Gələcəyə hesablanmış uğur: Bu gün onların günüdür
Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi;
2 fevral - Azərbaycan Gəncləri Günüdür. Gənclər Ulu Öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin ildönümünü qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi qeyd edirlər. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb. Bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Deputatın sözlərinə görə, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ulu Öndər müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb:
"Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması təmin edildi. Dövlətin dəstəyi ilə gənclər siyasətinin institutlaşdırılması və gənclər hərəkatının təşkilatlanması davamlı xarakter almışdı. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1999-cu il iyulun 29-da imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərman müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratdı". Parlament üzvü qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafında müstəsna xidmətlərə malikdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”- deyən dövlət başçısı tərəfindən ötən müddət ərzində bu istiqamətdə çoxlu sayda dövlət proqramları və inkişaf strategiyaları qəbul edilib: "Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Ölkə başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Dövlət Proqramları nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq oldu. Bütün bunlar isə Azərbaycanın gələcəyinə xidmət edən mühüm sərmayə hesab edilməlidir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanaraq Fond qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırıldı. Ölkə başçısının gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar cənab Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır".
C.Osmanov vurğulayıb ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar:
"Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib. Ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.