İlham Şaban hesab edir ki, yanacağın etibarlı məntəqələrdən alınması daha məqsədəuyğundur
Son zamanlar vətəndaşlar yanacaqdoldurma məntəqələrində avtomobilə benzin vurulduqdan sonra çekin verilməməsi ilə bağlı şikayətlər səsləndirirlər. Daha narahatedici məqam isə odur ki, çek verilməyəndə vətəndaşlarda, vurulan benzinin həcmi ilə bağlı şübhə yaranır.
Əslində qanunvericiliyə görə, ölkədə fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələri, çek təqdim etməyə borcludur. Bu, müştərinin istəyinə bağlı məsələ deyil. “İstəsəniz verərik” yanaşması qanunsuzdur. Ən təhlükəlisi isə budur ki, çek verilmədiyi halda vətəndaşın əlində heç bir sübut qalmır. Əgər sürücü sonradan benzinin az vurulduğunu iddia etmək istəsə, bunu əsaslandırmaq üçün ilk növbədə fiskal çek tələb olunur. Çek yoxdursa, hüquqi müstəvidə mövqe zəifləyir. Görünür, məntəqə işçilərinin bəziləri hüquqi vəzifələrindən xəbərsizdir. Bəs bütün bunlara nəzarət edən qurumlar hara baxır?
Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban Sherg.az-a bildirib ki, istehlakçıya çek vermək, məntəqə işçilərinin vəzifə borcudur:
“Azərbaycanda 900-dən artıq yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin böyük hissəsi özəl şirkətlərə, bir qismi isə SOCAR brendi altında fəaliyyət göstərir. 2019-cu ildə Nazirlər Kabineti qərarı ilə e-kassa (elektron kassa) sisteminə keçid başlandı. Yeni nəsl kassa aparatları real vaxt rejimində Vergilər Xidmətinin sisteminə məlumat göndərir və çeklərə QR-kod əlavə olunur. Bu da istehlakçının, çekin məlumat bazasında olub-olmadığını yoxlamağa imkan verir. Həmin ildən etibarən yanacaqdoldurma məntəqələri də e-kassa ilə işləməyə məcbur oldu. Avtomobilə yanacaq vurulduqdan sonra çekin təqdim olunmaması birbaşa istehlakçı hüquqlarının pozulması anlamına gəlir. Sürücülər mütəmadi olaraq, yol hərəkəti iştirakçısı olduqlarına görə, hansı məntəqənin düzgün işlədiyini müşahidə edirlər. Bu baxımdan, yanacağın etibarlı məntəqələrdən alınması daha məqsədəuyğundur”.
İqtisadçı, yanacağı əsasən etibar etdiyi məntəqələrdən doldurmağa çalışdığını bildirib:
“Əgər istehlakçı çek tələb etdiyi halda işçilər bunu vermirsə, həmin məntəqəyə bir daha getməməlidir. Qanun pozuntusu aşkar edildikdə vətəndaş, dərhal hadisə yerində telefonu götürərək, şikayətini qeydə almalı və Azad İstehlakçılar Birliyinə göndərməlidir. Birliyin sədri Eyyub Hüseynov istehlakçı şikayətlərini araşdıraraq, aidiyyəti qurumlar qarşısında məsələ qaldıra bilər. Əvvəllər də benzinin qədərindən az vurulduğuna dair bir çox şikayətlə qarşılaşırdıq. Əgər vətəndaş yanacaqdoldurma məntəqəsində maşına vurulan benzinin həmciminin az olduğunu düşünürsə, bunu yoxlamaq üçün Azərbaycan Standartlaşdırma İnstituna müraciət etməlidir. Onlar, ölçü cihazlarının kalibirlənməsinə nəzarət edir, planlı və ya şikayət əsasında yoxlama aparır, pozuntu təsdiqini taparsa akt tərtib edirlər”.
İ.Şaban bildirib ki, yanacaqdoldurma məntəqəsində avtomobilə yanacağın az vurulması faktını servis şəraitində sübut etmək mümkün deyil:
“Bəzi hallarda vətəndaşlar avtomobili servisə apararaq çəndəki yanacağı tam boşaldır, ölçdürür və nəticəni aktlaşdırırlar. Lakin bu metod hüquqi baxımdan tam etibarlı sübut hesab edilə bilməz. Səbəb ondan ibarətdir ki, avtomobilin çənində həmişə müəyyən miqdarda “texniki qalıq” yanacaq olur. Çənin konstruksiyası, nasos sistemi, borular və filtr mexanizmi səbəbindən yanacağın hamısını 100 faiz boşaltmaq mümkün olmur. Bundan əlavə, çənin forması, avtomobilin maili vəziyyətdə dayanması və temperatur fərqləri də həcmə təsir göstərə bilər. Nəticədə servis tərəfindən ölçülən həcm real doldurulan yanacaqla tam üst-üstə düşməyə bilər”.
Aybəniz Səfərova