İslahat başladı:AMEA-nın fəaliyyəti dövrün tələblərinə uyğunlaşdırılacaq
"Prezidentin fərmanı optimal addımdır. Bu qərar tam dəstəklənir və icrası istiqamətində akademiyanın Rəyasət Heyəti bütün gücünü sərf edəcək"
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Rəyasət Heyətinin üzvləri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib. İclasda Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı ötən gün imzaladığı fərmandan irəli gələn məsələlərin müzakirə olunub.
AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib ki, seçkilər 3 aydan sonra keçirilə bilər. Onun sözlərinə görə, Prezidentin müvafiq Fərmanına əsasən, 3 ay müddətində AMEA-nın nizamnaməsi hazırlanmalıdır və nizamnamə hazırlandıqdan sonra buna uyğun olaraq AMEA-da prezident seçkiləri keçiriləcək. Akademik xatırladıb ki, Akademiya yarandığı gündən bəri prezident Ümumi Yığıncaqda seçilir: “İclasda Nizamnamə komissiyasına görüləcək işlər barədə tapşırıqlar verildi. Nizamnamə hazırlananda akademiyanın tarixi ənənələri yəqin ki, olduğu kimi saxlanılacaq. Prezidentin son Fərmanı elm və ali təhsilin inkişafına böyük xidmət göstərəcək.
“Son dəyişiklik AMEA-nın işinin tənzimlənməsinə xidmət edəcək”
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bir sıra elmi müəssisə və təşkilatların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsinə münasibət bildirib. O deyib ki, bu, AMEA-nın elm və istehsalat qurumlarının işinin tənzimlənməsinə xidmət edəcək: “Bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı qərar qəbul edilməyib. İnstitutların bir çoxu Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün onların əksəriyyətinin Rəyasət Heyəti aparatının tərkibində qalması mənasızdır”. O qeyd edib ki, əlbəttə ki, Rəyasət Heyəti aparatının tərkibində müəyyən qədər işçi qalacaq.
AMEA-nın gələcək fəaliyyəti necə olacaq?
Vitse-prezident jurnalistlərə açıqlamasında deyib ki, Akademiyanın tərkibində olan institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə onların idarə olunmasında cavabdehlik daha çox nazirliyin üzərinə düşür: “Onlara elmi-metodiki köməklik göstərmək isə Akademiyanın fəaliyyət istiqamətləri sırasındadır. Xüsusən elmi istiqamətlərin, proritetlərin müəyyən olunması, istiqamətlənidirilməsi AMEA tərəfindən yerinə yetiriləcək. Eyni zamanda AMEA bundan sonrakı fəaliyyəti dövründə elm sahəsində qiymətləndirmə, ekspertiza məsələlərini ölkə üzrə həyata keçirmək səlahiyyətlərini də qoruyub saxlayıb. AMEA bununla bağlı işləri təkcə öz tabeliyində olan qurumlarda deyil, digər institutlarda da həyata keçirmək səlahiyyətinə malikdir”.
“Yaxın istiqamətlərin birləşdirilməsi indiki dövrün reallığıdır”
İ.Həbibbəyli bildirib ki, bir çox ölkələrdə Elm və Təhsil Nazirliyi və yaxud Elm və Təhsil Komitəsi, bəzi ölkələrdə Elm, Təhsil və İdman Nazirliyi, digər ölkələrdə isə Elm,Təhsil, İnnovasiyalar, İdman və Gənclər Nazirliyi kimi formatlar mövcuddur: “Hətta inkişaf etmiş ölkələrdə bir nazirliyin statusunda və ya əhatə dairəsində yaxın istiqamətlərin birləşdirilməsi indiki dövrün reallığıdır. Çünki artıq isbat olunub ki, bir-birinə yaxın olan sahələrin qarşılıqlı inteqrasiyasına nail olmadan real elmi nəticə əldə etmək mümkün deyil. Prezident İlham Əliyevin imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin yaradılması dünya təcrübəsində özünü təsdiq etmiş son illərin mühüm reallıqlarından biridir. Bundan əlavə, ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək”.
