Ermənilər ruslara güvənib qarşımızı kəsirlər

Bakı 2022-ci ilin sonunadək ciddi addımlar atmalıdır
Ötən gün Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə mane olublar. İnsidentə rus sülhməramlıları da müdaxilə edib. Yayılan videogörüntülərdən görünür ki, yük maşınlarımızın önünü kəsən bir qrup erməni uzun müddət rus sülhməramlısı ilə “müzakirə” aparır. 
Ermənilərlə bağlı hiddət doğuran hadisələrin ilk dəfə baş vermədiyinə diqqət çəkən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə açıqlamasında ermənilərin ruslardan cəsarət aldığını bildirib. Partiya təmsilçisi qeyd edib ki, indi Xankəndi və ətrafında özlərini “yer sahibi” kimi aparan erməni separatçıları 44 günlük müharibə dönəmində qaçmağa fürsət axtarırdılar: “Azərbaycan Ordusunun qabağından dovşan kimi qaçan ermənilər indi ruslara güvənib qarşımızı kəsirlər. Erməni quldurlarını ürəkləndirənlər onları yenidən Qarabağa qaytarmış rus sülhməramlılarıdır. Nəinki yolumuzu kəsiblər, hətta əsgərlərimizin üzərinə qumbara atmağa belə cəsarət ediblər. Gördülər ki, separatçılar cəzasını almır, ruslar onlara arxa çıxır, təxribatlarını davam etdirdilər. Əlbəttə, göz yummaq olmaz, torpaqlarımızda qarşımızı kəsmək səlahiyyətinə sahib olduğunu düşünən ermənilərə ən sərt cavab verilməlidir. Ümumiyyətlə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə nəzarəti ən qısa zamanda ələ almaq lazımdır. Rəsmi Bakı 2022-ci ilin sonunadək ciddi addımlar atmalıdır”.