Dumanlar içində İŞIQ görünür – Səfər qeydləri + FOTOLAR

Qurtuluşunun 2-ci ildönümünə bir ay qalmış azad Şuşanı canlı görmək nəsib oldu, çox şükür. Qarabağın incisi sonuncu dayanacaq idi, səfərimiz isə Füzulidən başlamışdı.. Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa ilə bərabər Füzuli və Xocavəndin Hadrut qəsəbəsinə də ayaq basmaq qədərimizə yazıldı... 

 Vətən savaşından sonra sadəcə Ağdama getmək qismət olmuşdu. Viran qalmış şəhərin xarabalıqları məndə dərin izlər buraxdığı üçün ikinci səfərimi abadlaşmış Ağdama edəcəyimə söz vermişdim...

Budəfəki səfərimizin məqsədi isə Qarabağda görülən işlərlə, yenidənqurma ilə tanış olmaq idi. “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi “Füzuli, Hadrut və Şuşa” mediaturumuz oktyabrın 7-də baş tutdu. 

Səhər obaşdan, hava işıqlanmamış avtobusumuz Bakıdan yola düşdü. 10:30-da Füzuli rayonunun ərazisinə daxil olsaq da, proqrama uyğun olaraq nəzərdə tutulmuş təyinat nöqtəsinə yarım saat sonra çatdıq. Tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzində fədakar işıqçıların gördüyü işləri izlədik. 

Görülən və görüləcək işlərlə bağlı məlumatlandırıldıq...

Füzulinin azad edilmiş ərazisində Ağdamdakı bənzər "mənzərəni" gördüm. Avtobus hərəkət edərkən dəhşətverici fərqi də açıq-aşkar müşahidə etdik. Torpağın əsl sahiblərinin yaşadığı bölgədə həyat qaynayır, 27 il erməni əsarətində qalmış "ölü" ərazilər isə yerlə-yeksan olmuş, xarabazara çevrilmişdi. Baxılası, dözüləsi deyildi.. 

Həmkarımızdan biri səhralığa çevrilmiş Füzulinin onu hədsiz kövrəltdiyini söylədi. O, Füzuliyə ayaq basdığında deyil, axşam geri dönəndə kövrəlmişdi.. 

Füzulinin ağ və qara rəngi Azərbaycanla Ermənistan arasındakı kəskin fərqi də bütün çılpaqlığı ilə göz önünə sərirdi.. Ağ tərəfdə azərbaycanlılar daim qurub, dirçəldib, işıqlandırıblar. Qara tərəfdə isə ermənilər dağıtmış, yandırmış və məhv etmişdilər..
 
Növbəti dayanacağımız Xocavəndin Hadrut qəsəbəsi oldu. Tikintisi davam edən “Hadrut” qovşaq yarımstansiyası ilə tanışlıq göstərdi ki, Qarabağda "Azərişıq"ın fəaliyyəti zəruri olduğu qədər, həm də fədakarcasınadır. 

Şuşanı sadəcə 37 günə işıqlandıranlar da "Azərişıq"ın işıq saçan, gecə-gündüz çalışan əməkdaşlarıdır. Ən vacib işi görürlər. Qaranlığa işıq olmaqdan gözəl nə var? 

Hadrutda qələbəyə gedən yolun kənarındakı məşhur daşı, bayraqlaşmış qaya parçasını da ziyarət etməyi özümüzə borc bildik. Üçrəngli bayrağımızın rəngləri bəlkə də heç bir daşa bu qədər gözəl yaraşmazdı... Hadrutdakı yolkənarı daş sanki bayraqlaşmaq üçün "doğulmuşdu"...  

Şəkil çəkdirməklə aram yoxdur, getdiyim yerlərin əksəriyyətindən fotosuz qayıtmışam. Hadrutda, Şuşada isə fotolaşmaq üçün qeyri-ixtiyari növbə gözləyir, özçəkimlər edirdim.. Görünür, ən dəyərli anlarımın fotolarda tarixləşməsini istəmişəm.. 
Hadrutun azadlığı psixoloji baxımdan ermənilərə böyük zərbə olmuşdu. Təcavüzkar düşmən bu məğlubiyyətdən sonra özünə gələ bilməmiş və Azərbaycan Ordusunun Şuşaya yolu açılmışdı.. 

Jurnalist qafiləsinin də sonrakı hədəfi Şuşada işıq adamların növbəti əsərini görmək idi..

Xan Şuşinskinin gözəl qızla müqayisə etdiyi əsrarəngiz Şuşa bizi məşhur mahnıdakı kimi “başı dumanlı” qarşıladı. Göz-gözü görməsə də, ovqatımız xoş idi, sevincli, qürurlu idik. Addım başı ölməz şəhidlərimizin ruhunu sayğı ilə anır, qəhrəman qazilərimizə bir ömür minnətdarlıq ifadə edirdik.

 Şükran duymamaq olarmı? Biz şərəflə yaşayaq deyə canlarını fəda ediblər.. 

Şuşanın daş döşənmiş yollarında da addımladıq, ilk səfərin təəssüratlarını bölüşdük. Molla Pənah Vaqifin məqbərəsini ziyarət etməyi də unutmadıq. “Azərişıq”ın Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi və şəhərdə görülən işlərlə ətraflı tanışlıqdan sonra üzü Bakıya, evə yönəldik..

Bir daha əmin olduq ki, işıqlanan Qarabağda bizi işıqlı gələcək gözləyir. Yol boyu sıralanan elektrik dirəkləri öz çiyinlərində işğaldan azad edilmiş bütün ərazilərə işıq daşıyır, qaranlığa nur saçırlar..

Qarabağ hər mənada işıqlanır, Tanrı işığımızı söndürməsin!