Hulusi Akarın təşəkkür etməsi qürurvericidir

Sarıqamış döyüşlərində Azərbaycan türkləri Osmanlı türkləri ilə çiyin-çiyinə döyüşüblər


  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında Azərbaycana da təşəkkürünü bildirib. Nazir vurğulayıb ki, Türkiyə “dost, qardaş və müttəfiqlərinin haqlı davasına dəstəyini davam etdirir: 

"Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını ehtiram və şükranla yad edirik”. 

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə deyib ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında Azərbaycan xalqına təşəkkür etməsi qürurvericidir. Partiya rəhbəri qeyd edib ki, iki qardaş ölkənin insanlarının bir-birilərinin dərdinə də, sevincinə də şərik olmasından təbii heç nə yoxdur: 

"Son iki əsrdə tale və zaman Azərbaycan və Türkiyə türklərinin qardaşlığını, birliyini dəfələrlə sınağa çəkib. Ölkələrimiz və xalqlarımız ən ağır sınaqlardan, keşməkeşlərdən üzü ağ keçib gəliblər. Bir əsr öncə Sarıqamış döyüşlərində Azərbaycan türkləri Osmanlı türkləri ilə çiyin-çiyinə döyüşüblər. Həmçinin xalqımız da öz növbəsində mənfur çar Rusiyası tərəfindən əsir götürülən və Nargin adasına sürgün edilən mehmetciklərə sahib çıxıb. Onları həm qida və isti geyimlərlə təmin edib. Həm də bir çox türk əsgərlərinin adadan gizli yolla qaçırılıb Türkiyəyə yola salınmalarına kömək edib. 
Ona görə də türk xalqı və Türkiyə dövlətinin rəsmiləri Azərbaycan türklərinin bu köməkliyini, bu fədakarlığını bu gün də unutmur. Bunun özü də “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsidir. Biz bundan sonra da hər yerdə və hər zaman bir-birimizə dayaq olmağa davam edəcəyik".