Dilimizi yaşatmaq Azərbaycanı yaşatmaq deməkdir - RƏY

  • Bu çağırış bütün cəmiyyətə ünvanlanmış məsuliyyət mesajıdır

“Dil hər bir xalqın mənəvi sərvəti, tarixi yaddaşı, milli kimliyinin və dövlətçiliyinin əsas sütunudur. Xalqın keçdiyi tarixi yol, yaratdığı zəngin mədəniyyət və mənəvi dəyərlər məhz ana dili vasitəsilə nəsildən-nəslə ötürülür. Azərbaycan dili də minilliklər boyu xalqımızın milli varlığını qoruyub saxlayan, onun mənəvi dünyasını yaşadan zəngin dildir. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, bizim Azərbaycan dili şeir dilidir”.

Bunu Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib:

“Dünyanın müxtəlif xalqlarına mənsub olan insanlar Azərbaycan dilini ilk dəfə eşidərkən, onun mənasını tam anlamasalar belə, bu dilin ahəngdarlığını və şeirə bənzər səslənişini xüsusi vurğulayırlar. Bütün bunlar Azərbaycan dilinin zəngin fonetik quruluşunun, incə ifadə imkanlarının və əsrlər boyu formalaşan mədəni irsinin göstəricisidir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, dil hər bir millətin milliliyinin əsasıdır. Bu fikir Azərbaycan dilinin dövlətçilik və milli kimlik baxımından əhəmiyyətini ən dolğun şəkildə ifadə edir. Ana dilini qorumaq və gələcək nəsillərə olduğu kimi ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Gənclər müasir Azərbaycan dilini bütün incəlikləri ilə öyrənməli, gündəlik həyatlarında, elm və təhsildə, informasiya məkanında, dövlət idarəçiliyində ondan zəngin şəkildə istifadə etməlidirlər”.

Deputatın sözlırinə görə Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib:

“Xüsusilə 1970-ci illərin ortalarından etibarən SSRİ-də milli respublikaların ictimai-siyasi həyatında dil məsələsinə ciddi məhdudiyyətlər tətbiq olunurdu. Hətta 1930-cu illərdə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar repressiyalara məruz qalır, sürgün edilirdilər. Mürəkkəb şəraitdə ana dilinin müdafiəsini açıq şəkildə gündəmə gətirmək böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi uğrunda mübarizə apararaq tarixi xidmət göstərdi. Bu mübarizənin ən mühüm nəticələrindən biri 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit edilməsi oldu. Həmin dövrün siyasi reallıqları nəzərə alındıqda bu qərar milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri hesab edilir”.

P.Vəliyeva qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili məsələsi yeni mərhələyə qədəm qoydu:

“Ulu Öndər Heydər Əliyev dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış etdi. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dili siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi və bunun əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. 2001-ci il 9 avqust tarixli Fərmanla hər il 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi. Bu qərar ana dilimizin qorunması və təbliği istiqamətində dövlət siyasətinin mühüm mərhələsi oldu. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin, müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biri olduğu xüsusi vurğulandı”. 

Parlamentarinin fikrincə, Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin inkişafı istiqamətində mühüm dövlət proqramları və sərəncamlar qəbul edilib. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, eləcə də Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinə dair tədbirlər bu siyasətin əsas istiqamətlərini təşkil edir. 2018-ci ildə imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman dilimizin saflığının qorunmasına təkan verdi. 2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət, həmçinin dilin inkişafının təmin edilməsi səlahiyyəti Mədəniyyət Nazirliyinə həvalə edildi”. 

Millət vəkilinin qənaətinə görə, qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsiri fonunda, Azərbaycan dilinin saflığının qorunması daha da aktuallaşıb:

“Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bu çağırış bütün cəmiyyətə ünvanlanmış məsuliyyət mesajıdır. Alimlər, müəllimlər, jurnalistlər, yazıçılar, dövlət qulluqçuları, xüsusilə də gənclər Azərbaycan dilinin normalarına əməl etməli, onu yad təsirlərdən qorumalı və düzgün şəkildə istifadə etməlidirlər. Bu gün Azərbaycan dili beynəlxalq aləmdə tanınan, zəngin lüğət ehtiyatına və yüksək ifadə imkanlarına malik müasir dillərdən biridir. Azərbaycan dilinə sevgi və hörmət milli kimliyimizə, dövlətçiliyimizə və gələcəyimizə bağlılıq ifadəsidir. Dilimizi yaşatmaq isə Azərbaycanı yaşatmaq deməkdir".