Bakı şərtləri diktə edən tərəfdir

Erməni cəmiyyəti də müharibə istəmir, ona görə müxalifətə qoşulmur

"Paşinyan sülh danışıqlarında istədiyini almaq üçün maksimum dirənəcək, lakin sonda razılaşmalı olacaq"

   Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi görmədiyini deməkdən imtina edib. Simonyan bildirib ki, o, “Qarabağ Azərbaycanın deyil” cümləsi qura bilməz, çünki danışıqlar prosesi gedir: “Bu bəyanatla mən həm danışıqlardakı erməni tərəfini, həm də bütün danışıqlar prosesini fakt qarşısında qoymuş olaram”. Məlumat üçün bildirək ki, iyunun 3-də erməni müxalifəti parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. İrəvan müxalifəti bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməyəcək.

Baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyası isə artıq bu iclasda iştirak etməyəcəyini bəyan edib. Bu arada Ermənistan hökuməti 2022-ci ilin dövlət büdcəsindən Qarabağa maliyyə ayrılacağını açıqlayıb. Vəsait Qarabağda mənzil tikintisinə yönəldiləcək. Məlumat üçün bildirək ki, son günlər Ermənistanda Qarabağ məsələsi yenidən gündəmdədir. Revanşist güclər, Baş nazir Nikol Paşinyana müxalif olan qüvvələr Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını qəbul etmirlər.  

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, 90-cı illərin sonunda sabiq prezident Levon Ter-Petrosyana qarşı edilənlər, parlamentin gülləbaran edilməsi eyni senarinin təkrarlanması riskini yaradır. Analitikə görə, hətta Qarabağda keçmiş xunta rejiminə bağlı generalların silahlı toqquşmaları, separatçı-terrorçu rejimin ələ keçirilməsi və Paşinyanı silahlı yolla devirmək senarisi də istisna deyil: 

“90-cı illərdə keçmiş “Qarabağ klanı” Ermənistanda hakimiyyəti bu yolla ələ keçirmişdi. Bu baxımdan, fikir ayrılıqlarının olmasının sülh prosesinə təsir göstərməsi mümkündür, lakin mövcud şərtlər 90-cı illərdən xeyli fərqlənir. 

Birincisi, Ermənistanda əhalinin ən azı 50 faizdən çoxu müharibə istəmir. 44 günlük müharibədə yaşadıqlarını unutmayıblar. Paşinyanın seçkidə qalib gəlməsi də bunu təsdiqlədi. İkincisi, əhali “Qarabağ klanı”nın – Sarkisyan-Koçaryan cütlüyünün hakimiyyətə gəlişini istəmir. 

Üçüncüsü, Paşinyanın həm sosial dayaqları, həm də Qərbdən verilən dəstəyi güclüdür və bu, ona etirazları asanlıqla əzmək imkanı yaradır. Bu baxımdan, müxalifətin etirazlar, yaxud mümkün silahlı qiyam senarisi üzərindən nəyəsə nail olacağı ehtimalı azdır. 

Lakin Paşinyan hakimiyyətinin özü bu proseslərdən danışıqlar masasında istədiyini almaq, yaxud Qarabağla bağlı məsələdə razılaşmamaq üçün istifadə edəcək. Bildirəcək ki, ölkədə əhalinin etirazı var, sülh sazişini indiyə imzalaya bilməz, yaxud Azərbaycanın şərtlərinə tam əməl edə bilməz. İstisna deyil ki, artıq danışıqlar masasında Ermənistan tərəfi bu məsələ üzərində də dayanır”.

A.Nərimanlıya görə, yekun sözün Bakı tərəfindən deyiləcəyi bəllidir: 

“Müharibədən sonra şərtlər dəyişib. Həm Qərb, həm Rusiya masasında Azərbaycanın ərazi bütövlüyü məsələsi prinsipial olaraq qəbul edilir. Bu baxımdan, sülh prosesinin uzanması problemin həlli üçün alternativ variantları aktuallaşdıra bilər. 

Bunu Ermənistan tərəfi də anlayır. Fikrimcə, Paşinyan sülh danışıqlarında istədiyini almaq üçün maksimum dirənəcək, lakin sonda razılaşmalı olacaq və bununla erməni cəmiyyətinə əlindən gələn hər şeyi etdiyini göstərəcək”.