Birgə hərbi təlimlər keçiriləcək
Azərbaycan, Türkiyə, Gürcüstan hərbi əməkdaşlığı Cənubi Qafqazda sülhün, sabitliyin əsas qarantıdır
Dünən Türkiyənin Kayseri şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze iştirak ediblər. Toplantıda hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri general Zakir Həsənov və gürcü həmkarı Xuanşer Burçuladze ilə də ikitərəfli görüşləri baş tutub. İkitərəfli görüşlərdə qeyd olunub ki, danışıqların əsas mövzuları xüsusilə Türkiyə, Azərbaycan və Gürcüstanda sülh, sabitlik və regionun gələcəyi üçün atılacaq addımlardır. Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın müdafiə naziri general Zakir Həsənov arasında keçirilən görüşdə vurğulanıb ki, iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətləri digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etməkdədir. Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub. Məlumat üçün bildirək ki, Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Azərbaycanda keçiriləcək. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, birgə hərbi təlimlərin keçirilməsi həm enerji layihələrinin infrastrukturunun mühafizəsi, həm də regionun sabitliyi üçün son dərəcə vacibdir. Nazir həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına dəstəyinə görə Türkiyə xalqına, milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin bütün heyətinə təşəkkür edib. Bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq daha da inkişaf edir: "Azərbaycan bütün qonşu ölkələrlə münasibətlərin inkişafında maraqlıdır".
Türkiyənin milli müdafiə naziri Hulusi Akar da deyib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı bölgədə davamlı sülhə ciddi töhfələr verəcək: "Ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlığın bundan sonra da genişləndirilməsi hamımız üçün əhəmiyyətlidir. Qlobal və regional təhdidlərin ciddi şəkildə artdığı bir dövrdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında inkişaf etdirilən bu əməkdaşlıq digər ölkələr üçün də nümunə olacaq səviyyədədir. Hərbi əməkdaşlıq sahəsində ciddi məsafə qət etdik və bunun bəhrəsini görürük. Ermənistanın Azərbaycan və Türkiyənin uzatdığı sülh və dostluq əlini tutmasını, təxribatlardan çəkinməsini və sülh danışıqlarına yönəlməsini istəyirik”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan regionda sülh və sabitliyin təmin olunması məqsədilə bəzi region dövlətləri, xüsusilə də Gürcüstan və Türkiyə ilə hərbi əməkdaşlıq həyata keçirir. Ekspert vurğulayıb ki, bu formatda hər üç ölkənin birgə hərbi təlimləri keçirilib:
"Bu da adıçəkilən ölkələr arasında hərbi əməkdaşlığı inkişaf etdirməyə, regional təhlükəsizliyin birgə təminatını təşkil etməyə hesablanıb. Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığının yaxın gələcəkdə daha da genişlənməsi, inkişaf etdirilməsi gözləniləndir. Heç şübhəsiz, Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri arasında keçiriləcək üçtərəfli görüş bu əməkdaşlığın gələcəyinə töhfə verəcək, onun mahiyyət etibarilə yeni mərhələyə yüksəlməsini təmin edəcək".
Azərbaycan-Türkiyə əlaqələrindən danışan polkovnik bəyan edib ki, Türkiyə müstəqilliyimizin ilk illərində sadəcə diplomatik müstəvidə deyil, həm də ordu quruculuğu müstəvisində Azərbaycana ciddi dəstək verib: "Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən qabaqcıl ordularından biri kimi formalaşmasında qardaş Türkiyənin böyük rolu var. Bu həqiqət həm Müzəffər Ali Baş Komadan İlham Əliyev, həm də Azərbaycanın müdafiə naziri general Zakir Həsənov tərəfindən dəfələrlə qeyd edilib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda Türkiyə ordu sisteminə keçid məsələsi ciddi şəkildə gündəmə gəldi. Hazırda bu istiqamətdə konkret addımlar atılmaqda, ciddi işlər görülməkdədir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə tam keçidinin başa çatması ordumuzu, onun döyüş qabiliyyətini daha da gücləndirəcək, müdafiə qabiliyyətimizi artıracaq".
C.Xəlilov qeyd edib ki, ümumiyyətlə, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Cənubi Qafqazda sülhün, sabitliyin əsas qarantıdır:
"Bu əməkdaşlıq kimsəyə qarşı yönəlməyib və regionda heç bir dövlət üçün təhdid təşkil etmir. Amma kimsə, hansısa bir güc regionda sabitliyi pozmaq istəyərsə, o zaman qarşısında Azərbaycan-Türkiyə birliyini görəcək. Məncə bu, hər kəs tərəfindən, eyni zamanda anti-Azərbaycan və anti-Türkiyə qüvvələri tərəfindən dərk edilən bir həqiqətdir. Son illər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına Gürcüstanın da daxil olması sevindiricidir.
Bu, region dövlətlərindən biri olan Gürcüstanın Azərbaycan və Türkiyənin sülhpərvər siyasətinə olan inamını əks etdirir. Bu həm də, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının region dövlətləri tərəfindən dəstəkləndiyini, bu əməkdaşlığın gələcəyinə böyük ümidlərin olduğunu göstərir. Ona görə də Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının Gürcüstanı da əhatə etməsi, üçlü xarakter alması olduqca əhəmiyyətlidir.
Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığının daha da genişlənməsinə, bu əməkdaşlığın regional sülhün etibarlı şəkildə təmininə daha böyük töhfələr verməsinə şahid olacağıq”.