Böyük Britaniya rəsmi Bakının dostudur

Tural İsmayılov: "Bu ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bütün beynəlxalq təşkilatlarda rəsmi Bakının mövqeyini dəstəkləyib"
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Boris Consona diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib. Məktubda vurğulanıb ki, Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verir. Qeyd edilib ki, son otuz ildə ölkələrimiz arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf edib: 
“Bu dövr ərzində iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər məmnunluq doğurur. Birləşmiş Krallıq bugünədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırıb. Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olan ölkənizi təmsil edən 600-ə yaxın şirkət Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər”. Dövlət başçısı enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətlərinə də toxunub: “1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş enerji sahəsindəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. Neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji əməkdaşlığımız məmnunluq doğurur. Cənub Qaz Dəhlizinə Birləşmiş Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirir, layihənin inşasının uğurla başa çatması münasibətilə təbriklərimi yetirirəm. Eyni zamanda biz Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin yenidənqurulması və bərpası işlərində yaxından iştirakını təqdir edirik. İnanıram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir”. 
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Boris Conson da Prezident İlham Əliyevə məktub ünvanlayıb. Baş nazir bəyan edib ki, Britaniya Azərbaycanın sarsılmaz tərəfdaşıdır. Qeyd olunub ki, Böyük Britaniya ölkələrimiz arasındakı əlaqələrə xüsusi əhəmiyyət verir: 
“Son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişafı etdirilməsi üçün birgə çalışıblar. İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır. Biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq. Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaq”. 
İki ölkənin əməkdaşlığı barədə “Şərq”ə danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan Böyük Britaniya ilə münasibətlərinin ən yüksək dövrünü yaşayır. Ekspert vurğulayıb ki, Əsrin Müqaviləsi imzalanan gündən bu yana iqtisadi sahədə güclənən əlaqələrimiz sonrakı illərdə siyasi mənada daha da dərinləşib: 
“44 günlük Vətən müharibəsində Böyük Britaniyanın mövqeyi bizim üçün müstəsna əhəmiyyətə malik idi. Bu ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bütün beynəlxalq təşkilatlarda rəsmi Bakının mövqeyini dəstəkləyib. Böyük Britaniyadakı bəzi siyasi qruplaşmalar tərəfindən Azərbaycana qarşı müəyyən informasiya hücumları baş versə də, bunlar Londonun mövqeyini əks etdirmir. 
Britaniyanın rəsmi mövqeyi Baş nazir Boris Consonun təbrik məktubunda öz əksini tapıb. 30 il ərzində iki ölkənin əməkdaşlığı xüsusi dəyər qazanıb. 
Nəzərə alaq ki, Böyük Britaniya anqlosakson təfəkküründə müəyyən dəyişiklik edib. Əvvəllər daha çox ABŞ-ın müttəfiqi kimi siyasi səhnədə yer alan London hazırda dünya geopolitikasında müstəqil oyunçu kimi davranır. Böyük Britaniya Avrasiya ilə əlaqələrini inkişaf etdirir. Azərbaycan bölgədə kilid mövqedə yerləşir, Asiya ilə Avropa arasında buffer zona təşkil edir. 
Bu məqam London tərəfindən müsbət qiymətləndirilir. Yaxın gələcəkdə iki ölkənin əməkdaşlığı daha da dərinləşəcək”.