- Mirvari Qəhrəmanlı: “Problem qeyri-peşəkar kadrlardadır”
- “Sanki abonentləri qəsdən qıcıqlandırırlar”
- “Qohumbazlıq və naşı kadrlar kommunal sahəni iflic edir”
Qış gəlməmiş işığın, qazın, suyun kəsilməsi başladı yenə. Hərçənd bu hal biz vətəndaşları hövsələdən çıxarmamalıdır, çünki “Azəriqaz” da, “Azərenerji” də, “Azərsu” da fasilələrin qışa hazırlıq məqsədilə təmir işləri səbəbindən yarandığını bildirir. Amma əsəbiləşirik və hövsələdən çıxırıq, ona görə ki, “qışa hazırlıq” bitmək bilmir.
Yəni, paytaxtda nə qədər qaz borusunun, nə qədər elektrik transformatorunun təmirə ehtiyacı var ki, bu işlər il uzunu aparılır və hər dəfə də “keyfiyyətli xidmət” naminə elan verilir. Keyfiyyətli xidməti isə heç görmürük. Abonent hər ayın ilk günlərində təbii qaza və elektrik enerjisinə görə sabit tarif ödəyir. Bu, işlətdiyi, sərf etdiyi qazın və işığın pulundan əlavə ödənişdir. Amma nə təmir işləri bitir, nə də qazın və işığın verilməsində fasilələr aradan qalxır.
Məsələn, “Azərişıq” ASC tərəfindən 2026-cı ilin əvvəlindən indiyədək Yasamal rayonunun Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələrində transformator məntəqələrinin yenilənməsi, təmir və təftiş işləri ilə bağlı bir neçə dəfə iş aparılıb və abonentlərin işığı kəsilib. Təkcə oktyabrın 7-dən 21-dək olan müddətdə Yasamal rayonunun ayrı-ayrı ərazilərində 5 dəfə təmir-təftiş işləri aparılıb. A. M. Şərifzadə, H. B. Zərdabi küçələrində və Qanlı göl ətrafındakı ərazilərdə müxtəlif işlər görülüb. Qeyd olunan tarixlərdə, deyilənə görə, adətən günorta saatlarında elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər tətbiq edilib.
Təkcə Yasamal rayonunda deyil, Binəqədi, Nizami və Xəzər rayonlarında da qaranlığa qərq olan ərazilərdə analoji təmir-təftiş və, deyilənə görə, yenidənqurma işləri aparılıb. Bu nə deməkdir? Paytaxtda saz vəziyyətdə olan elektrik transformatoru yoxdur, hamısı yenilənməlidir? Bəs indiyədək, bu illər ərzində nə alınıb, nələr dəyişib? Hər nə qədər “keyfiyyətin artırılması”ndan danışsalar da, bu, hiss olunmur.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Sherg.az-a açıqlamasında bildirdi ki, istər elektrik enerjisinin, istərsə də təbii qazın verilişində tez-tez fasilələrin yaranması və buna təmir-təftiş işlərinin səbəb olması kadrların bacarıqsızlığının, səriştəsizliyinin nəticəsidir:
– Nəinki payız-qış aylarında, demək olar ki, ilin bütün fəsillərində və vaxtaşırı elektrik enerjisinin, təbii qazın, eləcə də suyun verilişi ilə bağlı kəsintilər, fasilələr yaranır. Qışda qaz kəmərlərini, elektrik transformatorlarını təmir edirlər, yayda da su borularını. Bütün bu problemlərin yaranmasının səbəbi qeyri-peşəkar kadrların işə cəlb olunmasıdır. Kənardan baxanda təəccüblü görünür: bu qədər ixtisarlar, yerdəyişmələr aparılır, amma peşəkarların əvəzinə qeyri-peşəkarlar işə qəbul edilir. “Azəriqaz” yayda görməli olduğu işi qışda görür, “Azərenerji”də də həmçinin. Sanki qəsdən abonentlərdə qıcıq yaratmağa çalışırlar. Bəzən xəbərdarlıq edilmir, ya da gec məlumat verilir, abonentlər xəbərsiz qalırlar. Əvvəlcədən xəbərdarlıq mütləq edilməlidir ki, təhlükəli hallar yaranmasın.
Qohumbazlıq, tanışlıq yolu ilə işə qəbul edirlər, naşı adamlar idarəetməyə gətirilir, nəticə də budur. Kadr siyasəti indiyədək belə olmamışdı. Əvvəl kadr yetişdirilirdi, hazırlanırdı. Təcrübə keçirdilər, sonra vəzifəyə gətirilirdilər. Kadrlar yerində olsa, belə problemlər də yaranmaz. Nəzarət də yoxdur. Hər bir dövlət qurumu üzərində nəzarət olmalıdır. Amma boşluq var. Süstlük əmələ gəlib. Kadr islahatları düzgün aparılmır. Kommunal sahə xüsusi əhəmiyyət daşıyır. Bu sahəyə xüsusi diqqət ayrılmalıdır, peşəkarlar işə cəlb edilməlidir ki, narazılıq olmasın. İctimai nəzarət də sıfıra enib deyə qurumlar istədikləri kimi işləyir, məsuliyyət də daşımırlar.