Azərbaycanda 9 May bayram günləri siyahısından çıxarılsın!

“Sadəcə bir xatirə günü kimi qala bilər. Tarix kitablarında bu yöndə düzəlişlər etmək vaxtıdır”

“Qarşıdan 9 may günü gəlir. Bəzi insanlar hələ də o günü “Böyük Vətən müharibəsi”, “Qələbə Günü” kimi dilə gətirirlər. Bu, yanlışdır. Bizim üçün “böyük vətən” olmadığına və müharibəyə öz Vətənimiz Azərbaycan uğruna qatılmadığımıza görə, ona belə adla müraciət edə bilmərik”. Bu barədə tanınmış jurnalist, siyasi şərhçi Azər Həsrət deyib. Ekspert bildirib ki, ən doğru olanı İkinci Dünya müharibəsi ifadəsidir: 

“Azərbaycan da bu müharibədə iştirak edib. İkinci Dünya müharibəsi isə 1945-ci il mayın 9-da yox, sentyabrın 2-də başa çatıb. Ona görə də Azərbaycanda 9 mayın ümumiyyətlə yavaş-yavaş bayram günləri siyahısından çıxarılmasına başlamaq lazımdır. Sadəcə bir xatirə günü kimi qala bilər. Tarix kitablarında bu yöndə düzəlişlər etmək vaxtıdır. Moskva İkinci Dünya müharibəsindəki qələbəni hər vəchlə rusların və Rusiyanın ayağına yazmağa çalışır. Guya ki, o müharibəni yalnız rus milləti və Rusiya dövləti udub. 

Bu, nankorluq və naşükürlükdür. Sovet İttifaqı adı altında varlığına davam edən Rusiya imperiyası milyonlarla türkü, o cümlədən azərbaycanlını faşistlərin “ət maşı”nına göndərəndə heç rus “qəhrəmanları” yada düşmürdü. Amma aradan illər keçib, bunlar iddia edirlər ki, qələbə yalnız rusundur! Ukraynaya baxanda kimin haqlı olduğunu görmək mümkündür. 

“Rusiya ruslarındır” deyə hayqıran ruslar nəyə görəsə Ukraynanı işğal etmək üçün daha çox qeyri-rusları, əsasən da türkləri göndərirlər. Zaman keçib, dünya dəyişib, amma “velikorus” zehniyyəti dəyişməyib”.