Bakıda dilənən əcnəbilərin sayı artıb! – Onları ölkəyə kim gətirir? – İLGİNC FAKT

“Turist formasında gətirib, işlə təmin etməyib, pullarını alıb, aradan çıxırlar”
“Bu bir tərəfdən insan alveri də adlana bilər. Onlara baxdıqda görünür ki maddi imkanları sıfırdır”
 “Onların kimlər tərəfindən, nə üçün gətirildiklərinə baxılmalıdır. Dövlət təhlükəsizliyi baxımından araşdırılıb aydınlaşdırılmalıdır"
Dövlət Miqrasiya Xidməti Bakıda dilənçiliklə məşğul olan pakistanlı və hindistanlıların sayının artmasına münasibət bildirib.
Xidmətdən APA-nın sorğusuna cavab olaraq vurğulanıb ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən Azərbaycana gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar.
“Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır.
Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür”, - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib. 
Vəziyyəti dəyərləndirən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı  bildirib ki, onlar nəzarətsiz insanlardır, aralarında terorçu, düşmən tərəfdən kəşfiyyatçı da ola bilər:
“Həmin insanlar hansısa bir şirkət  və ya qrup tərəfindən aldadılaraq ölkəyə gətirilir. Onlara Azərbaycanda iş yerlərinin çox olması  və Qarabağda işçi qüvvəsi lazım olacağı  ilə bağlı yanlış məlumat verilir. Necə ki işə düzəltmə qurumları vətəndaşlardan pul alır, bu da elə bir mövzudur. 
Adətən başqa yerlərdə işçi miqrantlar işləmək üçün yüksək maaş olan ölkələrə üz tuturlar. 
 Bu, Azərbaycanda  stabil vəziyyət deyil ,birdən-birə kütləvi qrup yaranır . Turist formasında gətirib, işlə təmin etməyib, pullarını alıb, aradan çıxırlar. Bu bir tərəfdən insan alveri də adlana bilər. 
Onlara baxdıqda görünür ki maddi imkanları sıfırdır . Nə geri qayıtmaq, nə də burda özlərini dolandırmaq üçün büdcələri var. Düşdükləri rəzil durum dilənməklərinə və hardasa qanunsuz işləməklərinə səbəb olur. 
Artıq bir neçə aydır, məsələ gündəmdədir. Müvafiq orqanlar ciddi tədbirlər görməlidirlər.  Kimlər tərəfindən, nə üçün gətirildiklərinə baxılmalıdır. Dövlət təhlükəsizliyi baxımından araşdırılıb aydınlaşdırılmalıdır".
Şərqiyyə NƏBİ