"Uşaqlara tərbiyə vermək adı ilə fiziki şiddətdən istifadə etmək olmaz"
"Hökumətin hazırladığı qanun layihəsinə uşaqların müdafiəsi ilə yanaşı, maddi təminat da əlavə edilməlidir"
Uşaqlar cəmiyyətin qiymətli üzvləridir. Onlara verdiyimiz hər bir qiymət gələcəkdə yetkin fərd kimi formalaşmasına səbəb olacaq. Lakin son dönəmlər dünyada baş verən dəhşətli hadisələr yeniyetmələrin təhlükəsizliyini təhdid altına salıb. Müharibələrin və silahlı qarşıdurmaların qurbanlarından biri də uşaqlardır. Məsələ yalnız bununla kifayətlənmir.
Gündəlik qayğılarımızın əsas diqqət mərkəzində uşaqlar olmalı ikən, tez-tez onların zorakılığa məruz qalması ilə bağlı xəbərlərlə qarşılaşırıq. Problemin ciddiliyi hökumətin diqqət mərkəzindən kənarda qala bilməzdi. Prezident İlham Əliyev ötən gün, “Uşaq hüquqları haqqında” yeni qanun təsdiqləyib. Artıq uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilir. Onların azadlıq və şəxsi toxunulmazlıq hüquqları genişləndirilir. Qanuna görə uşağı gizlicə izləmək, onun şəklini və videosunu çəkmək və səsini yazmaq olmaz. Yer alan məsələlərdən biri də zorakılıqla bağlıdır. Yeniyetmənin şiddətə məruz qalmasına şahid olan hər kəs, peşəsindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarına məlumat verməyə borcludur.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, uşaq hüquqlarının genişləndirilməsi və rifahının yaxşılaşdırılması dünyada sosial siyasətin əsas hədəflərindən biridir:
“Azərbaycan hökuməti də bu məsələni nəzərə alaraq qanunvericilik sistemində müvafiq dəyişikliklər edib. Uşaqların yaşından və cinsindən asılı olmayaraq fiziki və psixoloji təzyiqlərə məruz qalması qanunla yolverilməz sayılır. Uşaq hüquqları çərçivəsində nəzərdə tututlan bu tip məsələlər onların sosial cəhətdən yetkin fərd kimi yetişməsinə töhfə verəcək. Nəhayət, hər kəs uşaqlara qarşı törədilən zorakılıq halları ilə bağlı hüquq-mühafizə orqanlarına rahatlıqla müraciət edib, şikayətini bildirə bilər”.
Sosioloqun sözlərinə görə, şiddətə məruz qalan uşaqlar travma almaqla, şəxsiyyət pozuntusu ilə üzləşirlər:
“Məsələn Türkiyədə iki gün ard-arda təhsil ocaqlarında yeniyetmələr tərəfindən silahlı insident baş verdi. Elə travmalar var ki, gələcəyi gözləmir, birbaşa uşaq yaşlarında ortaya çıxır. Uşaqlara tərbiyə vermək adı ilə fiziki şiddətdən istifadə etmək olmaz. Çünki zorakılıq qarşı tərəfdə şiddətin formalaşmasına yol açır. Valideynlər düşüncəli və anlaqlı davranış üsulları ilə övladlarına nümunə olmalıdır. İnsanın başqaları üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir”.
N. Niftəliyev qeyd edib ki, uşaqlarda vətənpərvərlik duyğusu yalnız bir hiss kimi deyil, həm də milli şüur səviyyəsində formalaşdırılmalıdır:
“Yeniyetmələrin beyni az məlumatla yükləndiyi üçün kənar təsirlərə daha meylli olur. Onlarda sağlam düşüncə tərzinin formalaşdırılması milli-mənəvi duyğuların yaranmasına yol açacaq. Bu məsələ şəxsi toxunulmazlıqla təmin olunduqda, güclü Azərbaycanla qarşılaşacağıq. Hökumətin hazırladığı qanun layihəsinə uşaqların müdafiəsi ilə yanaşı, maddi təminat da əlavə edilməlidir. Valideyn himayəsindən məhrum olan uşaqlara dair mövcud dövlət proqramlarının, digər kateqoriyadan olan yeniyetmələrə də şamil olunması təmin edilməlidir”.
Ekspertin qənaətinə görə, uşaqlara ailələri ilə yanaşı, dövlət strukturlarının da onların arxasında dayandığını hiss etdirmək olduqca vacibdir:
“Təcrübə göstərir ki, uşaqların tərbiyəsində dövlət və ailə birliyi əsasında yaranan sosial həmrəylik, cəmiyyət üçün yetkin şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Belə olduqda, yeniyetmələr qarşılarındakı şəxsin də insan olduğunu dərk etməyə başlayırlar. Uşaqların əlindən azadlıq və hüquqlarının alınması onların özünəinamının azalmasına, sosial münasibətlərdə çətinliklər yaşamasına və emosional sabitliyin pozulmasına səbəb ola bilər. Onlar üzərində qurulan nəzarət mexanizmi azadlıqlarının qorunmasına xidmət etməlidir”.