İçərişəhərin Qala divarlarının bir hissəsi dağılıb. Bunu əks etdirən görüntü sosial şəbəkələrdə yayılıb. Feysbuk istifadəçisi Nəcəf Əsgərzadə sosisl şəbəkə səhifəsində bu haqda qeyd edib: “ İçərişəhərdə qala divarı uçub. Buna səbəb kimi davamlı şəkildə yağan yağışlar göstərilir. Şəhərdəki kanalizasiya sistemini düzəldə bilməyənlərin tarixi qala divarını qoruması absurd görünür. Bakının qala divarları III Mənuçöhr tərəfindən 1138-1139-cü illərdə tikilib. Deməli, Bakıda 1 həftə səhər-axşam fasiləsiz yağış yağsa 887 illik tarixdən əsər-əlamət qalmayacaq…”
Rəylər də vətənaşların əsəbi və gərgin olduğu görünür.
Kənan Osmanov: - İçərişəhərə yağışdan daha çox zərbəni müasirlik adı ilə orada inşa edilən kafe, restoran və otellər vurur. Yəni bərbad idarəetmə sistemi. Nəyə lazımdır axı o qədər tarixi məkanı bu qədər yüklənmək?
Səbinə Rəfiyeva: - Halbuki 1000 ildə nə qədər belə yağışlar yağıb, Allah bilir, amma bu divarlar bu 1000 ildə belə yarıtmaz idarəçilik görməyib.
Samira Behbudqızı: - İnşəAllah yağış yuyub aparar şəhərimizə qənim kəsilənləri.
Rustem Zeynalov: - Yazıq yağış. Belə getsə bütün qəzaların səbəbini onun üstünə yıxıb, “torbasını tikəcəklər”. Bir də bu yerlərə yağış yağmayacaq.
Samir Raqimov: - Arxasında restoran var, onun kanalizasiya suyudu
Sevda Kəngərli: - Neçə illər bundan əvvəl də elə oralarda nəmişlik var idi, indi yağış oldu günahkar???
Aynur Revan: - Necə əsrdi yağış yağmırdı axı.
Остап Ибрагимович: - Biz də inanırıq...
“Sherg.az” qala divarının dağlmasının hansı amillərlə bağlı ola biləcəyini mütəxəssisdən soruşdu.
Bərpaçı-memar Abdul Hüseynov açıqlamasında bildirdi ki, qala divarlarında daşların qopub düşməsi yağıntılarla əlaqədar ola bilər. Lakin yağıntının qala divarlarına ziyan vura biləcəyi ehtimalı gözdən qaçmamalı idi. Müntəzəm monitorinqlər aparılmalı (bu, ümumiyyətlə bütün tarixi abidələrə aiddir – A.Hüseynov) qala divarlarının hansı vəziyyətdə olduğu müəyyənləşməli və möhkəmləndirmə işləri aparılmalı idi:
- Qala divarları tarixi memarlıq abidəsi olduğu üçün bərpa prosesi xüsusi formada aparılmalıdır. Amma biz sosial şəbəkələrdə yayılmış fotolardan görürük ki, kimlərsə ora cəlb olunub, daşları necə gəldi toplayırlar. Proses bu cür aparılmamalıdır. Dağılmış hissə əvvəlcə konservasiya olunmalı, sonra layihələndirmə aparılmalı, mütəxssislər işə cəlb edilməli, konsilium təşkil olunaraq müzakirələr nəticəsində yekdil rəy əsasında bərpa işlərinə başlanmalıdır.
