“Cənab Prezident dünənki müsahibəsində və xalqa çıxışında bildirdi ki, artıq “Dağlıq Qarabağ” adlı münaqişə yoxdur”
“Belə çıxır ki, Minsk qrupunun məqsədi bölgədə sülh, əmin-amanlıq və dayanıqlı inkişaf deyil”
“Əksinə onlar münaqişənin olmasını istəyirlər. Beləliklə, turist kimi münaqişə yaşayan ölkələrə boş səfərlərinə davam etsinlər. Bu, həqiqətən də beynəlxalq təşkilatların rəzaləti deməkdir!”
Prezident İlham Əliyev dünən Türkiyənin “Anadolu” Agentliyinə verdiyi müsahibəsində ATƏT-in Minsk qrupunun indiki dövrdə fəaliyyətinə münasibət bildirib. Ölkə başçısı qeyd edib ki, hazırkı dönəmdə Minsk qrupunun fəaliyyətini görmürük:
“Adətən, müzakirə dönəmində onlar gəlirdi, tövsiyələr verirdilər, prezidentlər səviyyəsində görüşlərin gündəmini müəyyənləşdirirdilər, müzakirə ediləcək mövzuları bizə tövsiyə edirdilər, hər iki tərəf də razılaşma əsasında bu mövzuları müzakirə edirdi. İndi isə müharibənin bitməsindən 1 il keçməsinə rəğmən onlardan hər hansı bir tövsiyə yoxdur. Bir dəfə Azərbaycana gəldilər və mən onlara dedim ki, siz təkliflər verin. Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni mövzular ortaya çıxmalıdır. Dağlıq Qarabağ problemi bitdi, indi nə edilə bilər? Etimad artırıcı tədbirlər, yolların, koridorların açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan münasibətlərini qaydaya salmaq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına çalışmaq. Onların fəaliyyət sahəsi bundan sonra saydıqlarımdan ibarət olmalıdır”.
Dövlət başçısı diqqətə çatdırıb ki, Minsk qrupu II Qarabağ müharibəsindən sonra bizə hər hansı təklif verməyib:
“Təklif olmadığı üçün Minsk qrupunun fəaliyyəti haqqında danışmağın yeri yoxdur. Artıq 1 il keçib. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə həll edilməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, mən bunu həll etdim. Özüm. Bütün təzyiqlərə rəğmən. Dolayısıyla bir təklif olmalıdır. Nə ilə məşğul olmalıdırlar? Mən öz fikirlərimi ifadə etdim, qalanı onların məsuliyyətindədir”.
Prezidentin verdiyi müsahibədə ən aktual məsələlərə toxunduğunu diqqətə çatdıran millət vəkili Məlahət İbrahimqızı “Sherg.az”a bildirib ki, bunlardan biri də ATƏT-in fəaliyyəti ilə bağlı olan məsələdir:
Xanım parlamentari qeyd edib ki, BMT, AŞPA, ATƏT kimi beynəlxalq təşkilatlar 30 ilə yaxın müddətdə ancaq qərəzli mövqe nümayiş etdiriblər:
“Prezidentimiz çox cəsarətli açıqlamalar verərək bildirdi ki, bəzi beynəlxalq təşkilatlar özlərinə sərf edəndə hansısa qətnamənin icra mexanizmi tez zamanda tapırlar. Lakin Azərbaycan xalqının haqq işinə qarşı riyakarlıq nümayiş etdirirdilər. Onsuz da artıq cəmiyyətimiz qeyd etdiyim beynəlxalq təşkilatlara heç bir ümid və inam bəsləmir”.
M.İbrahimqızı vurğulayıb ki, postmüharibə dönəmində Azərbaycan və Ermənistan arasındakı etimad mühitinin yaradılması üçün cənab Prezident “3+3” formatının vacibliyini qeyd edib:
“Bu formatla bölgədə əməkdaşlıq etmək üçün hər iki xalqın etimad mühiti yaradılmalıdır. Beynəlxalq təşkilatların da bununla bağlı kifayət qədər təcrübəsi var. Ölkə başçısı münaqişə bitdikdən sonra dəfələrlə Minsk qrupunun həmsədrlərinə nə üçün gəldiklərini açıq-aşkar söyləyib. Fikrimcə, ATƏT üçün bundan ağır söz yox idi. Ancaq həmsədr ölkələr çalışırlar ki, Minsk qrupuna yenidən “can versinlər”. Qarabağ münaqişəsi sona çatdıqdan sonra ATƏT nəyi həll edəcək ki? Cənab Prezident dünənki müsahibəsində və xalqa çıxışında bildirdi ki, artıq “Dağlıq Qarabağ” adlı münaqişə yoxdur. Belə çıxır ki, Minsk qrupunun məqsədi bölgədə sülh, əmin-amanlıq və dayanıqlı inkişaf deyil. Əksinə onlar münaqişənin olmasını istəyirlər. Beləliklə, turist kimi münaqişə yaşayan ölkələrə boş səfərlərinə davam etsinlər. Bu, həqiqətən də beynəlxalq təşkilatların rəzaləti deməkdir!”.
Yeganə Bayramova