Ermənilərə siyasi sillə: Fransa parlamentinin spikeri Ermənistanda  həqiqəti dedi 

"Fransa Milli Assambleyasının sədri Yael Braun- Pive İrəvanda ermənilərə həqiqəti deməyə məcbur oldu!".

"Sherg.az" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. 

Ekspert bildirib ki, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin səfərinin ardından, bu dəfə Fransada yaşayan ermənilər yaxşı bir pul mükafatı müqabilində Milli Assambleyanın sədrinin Ermənistana səfərinə nail olublar: 

"Lakin, səfərin yekunlarına dair mətbuat konfransı zamanı, hazırda Ermənistan hakimiyyətinin ən çox ümid etdiyi dövlət , BMT TŞ-nın üzvü Fransanın nümayəndəsi Makrondan fərqli olaraq həqiqəti deməyə vadar oldu. Baxmayaraq ki, hazırda həmin xanımın  təmsil etdiyi parlament 2 il əvvəl Qarabağla bağlı bəyanatda tamamilə əksini bildirirdi. Jurnalistin sualına cavab verən Yael Braun- Pive Fransanın beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağı müstəqil respublika kimi tanımadığını bəyan etdi. Paşinyan da, 3 gün əvvəlki çıxışında Dağlıq Qarabağın hamı tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanındığını qeyd etmişdi.  Xatırladım ki, Paşinyanın mətbuat konfransı zamanı separatçılarla bağlı müxtəlif açıqlamaları Ruben və Nikol arasında münasibətləri daha da gərginləşdirib. Hazırda hər iki tərəfin media resursları və hakimiyyətinin üzvləri bir-birini günahlandırmaqla məşğuldurlar. Hətta iş o yerə çatıb ki, Vardanyan çıxışların birində Sarkisyan- Köçaryan seçicilərini "Arsaxın" yanında olmağa və mübarizə etməyə çağırıb. Fransa parlamentinin spikerinin Ermənistanda Qarabağla bağlı verdiyi bəyanat bütün dünyadakı erməniləri yuxudan ayıldan siyasi sillə olmalıdır. Nə Rusiya, nə Fransa, nə İran separatçıları müstəqil qurum kimi tanımır. 
Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Hazırda Vardanyan kloununun fəaliyyəti isə, yerli əhalinin istismarı  və bədbəxtçiliyi üçün atılan addımlardan başqa bir şey deyil".