Bütün dünya yeni çağırışlara hazırlaşır

Bakıda İƏTPA-nın konfransının keçirilməsi böyük əhəmiyyətə malikdir

Mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçiriləcək. Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər. Bildirilib ki, iştirakçılar əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək. Konfransda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq. 

Post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq. Məlumat üçün bildirək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop başda olmaqla digər respublikaların da parlament sədrləri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəliblər. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, pandemiya səbəbindən dünya iqtisadiyyatında ciddi tənəzzül müşahidə olunurdu. Deputatın sözlərinə görə, pandemiya iqtisadiyyatın inkişafı ilə yanaşı, mühüm tədbirlərin keçirilməsinə də imkan vermirdi:

 “Pandemiya arxada qalıb, biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı proqramımızı, layihələrimizi müəyyənləşdirməliyik. O baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı çox əhəmiyyətlidir. 

Konfrans çərçivəsində Qarabağda gedən bərpa-quruculuq işlərinin miqyası, genişləndirilməsi də nəzərdən keçiriləcək. Postpandemiya dövrü özü ilə yeni çağırışlar da gətirib. 

Bütün dünya, o cümlədən bizim ölkə bu çağırışlara tam hazır olmalıdır. Yeni əməkdaşlıq imkanlarını yeni platformalar fonunda dəyərləndirməli və reallaşdırmalıyıq. O səbəbdən İƏT-in PA-nın konfransı ölkəmizin iqtisadiyyatının güclənməsinə öz töhfəsini verəcək”.