Bahalı toy, iyrənc mənzərə: “Ərzağın keyfiyyətinə fikir verən yoxdur”

  • “Toy sahibini borc, şadlıq sarayını qazanc düşündürür”

Paytaxtın 7-ci mikrorayon ərazində yerləşən “Çıraq” şadlıq sarayında keçirilmiş toy məçlisində qonaqlara keyfiyyətsiz - pis qoxulu ət yeməyinin təqdim olunması xəbəri yayılıb. Toyda iştirak edən bir nəfər qonaqların iradından sonra ofisiantların masalardan bu yeməyi yığışdırdığını əks etdirən görüntü paylaşıb. 

Şadlıq saraylarında indiyədək də vaxtaşırı monitorinqlər aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi paytaxtın ən tanınmış, “şöhrət qazanmış” şadlıq saraylarının mətbəxindəki anti-sanitar vəziyyətlə bağlı fotolarla birlikdə məlumatlar yayıb. Amma sahibkarlar, görünür nəticə çıxarımır. Bahalı menyular təklif edir, daha artıq qazanc əldə etmək üçün ucuz və kyfiyyətsiz ərzaqlardan istifadə edir, yeməklərin hazırlanmasında da qaydalara əməl etmirlər. “Çıraq”dakı hadisə də buna sübutdur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, bunun səbəbkarı həm də vətəndaşların özləridir: 

- Neçə nəfər göstərə bilərsiniz ki, toy məclisi üçün şadlıq sarayında yer tutanda gedib mətbəxə, ərzaqlar saxlanan soyuduculara, yeməyin harada, necə hazırlandığına baxıb, yemək bişirənlərin gigiyenik tələblərə riayət edib-etmədiyi ilə maraqlanıb? Müştərinin buna haqqı çatır, hüququ var. Amma kimsə bunu etmir. Bizim insanımız ancaq nəyi soruşur, ət haranındı, hardan gətirirsiz? Şadlıq sarayının da administratoru gah deyir, “Beyləqan ətidi”, gah da deyir “Ağcabədidən gətirdirik”. Sifarşçi də sevinir, inanır. Bəlkə də özünü inanan kimi göstərir. Birincisi, ətin haradan gətrildiyini insanının müəyən etməsi mümkün də deyil. Özünü aldatmaq üçün giya ki inanır. Amma ətin keyfiyyətini yoxlamaq olar, buyursun mətbəzə keçsin, ətin üzərində AQTA-nın möhürünün olub-olmadığını yoxlasın. Möhür olsa, biləck ki keyfiyyətli ətdir, yoxlanıb, zərərli deyil. Bunu etmirlər. Ya da digər yeməklər, salatlarda istifadə olunan ərzaqlar, tərəvəzlər, harada, necə şəraitdə saxlanır, hansı şəraitdə hazırlanır, kimsə bununla maraqlanmır. Şadlıq sarayının sahibini toyu yola verib qazanc əldə etmək, toy sahbini də toyu bir təhər başa vurub şadlıq sarayına borclu qalmamaq düşündürür. Ərzağın keyfiyyətinə, sanitar normalara fikir verən yoxdur. Ona görə də toylarda kütləvi zəhərlənmələr olur. 

E.Hüseynov vətəndaşları fəal olmağa, ictimai nəzarət müxanizmlərindən istifadə etməyə çağırdı: 

- İctimai nəzarət güclü olsa, insanlarımız rastlaşdıqları neqativ halları ictimailəşdirsələr, mənfiliklər azalar. Hər bir neqativ halla bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Qaynar Xəttinə müraciət etsinlər.