Boru çəkin deməklə problem həll olunmur - Mütəxəssis

  • Tənqid vacibdir, amma tənqid faktlara, məlumatlara və peşəkar yanaşmaya əsaslanmalıdır
  • Şəhərlərin su təsərrüfatı və drenaj sistemləri bir gündə yaranmır, bir cümlə ilə də həll edilmir
  • Bu səbəbdən belə mövzularda mühəndislərin, hidrologiyaların, şəhərsalma və kommunal təsərrüfat mütəxəssislərinin rəyi daha önəmli və daha dəyərlidir

“Son vaxtlar mürəkkəb infrastruktur problemlərini sadələşdirərək izah edənlərin sayı artıb. İqlim dəyişiklikləri, yağış sularının idarə olunması, kanalizasiya sistemləri və qrunt suları ilə bağlı məsələlər emosional yanaşma ilə deyil, peşəkar təhlillə qiymətləndirilməlidir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında nəqliyyat və logistika məsələləri üzrə mürəxəssis Rauf Ağamirzəyev “niyə yağış sularını axıdacaq kollektorlar yoxdur, hər dəfə yağış yağanda şəhəri su basır” kimi iradlara cavab olaraq bildirdi. Mütəxəssis qeyd etdi ki, kənardan baxanda “boru çəkin”, “kollektor tikin”, “nasos qoyun” demək asan görünür. Halbuki: 

- Bu sistemlərin arxasında hidrologiya, geologiya, şəhərsalma, mühəndis hesablamaları, kommunikasiya şəbəkələrinin koordinasiyası, maliyyələşmə və uzunmüddətli istismar kimi çoxsaylı amillər dayanır.

Bir çox hallarda cəmiyyətdə çaşqınlıq yaradan da məhz problemin özündən çox, onun haqqında səsləndirilən səthi fikirlər olur. Tənqid vacibdir, amma tənqid faktlara, məlumatlara və peşəkar yanaşmaya əsaslanmalıdır. Şəhərlərin su təsərrüfatı və drenaj sistemləri bir gündə yaranmır, bir cümlə ilə də həll edilmir. Bu səbəbdən belə mövzularda mühəndislərin, hidrologiyaların, şəhərsalma və kommunal təsərrüfat mütəxəssislərinin rəyi daha önəmli və daha dəyərlidir. Çünki görünməyən infrastruktur şəhərin həyat damarlarıdır. Su təchizatı, kanalizasiya, yağış sularının idarə olunması və drenaj sistemləri sadə “boru çəkmək” məsələsi deyil, kompleks mühəndislik, hidroloji, geoloji, şəhərsalma və istismar qərarlarının birgə nəticəsidir.

R.Ağamirzəyev qeyd etdi ki, problemlərin həlli üçün qərar mövcuddur: 

- Ötən ildən başlayaraq şəhərin fərqli istiqamətlərində müasir kollektorların mikrotunel üsulu ilə tikintisinə başlanılıb. Həmçinin də bilirsiniz ki, 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı bu il yanvarın 12-də qəbul olunub. Ümumi həm yağış, həm qrunt suları, məişət kanalizasiyası, su sisteminin tam təkmilləşdirilməsi layihəsinə start verilib. İlkin olaraq müxtəlif hövzələr üzrə kollektor tikintisi icra olunur. Bu da həm suların idarə edilməsinə müsbət təsir göstərir, həm də Xəzərin ekologiyasına, yəni Xəzərə axıdılan suların bir mərkəzdə təmizlənilib sonradan axıdılmasını təmin edə bilər.