“Ermənistanın cinayətlərinə dair sübutlar əlimizdədir”

“Topladığımız materialları beynəlxalq məhkəmələrə təqdim edərək Ermənistanın cəzalandırılmasına, məsuliyyətə cəlb olunmasına çalışacağıq”
“Azərbaycana dəymiş ziyan Ermənistan tərəfindən mütləq ödənilməlidir. Beynəlxalq məhkəmələr İrəvanı buna məcbur etməlidir” 
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində çoxsaylı sosial-iqtisadi obyektlər məhv edilib, ölkə iqtisadiyyatına ciddi ziyan vurulub. Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər yetirilib. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını tam təyin etmək praktiki olaraq mümkün deyil. Çünki talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.
Ermənistan hakimiyyəti əzəli ata-baba torpaqlarımızı işğal altında saxladığı onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyublar. Vəhşiliyin, nifrətin və vandalizmin tam mənzərəsi isə həmin ərazilərin işğaldan azad edilməsindən sonra bizə, eləcə də dünyaya bütün çılpaqlığı ilə aydın olub. Əlbəttə ki, belə miqyasda dağıntılar müharibə zamanı törədilə bilməzdi. Cinayətkar, talançı və işğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər. Ermənilər Azərbaycan xalqına məxsus təbii sərvətləri də talan edirdilər. Sirr deyil ki, bir çox xarici şirkətlər onlara bu işdə yardım göstəriblər. 
Erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri cinayətlər barədə ötən gün Prezident İlham Əliyev də danışıb. Dövlət başçısı bildirib ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalıb: “Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan ediblər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas edib. Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur”. Ölkə rəhbəri vurğulayıb ki, ermənilər eyni çirkin əməlləri Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal sonra da ediblər: “Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq üçün, iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd əməllər üçün istifadə etmişdilər. Onlara məxsus olmayan, azərbaycanlıların tikdirdikləri və onların qanunsuz yaşadıqları evləri məhv edib, yandırıb, ağacları kəsib, yandırıblar. Bütün əşyaları ya məhv edib, ya da ki, söküb aparıblar. Bu biabırçı kadrlar xarici kanallar vasitəsilə də görüntüləndi”. 
Dövlət başçısı vurğulayıb ki, biz indi bütün hüquqi prosedurlara start vermişik. Bir cinayət də cavabsız qalmayacaq: 
“Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”. 
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə açıqlamasında bu məsələnin çox aktual olduğunu deyib. Ekspert bildirib ki, 30 illik erməni işğalı zamanı torpaqlarımızda daş üstə daş qalmayıb: 
"Düşmən hər yeri viran qoyub. Bütün infrastruktur, tarixi-dini abidələr yerlə-yeksan edilib, ekologiyaya böyük ziyan vurulub. Ümumilikdə erməni təcavüzü nəticəsində Azərbaycana milyardlarla dollar zərər dəyib. Vətən müharibəsindən sonra işğal müddətində torpaqlarımıza dəymiş ziyanın tam hesablanması istiqamətində ciddi işlər görülüb. 
Proses beynəlxalq təşkilatlar, BMT-nin faktaraşdırıcı missiyası ilə birlikdə həyata keçirilir. Ermənistanın bütün cinayətləri ilə bağlı dəlil-sübutlar, faktlar əlimizdədir. Topladığımız materialları beynəlxalq məhkəmələrə təqdim edərək Ermənistanın cəzalandırılmasına, məsuliyyətə cəlb olunmasına çalışacağıq. Azərbaycana dəymiş ziyan Ermənistan tərəfindən mütləq ödənilməlidir. Beynəlxalq məhkəmələr İrəvanı buna məcbur etməlidir”. 
Ə.Şahidov bəyan edib ki, hazırda Azərbaycan-Ermənistan arasında sülhün imzalanması prosesi gedir. Ermənistan rəhbərliyi etirazlara rəğmən, konkret mövqe sərgiləməyə çalışır: 
“Sərhədlərin müəyyənləşməsi ilə bağlı ikitərəfli komissiyaların təşkil olunması istiqamətində işlər görülür. Yəqin ki, yaxın aylarda tərəflərin ilkin görüşləri reallaşacaq. Ancaq sülh imzalansa belə Azərbaycan haqlı tələblərindən əsla vaz keçməyəcək. 
Azərbaycan 30 il ərzində mənəvi itkilərlə yanaşı, maddi zərər də görüb. Bunun ödənilməsi mühüm şərtlərdən biridir. Düşməndən kompensasiya tələb edən ilk ölkə biz deyilik, dünyada praktika var. 
Müharibədən çıxmış ölkələr qısa zaman sonra barışsalar da, qarşı tərəf vurduğu ziyanı ödəmək öhdəliyini üzərinə götürür. Azərbaycanın tam haqqı çatır ki, sülhə hazırlıqla yanaşı, erməni vandalizmini dünyada ifşa etsin və təzminat tələb etsin. Bunu təmin etmək üçün hüquqi prosedurlar var. Ümid edirik, beynəlxalq məhkəmələr ədalətli qərar verəcək”.