- "Hətta bu marşrutu Batuma qədər uzatmaq da olar"
- Hazırda tələb böyük, təklif məhduddur. Bunu aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir
Bakı-Tbilisi-Bakı sərnişin qatarına bilet alınmasında yaşanan problemlərin həlli məqsədilə Azərbaycan Dəmir Yolları müvafiq tədbir görməyi planlaşdırır. Qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqi planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan Dəmir Yollarında bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir. Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur. O qeyd edib ki, hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqi planlaşdırılır.
Xatırladaq ki Bakı-Tbilisi-Bakı sərnişin qatarına bilet əldə edilməsinin problem olması barədə bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşım edilmişdi. Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında isə bildirmişdi ki, bilet satışı üçün 30 günlük dövr çox azdır, müddət uzadılmalıdır.
R.Ağamirzəyev yenə də öz təklifində qaldığını bildirdi və əlavə etdi ki, bu sahədə işlər sürətləndirilməlidir:
- İşlərin sürəti artırılmalıdır. Fikrimcə, hətta bilet satışı müddətini 90 gündən də çox, məsələn, 6 ay və ya hətta 1 il artırmaq məsələsi də dəyərləndirilə bilər. Sərnişinlərə nə qədər öncədən bilet almaq imkanı yaradılarsa, məmnunluq bir o qədər çox olar. Digər məsələ, qatarların sayının artırılmasıdır. Müasir 2 mərtəbəli “Stadler” qatarı 500 nəfər sərnişin daşıyır. Bir gündüz reysi ilə 500 nəfər daşına bilər. Əlavə gecə qatarı da təşkil edilə bilər. Bunu Gürcüstan tərəfi ilə müzakirə edib, sərhəd-keçid prosedurunun sadələşdirilməsini – yəni hazırkı hər iki tərəfdə 1 saatlıq dayanmanın dəyərləndirib, daha optimal bir vaxt müyəyən etmıklə həm səfər müddətini qısaltmaq olar, həm də keçid müddətini. Marşrutun Batuma qədər uzadılmasını müzakirə etmək olar. Bu, Qara dənizlə Xəzər dəniz arasında əlaqələndirməni, Türkiyə sərhəddinə çıxış imkanı yaradar. Hansı ki azərbaycanlı tələbələr üçün bu, ölkəyə gəlmək və geri qayıtmaqda əlçatanlığı təmin edər, eyni zamanda qarşılıqlı turist səfərlərinin təşkilinə də fayda vermiş olar. Hər iki dövlət marşrutun keçdiyi ərazilərdə bundan fayda götürər. Mövcud qatara dublyor qatarın təşkili, əldə qatar yoxdursa, lizinq əsasında alınması məsələsinə baxıla bilər və bu qatarın da vaqonlarının daha çox plaskart tipli olması daha məqsəduyğun olardı. Çünki plaskart tipli vaqonlara təklif olunan biletlər daha əlçatan qiymətə olur. Hazırda tələb böyük, təklif məhduddur. Bunu aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Bilet satışı nə qədər uzaq məsafədən mümkün olursa, insanlar səfərlərini bir o qədər əvvəlcədən planlaşdıra bilirlər.