrdən biri nəhayət uzun zamandan sonra Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı qərar oldu. Bir müddət əvvəl Milli Məclisdə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi qəbul edildi. Daha sonra Prezident İlham Əliyev İsraildə səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqlədi. 
  İsrailin Azərbaycandakı səfiri Corc Dik səfirliyin açılması qərarını alqışlayıb və bu addımın ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini deyib. Bildirib ki, ötən il Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq qərarı sayəsində ölkələr arasında münasibətlər yeni səviyyəyə yüksəlib: "Bu qərar çoxdan gözlənilən və tarixi qərar idi. Aramızda diplomatik əlaqələr 30 ildir qurulub, İsrailin Bakıdakı səfirliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycan parlamentinin bu qərarı yekdilliklə təsdiqləməsi, daha sonra isə prezidentin müvafiq qanunu imzalaması bizi sevindirdi. Səfirliyin açılmasının bir neçə müsbət nəticəsi olacaq. Bu, ilk növbədə, ölkələrimizin xalqlarına iki dövlət arasında münasibətlərin strateji və dərin olması və onlarla fəxr edə biləcəyimizə dair mesajdır. İkincisi, bu, Yaxın Şərq və bu region ölkələrinə mesajdır ki, həm Azərbaycan, həm də İsrail bu ikitərəfli münasibətləri qarşılıqlı faydalı hesab edirlər. Başqa dövlətlər bəyənsə də, bəyənməsə də, bizim aramızda mühüm və strateji tərəfdaşlıq var. Bundan əlavə, indiyədək Azərbaycanın İsraildə siyasi nümayəndəliyi, əməkdaşlıq etmək üçün startapların, texnologiya şirkətlərinin və universitetlərin nümayəndələri ilə görüşə biləcək kimsə olmayıb. Azərbaycanın mövqeyini təqdim edən kimsə olmayıb. İndi isə İsraildə səsimiz və hökumət körpüsü olacaq. Bu da Azərbaycan xalqının İsrailin təklif etdiyi layihələrdən faydalanmasına imkan verəcək. Fikrimcə, Azərbaycanda ictimaiyyət, xüsusən də ikinci Qarabağ müharibəsindən sonra, İsraildə səfirliyin açılmasını böyük çoxluqla dəstəkləyir". 
  İctimaiyyət nümayəndələri də bu qərarı çox yüksək qiymətləndiriblər. Vurğulanıb ki, Azərbaycan-İsrail münasibətləri yalnız iqtisadi-strateji faydaya deyil, həm də tarixi-mədəni köklərə əsaslanır. Hər iki xalq tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya göstərə biliblər. Ölkəmiz daim müxtəlif din və millətlərin qarşılıqlı hörmət şəraitində yaşadığı bir dövlət modelini sərgiləyib. Azərbaycanda heç zaman milli-etnik dözümsüzlük və bəzi ölkələrdə müşahidə olunan antisemitizm təzahürləri olmayıb. Bu səbəbdəndir ki, yəhudilərin ən rahat yaşadıqları ölkələrdən biri məhz Azərbaycandır. Əsrlər boyu  ölkəmizdə yaşayan yəhudilər özünü Azərbaycan xalqının, cəmiyyətinin ayrılmaz tərkib hissəsi hesab edib, ölkə həyatının bütün sahələrində fəal iştirak ediblər. Bütün bunlar iki ölkənin əlaqələrinin inkişafında müstəsna rol oynayan amillərdi. İki ölkə arasında münasibətlərin qurulmasının 30 illiyində əməkdaşlıq strateji müttəfiqlik səviyyəsinə qədər inkişaf edib. 
Bir məqamı da xatırladaq ki, İsrailin Avrasiya ölkələrindəki səfirləri Bakıda toplaşacaq. İsrail Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulan görüşün yanvarın 16-18-də keçirilməsi planlaşdırılır. Səfirlərin Bakı toplantısının gündəliyi və digər detallar hələlik məlum deyil. Ekspertlərin fikrincə, səfirlərin görüşünün Bakıda keçirilməsi iki ölkə arasında qarşılıqlı etimaddan irəli gəlir.  
  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun yüksək olduğunu təsdiqləyir. Analitikin sözlərinə görə, Azərbaycan bundan öncə də geosiyasi baxımdan bir-biri ilə münaqişədə olan ayrı-ayrı dövlətlərin yüksək rütbəli nümayəndələrinin görüşünə ev sahibliyi edib: "Hər bir dövlət Azərbaycanı neytrallığına görə rahatlıqla görüş məkanı kimi seçə bilir. Bu dəfə də İsrailin Azərbaycanı görüş üçün seçməsi olduqca rasional qərardır. Çünki İsrail-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Avrasiyanın orta xəttində İsrailin güvənə biləcəyi ölkə məhz Azərbaycandır. Azərbaycan-İsrail əlaqələri kimin nə deməsindən asılı olmayaraq, yüksələn xətlə inkişaf edir və edəcək". Ekspert bildirib ki, Avrasiya ölkələrinin diplomatik korpusunun Bakıya gəlib Azərbaycanla tanış olması informasiya siyasəti baxımından bizim üçün faydalı olacaq: "İsrailin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfərini nəzərə alsaq, əlbəttə, bu, Cənubi Qafqazda gedən proseslər üçün yeni səhifə deməkdir. Azərbaycan-Türkiyə-İsrail "geosiyasi oxu" çox böyük nəticələr əldə edə bilər. Bu birlik eyni zamanda geosiyasi sabitliyə təsir göstərə bilər".
  Millət vəkili Ceyhun Məmmədov da bildirib ki, toplantının Azərbaycanda keçirilməsi iki dövlət arasındakı qarşılıqlı inamı təcəssüm etdirir. Bu həm də İsrail-Azərbaycan əlaqələrinin necə sürətlə inkişaf etməsinin sübutu kimi dəyərləndirilə bilər: "Yeri gəlmişkən, bu görüş həm də Azəbaycandakı stabilliyə dünya ölkələrinin inamının ifadəsidir. Bundan sonra da İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişafının şahidi olacağıq. İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olması bu qərara şərait yaradıb. İsrail və Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir. Bu inkişaf hər iki ölkənin marağındadır. Azərbaycan İsrailə, İsrail də Azərbaycana həmişə dost münasibət bəsləyib. İsrail Azərbaycanın mövqeyini bütün platformalarda müdafiə edib. Eyni zamanda qeyd edim ki, Azərbaycanın İsraildə səfirlik açması da münasibətlərin inkişafına təkan verəcək".