Ermənistanın keçmiş hərbi xuntası ətrafına terrorçuları toplayıb

“İrəvanın küçələrində “Artsax” deyə bağıran terrorçu Ambik Sasunyanın yolu Qarabağa düşərsə, güc strukturlarımız onunla nə edəcəklərini yaxşı bilirlər”

Ermənistan polisi İrəvanda ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb. Hüquq müdafiəçisi Ruben Melikyan bildirib ki, Sasunyan İrəvanda Baş nazir Nikol Paşinyana qarşı aksiyalara qatıldığı üçün polis bölməsinə aparılıb. Lakin naməlum səbəblərdən terrorçu Ambik Sasunyan sərbəst buraxılıb. 

Məlumat üçün bildirək ki, Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə federal məhkəmə ona həbsdən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı yaradıb. Terrorçu 18 aydan sonra yeni petisiya hüququ əldə edib. 2021-ci ilin oktyabrında azadlığa buraxılaraq Ermənistana qayıdıb. 

Millət vəkili Sahib Alıyev deyib ki, Azərbaycanla sülhün əleyhinə çıxan Ermənistanın keçmiş hərbi xuntası öz ətrafına terrorçuları toplayıb. Deputatın sözlərinə görə, etiraz aksiyasında iştirak edən Ambik Sasunyanın polisə aparılması və bir neçə saatdan sonra milləti qarşısındakı “xidməti” nəzərə alınaraq buraxılması xuntanın kimlərlə iş tutduğunu ortaya qoyur: 

“ASALA terrorçusu Sasunyan Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanı qətlə yetirmişdi. O, apelyasiya vermək hüququ tanınmamaq şərtilə ömürlük həbs edilsə də, ABŞ məhkəməsi erməni terrorçularına yanaşmada indiyədək yürüdülən siyasətə uyğun olaraq onu sərbəst buraxıb. 

Azadlığa çıxan kimi Ermənistana gəlib və köhnə əməllərini davam etdirmək niyyətinə düşüb. Amerika məhkəməsinin onu azadlığa buraxmasını gələcəkdə törədəcəyi terrorlara verilən xeyir-dua kimi qiymətləndirmək olar.

Əgər İrəvanın küçələrində “Artsax” deyə bağıran bu terrorçunun yönü Qarabağa düşərsə, güc strukturlarımız onunla nə edəcəklərini yaxşı bilirlər”.