"Forbes" jurnalı yazır: Zəngəzur dəhlizində gizlənən super güc


ABŞ-nin “Forbes” jurnalı Zəngəzur dəhlizinin Türkiyə və dünya ölkələri üçün əhəmiyyətindən yazıb. “Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi İran, Türkiyə, Rusiya və Çində güc balansını dəyişə bilər” başlıqlı təhlildə sözügedən anti-terror əməliyyatının qlobal dünyaya təsir göstərəcəyi və “Ermənistanla Azərbaycan arasında baş verənlər qitələr arasında güc balansını dəyişə bilər” ifadəsi işlədilib. 

"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəşrin təhlilində Azərbaycan və Türkiyənin dəhlizə niyə ciddi yanaşmasından bəhs edilib. Vurğulanıb ki, Ermənistanın ən cənub hissəsində yerləşən əyalət Zəngəzur adlanır: "Bu bölgənin şərqində Azərbaycan, cənubunda İran, qərbində isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası yerləşir. Zəngəzur dəhlizi layihəsi Azərbaycanı bu bölgədən açılacaq quru və dəmir yolu nəqliyyatı ilə birbaşa Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyi hədəfləyən layihənin adıdır. Daha geniş mənada layihə Azərbaycanı Türkiyə ilə birbaşa əlaqələndirmək məqsədi daşıyır".

Ermənistanda Ağrı böhranı: “Bu, bizi məhv etmək deməkdir”

Nəşr vurğulayıb ki, Ankara Azərbaycanın tələb etdiyi Zəngəzur dəhlizi layihəsini müdafiə edir və bunu çox vacib hesab edir: "Layihə Türkiyənin birbaşa Azərbaycana və Orta Asiyadakı türk cümhuriyyətlərinə açılması üçün bir fürsət kimi qiymətləndirilir. İyulun 15-də Türkiyə və Azərbaycanın imzaladığı Şuşa Bəyannaməsi ilə layihəyə yanaşma rəsmiləşib". 
İran, Rusiya və Ermənistanın bu dəhlizə qarşı olduğunu bildirən "Forbes" bu qarşıdurmanın səbəbini bu sözlərlə izah edib: “Lojistik nöqteyi-nəzərdən Azərbaycanda Qarabağ təpələrinə kim nəzarət edirsə, o həssas sərhəd bölgəsinə də potensial olaraq nəzarət edir. Bu, iki türk ölkəsinin yenidən qurmağı qarşısına məqsəd qoyduğu çoxdan kəsilmiş əlaqədir. Dəhliz Mərkəzi Asiyadakı türk respublikalarını Azərbaycandan keçməklə Türkiyəyə birləşdirəcək. Beləliklə, tarixi İpək Yolu dirçələcək”.

Türk ölkələri bir-birinə bağlanacaq 

Əfqanıstanda müharibənin başa çatması ilə Orta Asiyanın geostrateji əhəmiyyət qazandığını bildirən "Forbes" Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hazırda Rusiya, Çin və İranla əhatə olunduğunu, yəni yaxınlıqdan bəhs edib: "Zəngəzur dəhlizi sayəsində Türkiyə və Azərbaycanın bölgədəki blokadanı aradan qaldıracağını xatırladan “Forbes” yazıb ki, taktiki təhlükə yox olduqdan sonra Orta Asiyada türk dövlətləri ilə əlaqə qurulacaq. Türk blokunun formalaşması halında İran, Rusiya, Çin və Ermənistan üçün yeni bir təhlükənin meydana çıxacağını iddia edən "Forbes" Çindəki uyğurlardan Rusiyada Tatarıstana kimi bir çox türk bölgəsinin ayrılaraq müstəqil ola biləcəyindən yazıb".