“Olana qane olmaq yox, daha da irəliyə getmək, inkişaf etmək lazımdır”
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev deyib ki, həyat bir yerdə dayanmadığı kimi, elm də bir yerdə dayanmır: “Yeni çağırışlar, yeni problemlər ortaya çıxır. Son vaxtlar Respublikanın həyatında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı elmin də qarşısında, o cümlədən AMEA-nın da qarşısında yeni vəzifələr qoyur. Fərmanla əlaqədar olaraq AMEA bütün gücünü sərf edəcək ki, elmin irəliyə daha böyük addımlarla getməsini təmin etsin. AMEA-nın uğurları az deyil. Bunu etiraf etmək lazımdır. Amma bir yerdə dayanmaq özü geriyə getməyə bərabərdir. Ona görə biz hesab edirik ki, olana qane olmaq yox, daha da irəliyə getmək, inkişaf etmək lazımdır. Bu baxımdan ali təhsillə elmin birgə inteqrasiyası, bunun real zəmin əsasında olması ümumiyyətlə, Azərbaycanda elmin də, ali təhsilin də inkişafına böyük xidmət göstərəcək. Çünki elmin və ali təhsilin cəmiyyətin inkişafında qoşa qanad olması artıq heç kimdə şübhə yaratmır. Amerika Senatı bu qərara hələ 1960-cı illərdə gəlmişdi. Doğrudan da həyat göstərir ki, elm və ali təhsilin birgə inteqrasiyası, onların yeni səviyyədə qurulması cəmiyyətin inkişafında böyük rol oynayacaq. Mən əminəm ki, AMEA-nın alimləri, elmi işçiləri bütün güclərini sərf edəcəklər ki, bu fərman yerinə yetirilsin”.
“AMEA-nın yeni prioritetləri müəyyənləşdiriləcək”
Dilqəm Tağıyev vurğulayıb ki, strukturda istənilən dəyişiklik ümumi məqsədə - optimallaşmaya və səmərəliliyin artırılmasına xidmət edəcək. Onun sözlərinə görə, bu məqsədlə artıq Rəyasət Heyətində müəyyən addımlar atılıb, bir çox institutlarda attestasiyalar keçirilib: “Bu işlər davam etdiriləcək. Strukturun daha optimal vəziyyətə gəlməsi üçün var gücümüzü sərf edəcəyik”. Akademik AMEA-nın fəaliyyətində baş verəcək dəyişikliklərdən də söz açıb: “Bir daha AMEA-nın elmi istiqamətlərinə baxılacaq, yeni prioritetlər müəyyənləşdiriləcək, adambaşına düşən elmi məhsuldarlıq yüksəldiləcək. Ali təhsil müəssisələri ilə inteqrasiya daha da gücləndiriləcək və alimlərin ali təhsil prosesində iştirakı daha da genişlənəcək. AMEA-ya gələn gənc mütəxəssislər daha peşəkar mütəxəssislər olacaq. Bu istiqamətdə artıq müəyyən işlərə başlanılıb və bu işlər davam etdiriləcək”.
“Prezidentin fərmanını tam dəstəkləyirik”
Akademiyanın digər vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev bildirib ki, iclasda Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və fərmandan irəli gələn vəzifələr ətraflı müzakirə olunub, bundan sonra görüləcək işlər barədə fikir mübadiləsi aparılıb: “Ümumi əhval-ruhiyyə ondan ibarətdir ki, Prezidentin fərmanı optimal addımdır. Bu qərar tam dəstəklənir və icrası istiqamətində akademiyanın Rəyasət Heyəti bütün gücünü sərf edəcək. Fərmandan sonrakı vəziyyəti, təşkilati strukturu, qarşıda duracaq vəzifələr və ümumi statusun müəyyənləşdirilməsi, möhkəmləndirilməsi, mövcud reallıqlara uyğunlaşdırılması əsas məsələlərdəndir”.
