Birgə təlimin hədəfi: “Əraziyə və dövlətə qarşı təhdidin qarşısı alınır”

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə bərabər Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri də cəlb edilib.

Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, idarəetmə orqanlarının əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.
Qeyd edək ki, torpaq və xalq uğrunda amal təlimin əsas proseslərindəndir. Həmçinin düşmənin hərbi texnikalarının pusquya salınaraq komandir heyətindən əsir götürülməsi üzrə birgə fəaliyyətlər yerinə yetirilib.

Görünür ki, təlim çox ciddi və ağır şəraitdə həyata keçir. Dünyada və regionda baş verən hadisələri nəzərə alsaq, bu cür sınaq lazımlıdır. Ordu və digər qurumların birgə fəaliyyəti, vətənpərvər olmaq ruhunda yüksək mənəvi keyfiyyətlərin aşılanması, prosesin riskli olması hər hansısa təhlükənin qarşısının alınması üçün addım ola bilər.

Mövzu ilə bağlı “Sherg.az”a münasibət bildirən MTN-nin sabiq zabiti, millət vəkili, Arzu Nağıyev  təlimlərdə əsas məqamın müxtəlif qurumların ümumi fəaliyyət göstərməsi olduğunu bildirib:

 “Hər bir qoşunun qarşısına öz vəzifəsi qoyulur. Ümumi məsələ əraziyə, dövlətə qarşı hər hansı təhlükənin və təhdidin qarşısının alınmasıdır. Məlumdur ki, Əlahiddə Ümumqoşun Ordusu soyuq havada, şiddətli çovğunda və dağ şəraitində  müharibənin necə aparılması ilə məşğul olur. Xüsusi təyinatlılar öz planlarına uyğun olaraq antiterror əməliyyatlarının keçirilməsini və mühüm şəxslərin əsr götürülməsi ilə bağlı əməliyyat aparır. FHN isə, istər Mülki Müdafiə Alayı olsun, istər xüsusi Xilasetmə Xidməti olsun, müxtəlif ərazidə və iqlim şəraitində xilasetmə məsələlərini, itkin düşmüş əsgərlərimizin, qar çovğununa  məruz qalmış şəxsi heyətin tapılmasını həyata keçirir”.

Cəmilə ƏZİM