A.Hüseynov qeyd etdi ki, 14 il əvvəl Qala divarları və bürclərlə bağlı məhz bu şəkildə bərpa layihəsi işlənmişdi:
- Qala divarları, bürclərlə bağlı bərpa layihəsi işlənərkən mütəxəssislər, bizim görkəmli memar Fəxrəddin Miralayev də iştirak edirdi, mən də ərazidə bərpa işləri məşöul olan memar kimi o zaman işə cəlb edilmişdim. Müzakirə edildi, restavrasiya-bərpa işləri necə aparılmalıdır, ondan sonra layihə işləndi. İlkin layihələndirmə işləri zamanı təklif edilirdi ki, divarın aşağı hissəsində nov qoyulsun, təbii ki yağış suyu divar boyu süzülür, harasa axmalıdır, haradansa xaric olmalıdır. Divar boyu axdıqca aşağı hissəsdə ovulma baş verə bilər. Orada nov qoyulması nəzərdə tutulurdı. Yuxarı hissədə də daş elementlər qorunmalıdır, xüsusi bərpa metodu. Dünya praktikasında bu var; divarlara, daşların səthinə xüsusi maye hopdurulur, amma ilkin görkəmi pozmamaq şərtilə. Bu maye yağış suyunu daşlara hopmasının qarşısını alır. Nəmişlik qalır, amma daşları su tədricən yuyub aparmır, ovulmur daşlar. Yağışın intensivliyi erroziya əmələ gətirə bilər. Amma bu nəzərə alınaraq möhkəməndirmə işləri aparılmalı və divarın yağış suyunun mənfi təsirinə məruz qalmamasının qarşısı alınmalıdır. Qala divaralrını qorumaq olar, bərpa-rekonstruksiya prosesinə dəqiqliklə əməl edilsə. Biz memarlar hər hansı tarixi abidənin qarşısından keçəndə onun nə vəziyyətdə olduğunu görürük. Qala divarlarının həm aşağı hissəsini, həm də yuxarı hissəsini, daşların səthini qorumaq mümkündür.
A.Hüseynov bildirdi ki, qala divarından qopmuş daşlar – üst səthdən çıxan daşlar nömrələnməli, eyni qaydada yığılmalıdır ki, hər bir daş sonradan öz əvvəlki yerinə qoyulsun:
- Ola bilər hansısa daş ovulub, onu təkrar divara hörmək mümkün düeyil artıq, belə olan halda həmin daşa oxşar, eyni teksturalı daş olmalıdır mütləq, divarın ümumi görüntüsü pozulamsın, yamaq kimi görünməsin. Divara təsir edən müxtəlif səbəblər var. Bu, yağış da ola bilər, başqa amillər də. Görünən budur ki, Qala divarlarının yuxarı hissəsi ezolyasiya olunmur və ya pis izolyasiya olunur. Monitorinq qrupu mütəmadi baxış keçirməliydi. Hər 5-8 ildən bir təkrar bəpra işləri aparılmalıdır. Dağınıtıya İçərişəhər küçələri ilə hərəkət edən avtomobillərin vibrasiyası da təsir edir. Biz illər əvvəl İçərişəhərdə sürətin azaldılması təklif etmişdik. İnsanlar vibrasiyanı hiss etməyə bilər, amma daşlar bunu hiss edir və bu tarixi abidələr üçün təhlükə deməkdir. Digər amil İçərişəhərdə təşkil edilən şənliklərdir. Səsin desibeli normadan yüksək olur. Səs kirliliyinə qarşı da müəyyən limit olmalıdır. Tarixi memarlıq abidələrinə mənfi səs təsir göstərir. Bunun qarşısı alınmalıdır.
Yekun olaraq bildirim ki, konservasiya, layihələndirmə, bundan sonra bərpa işləri görülməlidir. Tez-tələsik “gəlin, daşları yerinə qoyaq”, bu düzgün deyil. Mütəxəssislər toplaşmalı və təkliflər səslənməlidir. Yağış sularının xaric edilməsiylə bağlı nə təklif edilir? Xüsusi konstruksiya olmalıdırmı, hansı variantda? Necə ki bu, 14 il əvvəl edildi. İndiki halda prosesin düzgün aparılmadığı görünür. Hörgüdə original daşlar da var, bərpadan sonra qoyulan daşlar da. Hansı ki əvəz edilib ovulmuş daşların əvəzinə. Hansı daş harada olub, hara bərkidilib, bunlar layihədə dəqiq göstərilməlidir ki sabah hansısa bir proses baş verdikdə layihə sənədini arxivdən qaldırıb prosesin necə aparıldığı məlum olsun. Polşanın Krakov şəhərində 1820-ci ldə tikilmiş bina necə bərpa və ya rekonstruksiya edilib, baxsınlar. İçərişəhər Dövlət Tarixi-memarlıq Qoruğudur. Onun xüsusi rejimi olmalıdır. Bu, çox ciddi məsələdir. Monoitorinqlər, təmir-bərpa işləri mütəmadi aparılmaldıır. Çünki İçərişəhər göz önündə olan tarixi abidədir.
P.S.
Memarlar tarixi abidələrin hansı vəziyyətdə olduğunu görür. Nə yazıq ki, restoran-kafe və şənlik həvəskarlarının görmık istədiyi ancaq qazanc, gəlirdir. Zatən Qala divarları restoranlardan görünməz haldadır. Necə görsünlər ki?!.