“Akademiyanın fəaliyyəti dövrümüzün tələblərinə uyğunlaşdırılacaq”
Rasim Əliquliyev qeyd edib ki, növbəti mərhələdə Elm və Təhsil Nazirliyinin üzərinə düşən vəzifələr müəyyən olunacaq. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunun, Aparatın strukturunun, Rəyasət Heyətinin tərkibinin hüquqi təşkilati məsələləri müəyyənləşdiriləcək, Nizamnamə formasına gətiriləcək və yaxın zamanda Akademiyanın ümumi yığıncağında qəbul olunacaq. Daha sonra Nizamnamənin tələblərinə və digər normativ tələblərdən irəli gəlməklə Akademiyanın fəaliyyəti dövrümüzün tələblərinə uyğunlaşdırılacaq: “Yeniləşən, inkişaf edən, yüksək texnologiyalar cəmiyyyətinə çevrilən Azərbaycan elminə həm ölkə daxilində, həm xaricdə dəstək vermək lazımdır. Mövcud intellektual insan resurslarını nəzərə almaq şərtilə Azərbaycan elminin qarşısında duran vəzifələr müəyyənləşməlidir. Azərbaycan Milli Elmlər Akademiyası yenilənən, təkmilləşən akademiya olaraq Elm və Təhsil Nazirliyi, eləcə də müvafiq qurumlarla sıx əməkdaşlıq etməlidir”.
“AMEA-nın bütün bölmələri saxlanılacaq”
Rasim Əliquliyev əlavə edib ki, AMEA-nın ictimai və humanitar elmlərlə məşğul olan bölmələrinin fəaliyyəti ilə yanaşı, digər bölmələrinin də mövcudluğu yerindədir: “Onlar da fəaliyyət göstərəcək. Hər bir elmi bölmə ölkə üzrə aidiyyəti elmi qurumlarla, ali təhsil müəssisələri və dövlət qurumları ilə müvafiq işlər aparacaq. Bu qurumlar qarşısında, eyni zamanda, burada Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən qurumlardan da söhbət gedir, yeni elmi vəzifələrin müəyyənləşdirilməsi, elmi potensiala uyğun olaraq işin təşkil olunması və əldə edilən nəticənin qiymətləndirilməsi, ölkədə elm üzrə monitorinqlərin aparılması kimi yeni elmi vəzifələrin icrası duracaq”. Akademik vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin inzibati idarəetmə, maliyyələşdirmə, maddi-texniki bazanın gücləndirilməsi və digər işləri həyata keçirəcək: “Amma həmin institutların elmi fəaliyyəti AMEA tərəfindən monitorinq ediləcək. Bir sözlə, AMEA Elm və Təhsil Nazirliyi ilə bu istiqamətdə sıx əməkdaşlıq edəcək”.
“AMEA-da inzibati olaraq kimlərinsə ixtisarından söhbət getmir”
Akademik bəyan edib ki, cənab Prezidentin imzaladığı Fərmanda konkret vəzifələr müəyyənləşdirilib. Onun sözlərinə görə, mövcud intellektual potensialın artırılması, ünvansız problemlərlə məşğul olunmaması, elmdə müəyyən islahatların aparılması zamanın tələbidir: “AMEA öz mövcudluğunu qoruyur. Bugünkü iclasda AMEA-ya müvafiq tapşırıqlar verildi ki, təcili olaraq nizamnamənin yeni layihəsi işlənilsin, AMEA-nın və Rəyasət Heyəti aparatının yeni strukturu ortaya qoyulsun. AMEA yeni şəraitə uyğunlaşır”. O qeyd edib ki, AMEA Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edəcək: “Aparılan islahatlar elmlə təhsilin inteqrasiyasına xüsusi dəstək verəcək.
AMEA alimlərinin tədris prosesinə daha yaxından cəlb olunması, yeni dərsliklərin hazırlanması, yeni biliklərin dərs kitablarına gətirilməsi təhsilin inkişafına da təsir edəcək”. R.Əliquliyev vurğulayıb ki, AMEA-da sadəcə olaraq təşkilati- idarəetmə prinsipləri dəyişir:
“Strukturun dəyişməsi fonunda müəyyən dəyişikliklər təbii ki, gözlənilir. Amma konkret olaraq inzibati olaraq kimlərinsə ixtisarından söhbət getmir”.