Deputat: Prezident İlham Əliyevin fikirləri Qərbi Azərbaycan İcmasının yol xəritəsini müəyyənləşdirdi
Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı ilə tanınan bir qrup insanla görüşdü. Görüşdə dövlətimizin başçısının söylədiyi nitqdəki hər bir fikrinin arxasında böyük bir proqram dayanır.
Bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı ifadə edib.
Deputat bildirib ki, dekabrın 16-dan bəri Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi mitinqlər dünya ictimaiyyətinin də diqqətindədir. “Həqiqətən də biz ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasını çox yüksək dəyərləndiririk. Bu mənada, Prezident İlham Əliyevin çıxışında düşündürən bir məsələ varsa, o da Qarabağ məsələsinin tamamilə tənzimlənməsi və bitməsidir. Amma bəzi məsələlər var ki, onlar - Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Azərbaycanın ayrılmaz parçası olan, ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində baş verən vəhşiliklər sona yetməyib”, - deyə M.İbrahimqızı əlavə edib.
O qeyd edib ki, bütün bunlar bizim təbii hüquqlarımızdır. Bilirik ki, sülh sazişi imzalanarsa, məsələlər öz həllini taparsa və ən vacibi, Zəngəzur dəhlizi açılarsa, bölgədəki normalaşma prosesi demək olar öz qaydasına düşəcək. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bölgədə sabitliyin olmamasında maraqlı ölkələr sırasında Ermənistan öndəgedənlərdən deyil. Bu bölgədəki vəziyyəti ağırlaşdıran, yenidən alovlandırmağa çalışan bir çox digər ölkələr var.
“Prezident İlham Əliyev illər boyu fəaliyyətində təkcə Qarabağ uğrunda mübarizə aparmayıb, ən mötəbər tədbirlərdə, ən mürəkkəb vəziyyətlərdə heç kimdən çəkinmədən dünyaya bəyan edib ki, İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır. Necə ola bilər ki, biz 1991-1993-cü illərdə işğal olunmuş torpaqlarımızı erməni işğalından azad edək, ancaq ondan bir neçə il əvvəl tarix boyu Azərbaycanın dədə-baba yurdu olan Zəngəzur, Göyçə, İrəvan qaytarılmasın? 1988-1991-ci illərdə azərbaycanlılar Qərbi Azərbaycanda 170 kənddən deportasiyaya məruz qalıblar. Azərbaycan xalqının tarixi torpaqlarında – Qərbi Azərbaycanda erməniləşdirmə siyasəti aparılıb. Prezident İlham Əliyev bunu çox qətiyyətlə vurğuladı və dedi ki, biz o torpaqları top-tüfənglə almaq niyyətində deyilik, ancaq o ərazilərdən deportasiya olunmuş soydaşlarımızın hüquqlarının tam bərqərar olunması üçün nə lazımdırsa edəcəyik. Bunu bütün dünya bilməlidir”, - deyə deputat vurğulayıb.
Məlahət İbrahimqızı diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının yol xəritəsini daha detallı müəyyən etdi. Dövlətimizin başçısı tapşırıqlarını verdi ki, bu icma həm ölkə daxilində, həm də xaricdə, beynəlxalq təşkilatlarda böyük əks-səda doğuracaq layihələr həyata keçirməlidir. Yəni, İcma Qərbi Azərbaycanda tarix boyu, əsrlər boyu azərbaycanlıların var olduğunu sübuta yetirən layihələr həyata keçirməlidir və bunu beynəlxalq təşkilatlara tanıtmalıdır.
“Azərbaycan xalqı öz dədə-baba torpaqlarına geri qayıtmalıdır. Azərbaycana qarşı tarixi ədalətsizliyə son qoymalıyıq. Azərbaycan xalqı öz yenilməzliyini göstərib. Biz inanırıq ki, yaxın illərdə Qərbi Azərbaycanda da xalqımızın itirilmiş hüquqlarının bərpasına nail olacağıq”, - deyə deputat fikirlərini yekunlaşdırıb.