Azər Həsrət: “İndiki mərhələdə hərəkətə keçməyin vaxtı gəlib
Cənubi Azərbaycanda illərdir davam edən siyasi, mədəni və milli təzyiqlər fonunda bölgədə narazılıq getdikcə daha açıq şəkildə səslənir. Bir çox müşahidəçilərin fikrincə, İran daxilində baş verən proseslər və molla rejiminin zəifləməsi Cənubi Azərbaycandakı azərbaycanlılar üçün yeni tarixi mərhələ yarada bilər.
Uzun illərdir ki, İran hakimiyyəti ölkənin ən böyük etnik qruplarından biri olan azərbaycanlıları bir sıra əsas hüquqlardan məhrum etməkdə ittiham olunur. Ana dilində təhsilin qadağan edilməsi, milli fəalların təqib və həbsi, ictimai və siyasi fəaliyyətə görə təzyiqlər, eləcə də mədəni hüquqların məhdudlaşdırılması bu narazılığın əsas səbəbləri kimi göstərilir.
Ekspertlərin fikrincə, hazırkı vəziyyət Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının öz hüquqları uğrunda daha fəal şəkildə səs qaldırması üçün tarixi bir fürsət kimi qiymətləndirilir. Onların sözlərinə görə, uzun illər soydaşlarımıza qarşı törədilən haqsızlıqların, repressiyaların və hüquq pozuntularının beynəlxalq səviyyədə gündəmə gətirilməsi artıq daha ciddi müzakirə olunur.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında bildirib ki, İranın belə sərsəm gediş edəcəyini düşünmürdü:
“Amma hər halda İranın nəsə edə biləcəyini həmişə ağlımızda tutmuşuq. Ona görə də biz davamlı şəkildə belə düşünmüşük, belə danışmışıq ki, İran təhlükəsindən qurtulmağın tək yolu Güney Azərbaycan Cümhuriyyətinin qurulması və müstəqilləşməsidir. Nə qədər ki, fars-molla rejiminin nəzarətində İran İslam Respublikası adlı bir dövlət qalacaq, bu həmişə bizim üçün problem yaradacaq. Azərbaycan nə qədər İrana qarşı yumşaq davransa da, onun maraqlarına zidd heç bir addım atmasa da, Azərbaycanın üzərinə gəlirlər. Bu azmış kimi, indi də dronlarla Azərbaycan ərazisini atəşə tutdular”.
Ekspert qeyd edib ki, Azərbaycanın heç bir təhdid təşkil etmədiyi bir şəraitdə özü çətin vəziyyətdə olan İranın ərazilərimizi atəşə tutması qəbuledilməzdir:
“Bu baxımdan artıq Güney Azərbaycan məsələsinin növbəti mərhələyə daşınmasının vaxtı gəlib. Əlbəttə ki, bu məsələdə bizim güneyli soydaşlarımızın, bütövlükdə İran türklərinin üzərinə böyük bir yük düşür. Onlar hərəkətlənməlidirlər, təşkilatlanmalıdırlar, yəni özləri qərar verməli və talelərini həll etməlidirlər. Eyni zamanda müstəqil dövlət qurub, o cümlədən Azərbaycan Respublikası və qardaş Türkiyə ilə bərabərtərəfli münasibətlər qurmalıdırlar. Sonrakı mərhələdə nə olacaq, necə olacaq – buna artıq gələcəkdə qərar vermək olar. İndiki mərhələdə isə, dediyim kimi, artıq hərəkətə keçməyin vaxtı çatıb. Nə qədər ki, bu rejim qalacaq, nə qədər ki, farsların başçılıq etdiyi dövlətdə yaşayacaqlar, problemləri də davam edəcək. Hələ öz problemləri bir yana, bu fars-molla rejimi həm də qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına problem yaratmağa davam edəcək”.