Azərbaycanda dini sahəyə çox böyük diqqət və qayğı göstərilir

Ceyhun Məmmədov: "İlahiyyat İnstitutu ölkəmizdə savadlı dini kadrların yetişdirilməsinə ciddi töhfə verəcək"

"Bütün dünya ölkələrində din hər zaman dövlətin nəzarətində saxlanılır. Eyni zamanda dini tədris elmi əsaslar üzərində öyrənilir, tədqiq olunur"

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən aprelin 11-də yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda da öyrənilir. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət başçısına məlumat verərək bildirdi ki, İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Hər üç təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur. Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər. Şübhəsiz, bu sahədə əldə olunan bütün uğurlar dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanda dini tədris sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının təzahürüdür. Mövzu ilə bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov da bildirib ki, Prezident İlham Əliyev hər zaman dini, milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısı seçilib. Deputatın sözlərinə görə, bu məqam dövlət başçısının yanaşmasında da özünü açıq-aşkar göstərir...

- Ceyhun müəllim, ölkə rəhbərliyinin dini tədris sahəsinə xüsusi həssaslığını, daim diqqət göstərməsini necə dəyərləndirirsiniz?  

- Cənab Prezident 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında qərar verdi. Qısa müddət ərzində institut üçün xüsusi bina ayrıldı və daha sonra təmir olunaraq vətəndaşlarımızın istifadəsinə verildi. Əminliklə söyləmək olar ki, bu gün Azərbaycanda dini sahəyə çox böyük diqqət və qayğı var. İşğaldan azad olunmuş ərazilərdə - Şuşada məscid yüksək səviyyədə təmir olunur. Eyni zamanda Hadrutda, Suqovuşanda, Daşaltıda yeni məscidlər inşa olunur. Ölkəmizdəki dini icmalara da dövlət xüsusi diqqət və qayğı göstərir. Onlara hər cür yardım edilir. Bütün dini icmalar bu qayğını öz fəaliyyətlərində aydın şəkildə hiss edirlər. Təbii olaraq bu diqqət və qayğı vətəndaşlarımız tərəfindən məmnunluqla qarşılanır və yüksək qiymətləndirilir. Vurğulamaq lazımdır ki, bu siyasətin əsası ulu öndər tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyev bu siyasəti uğurla, uzaqgörənliklə davam etdirir. 

- Azərbaycan İlahiyyat İnstitutu savadlı dini kadrların yetişdirilməsində mühüm rol oynayacaqmı? 

- Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə savadlı dini kadrların yetişdirilməsinə ciddi töhfə verəcək. Xatırladım ki, İlahiyyat İnstitutu yaradılmamışdan öncə vətəndaşlarımız dini təhsil almaq üçün müxtəlif xarici ölkələrə üz tuturdular. Bir sıra hallarda da zərərli dini təsirlərə məruz qalırdılar. Ölkəmizdə İlahiyyat İnstitutunun yaradılması həm dini təhlükəsizliyin təmin olunmasına, həm dövlət-din münasibətlərinin yüksək səviyyədə qorunmasına, tənzimlənməsinə öz töhfəsini verəcək. Biz bunu cənab Prezidentin siyasətində aydın görürük. Milli kadrların yetişdirilməsi prioritet olaraq bizim qarşımızda qoyulub. Bu vəzifənin yerinə yetirilməsi istiqamətində Azərbaycan İlahiyyat İnstitutu mühüm rol oynayır. 

- Dini təhsilin dövlət nəzarətində olması və elmi əsaslarla aparılması nə qədər mühümdür?

- Dini təhsilin dövlət nəzarətində olması çox önəmli və əhəmiyyətlidir. Din çox həssas məsələdir. Bütün dünya ölkələrində din hər zaman dövlətin nəzarətində saxlanılır. Eyni zamanda dini tədris elmi əsaslar üzərində öyrənilir, tədqiq olunur. Dinin tədrisində elmi metodlardan geniş istifadə edilir. Din elə bir sahədir ki, burada elmi əsaslarla yanaşma xüsusi önəm daşıyır. Əgər dini sahəni düzgün tənzimləmək, dini təhlükəsizliyimizi təmin etmək, qorumaq istəyiriksə, birmənalı olaraq dini təhsil dövlətin nəzarətində olmalıdır. Dünyada baş verən ümumi proseslərə nəzər yetirəndə din sahəsinin nə qədər həssas və vacib olduğunun şahidi olarıq. Azərbaycan Prezidenti bu istiqamətdə çox uğurlu siyasət həyata keçirir. Bu proses ölkəmizdə dini təhsilin inkişafına, daha da irəli getməsinə birmənalı müsbət təsir göstərəcək”.