Bəşər Əsədin 250-yə yaxın mülki şəxsi edam edən yaxın adamı həbs olundu

Suriya hakimiyyəti devrilmiş prezident Bəşər Əsədi dəstəkləyən "hərbi qruplaşma"nın lideri Mihraj Ural kimi tanınan Əli Kayalinin həbs olunduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, 2013-cü ildə təxminən 250 mülki şəxsin kütləvi şəkildə qətlə yetirilməsini təşkil etməkdə ittiham olunur.

SANA-nın verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri Kayalini Suriyanı tərk etməyə çalışarkən həbs edib.

Kayali Türkiyədə anadan olub və 1982-ci ildə həbsxanadan qaçraq Suriyaya köçüb. Məlumata görə, orada Əsəd hökumətini dəstəkləyən hərbiləşdirilmiş qrup yaradıb.

2024-cü ildə Əsədin devrilməsindən sonra yeni Suriya hakimiyyəti onlarla keçmiş təhlükəsizlik qüvvələrini həbs edib. Onların məhkəmələri aprel ayında başlayıb.